Bölgədə vəziyyət gərginləşir: Ermənistan yeni müharibəyə TƏHRİK EDİLİR – FOTO
Siyasət
1773
27 Jan 2025 | 18:45

Bölgədə vəziyyət gərginləşir: Ermənistan yeni müharibəyə TƏHRİK EDİLİR – FOTO

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam edir. Bu barədə görüntüləri “Bez Tormozov” “Telegram” kanalı yayıb.
 
Qeyd edilib ki, İrəvan təxribatçı addımlarından geri çəkilmir və bölgədə vəziyyəti gərginləşdirməkdə davam edir. Hətta Ermənistanın yeni müharibəyə hazırlaşdığı da iddia olunub.
 
Doğrudanmı Ermənistan yeni müharibəyə hazırlaşır? İrəvanı buna təhrik edən nədir? Yeni təxribatlar və ya müharibə olarsa, bu, Ermənistan üçün nə ilə nəticələnə bilər?
 
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Azərbaycan tərəfi Ermənistanın sülh danışıqlarını davam etdirəcəyinə, nəticə olaraq da saziş imzalayacağına ümid edir.
 
Bölgədə vəziyyət gərginləşir: Ermənistan yeni müharibəyə
 
Onun sözlərinə görə, Ermənistan isə 2020-ci ilin 44 günlük Vətən müharibəsindən ötən dövrü ön xəttə mühəndis istehkam qurğuları yaratmağa, sürətli silahlanmaya xərcləyib: “Bu səbəbdən də Ermənistanın indiki mərhələdə də birinci eşelon bölmələrimizin qarşısındakı ərazilərdə, xüsusən də Kəlbəcər və bir neçə istiqamətdə səngər sistemlərinin, dərinləşdirilmiş komanda məntəqələrinin, betonlaşdırılmış bunkerlərin gücləndirilməsini təşkil edib. Həmçinin Ermənistanın birinci eşelon bölmələrinin, müdafiə rayonlarının mühəndis istehkam qurğuları ilə gücləndirilməsi fəaliyyəti həyata keçirilib. Bu da Ermənistan tərəfindən alınan silahların yeni yaradılan mövqelərdə yerləşdirilməsinin planlarıdır. Bildiyimiz kimi, Ermənistan ordusu hücum silahları da əldə edib. Amm İrəvan iddia edir ki, bunlar yalnız özünümüdafiə üçündür. Bu hücum silahları Azərbaycana qarşı istifadə oluna bilər. Bu silahlar sırasında artilleriya və reaktiv yayılım atəş sistemləri də üstünlük təşkil edir. Hazırda bu silahlar yaradılan yeni mövqelərdə yerləşdiriləcək. Onların məqsədi və planı budur. Əgər sülh sazişi imzalanmırsa, bu o deməkdir ki, biz Ermənistanla atəşkəs vəziyyətindəyik. Atəşkəs vəziyyəti də adətən ya sülhə, ya da yeni münaqişəyə çevrilməlidir. Görünən odur ki, İrəvanı silahlandıran, cəsarətləndirən, onunla yeni yol xəritəsində müqavilə bağlayan ölkələr Ermənistanı yeni münaqişəyə sövq edirlər”.
 
Hərbi ekspert qeyd edib ki, 2023-cü ilin 5 aprel tarixində bağlanan sazişdə Avropa İttifaqına inteqrasiya planına, bu il ABŞ ilə imzalanan strateji müttəfiqlik xartiyasına əsaslanaraq, böyük güclər növbəti mərhələdə NATO-nun Şərqə doğru genişlənmə planı çərçivəsində Ermənistanı özlərinə məkan seçiblər: “Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda NATO-nun baş katibi Yens Stoltenberqlə  görüşməsi bu niyyəti açıq şəkildə ortaya qoyur. Ermənistanın üzərinə planlar hazırlayırlar. Region dövlətlərin – Azərbaycanın, Türkiyənin, İranın, Rusiyanın yanaşmalarını nəzərə almadan belə bir plan qurulub. Ermənistanı Rusiyanın təhlükəsizlik çətirinin altından çıxarıb NATO-nun təhlükəsizlik çətirinin altına keçirmək istəyirlər. Belə planlar adətən müharibəyə səbəb olur. Necə ki, bu, vaxtilə Gürcüstanda, Moldovada, Ukraynada baş verib. Ukraynada 1607 gündür müharibədən çıxa bilmir. Dördüncü cəbhə, yaxud coğrafiya olaraq Ermənistan seçilib. Ermənistan hökuməti də buna maraq göstərir. Bu səbəbdən Ermənistanı Azərbaycanla yeni münaqişəyə təhrik edəcəklər. Təsadüfi deyil ki, Avropa İttifaqının “mülki missiyası”nın tərkibi keçmiş hərbçilərdən, kəşfiyyat orqanlarının  strukturlarında xidmət edən heyətdən təşkil olunub. Onlar “binokl diplomatiyası” yolu ilə Azərbaycanın mövqeləri, bölmələrin dislokasiya rayonları haqqında kəşfiyyat məlumatları toplayır, ardınca bu məlumatları Ermənistanın baş qərargahına ötürürlər. Günün birində şərti sərhəddə birinci eşelon bölmələrimizin üzərinə təxribat həyata keçirilməsi gözləniləndir. Bu, atəşkəsin pozulması, diversiya hərəkəti qismində də baş verə bilər. Bütün baş verənləri analiz etsək belə bir qənaətə gəlmək olar ki, Ermənistanın şərti sərhəddə istehkam qurğularını sürətli hazırlaması, səngər sistemlərinin, bunkerlərin, yeni dislokasiya rayonlarının, müdafiə rayonlarının, atəş mövqelərinin hazırlanması heç də İrəvanın sülh sazişi imzalamaq niyyətindən qaynaqlanmır”.
Link kopyalandı!
Son xəbərlər