Siyasət
368
17:40, Bu gün

"Sülh müqaviləsi ilə bağlı cəmi 2 razılaşdırılmayan bənd qalıb" - Elmar Məmmədyarov

Ermənistanın baş naziri Nikol Paşinyan Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan panel müzakirəsində çıxışı zamanı Azərbaycanla sülhün əldə olunması məsələsinə də toxunub. O bildirib ki, Ermənistan “Sülh yollarının kəsişməsi” layihəsi ilə bağlı təklifini irəli sürüb:
 
"Bu təklif regional nəqliyyat kommunikasiyamızı daha səmərəli etməkdən, təkcə Azərbaycanla deyil, Türkiyə ilə də yeni nəqliyyat kommunikasiyaları yaratmaqdan, İran və Gürcüstanla əməkdaşlığımızı dərinləşdirməkdən ibarətdir.
 
Layihə həm də Aİ-yə aiddir, çünki bu plan reallaşarsa, bizim Ermənistan vasitəsilə Avropa İttifaqı üçün yeni marşrutlarımız olacaq. Bu, təkcə iqtisadiyyatın problemi deyil, həm də çox vacib təhlükəsizlik amilidir. 
 
Amma təbii ki, biz Azərbaycanla sabit sülh yarada bilsək, bu layihə işləyəcək, təəssüf ki, indi belə deyil”, - deyə Paşinyan qeyd edib.
 
Mövzu ilə bağlı “Unikal”a açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ilk növbədə sülh sazişi layihəsinin üzərində işləmək lazımdır:
 
"Məndə olan məlumata görə, sülh sazişi ilə bağlı cəmi 2 bənd açıq qalıb. Onları təsdiqləmək lazımdır. 
 
Əsas məsələ isə Ermənistanın konstitusiyası ilə bağlıdır. Paşinyan gah deyirdi ki, bu məsələ ilə bağlı komissiya yaradılıb, 2027-ci ilədək yeni konstitusiya layihəsi hazırlayacaqlar. Bir neçə gün əvvəl isə 2026-cı ildə layihənin təqdim olunacağını və referendum keçiriləcəyini dedi. Ondan sonra sülh sazişinin imzalanması ilə bağlı real danışmaq olar. 
 
Yəqin ki, sülh sazişinin layihəsində nəqliyyat kommunikasiyaları ilə bağlı bənd var: Azərbaycan-Naxçıvan, Türkiyə-Ermənistan yollarının açılması və s.
 
Yüklərin daşınması ilə bağlı isə hər hansı problem olacağını düşünmürəm. Bu barədə hökumətlər arasında danışıqlar olacaq. Gömrükçülər və sərhədçilər isə bu prosesə nəzarət edəcəklər. 
 
Digər tərəfdən, sərnişinlərin daşınması ilə bağlı məsələyə nəzər salsaq, burada təhlükəsizlik amili çox vacibdir. 10 noyabr bəyanatında nəqliyyat nəzarətinin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. İndi isə ermənilər bunu istəmirlər. Bir sözlə, sərnişinlərin təhlükəsizliyi ilə bağlı məsələyə yenidən baxmaq lazım gələcək", - deyə E.Məmmədyarov qeyd edib.
 
Sabiq nazir sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə də münasibət bildirib:
 
"Bu, çətin məsələdir. Delimitasiya və demarkasiya prosesi illərlə davam edir. Misal üçün, Gürcüstanla strateji əməkdaşlıq etməyimizə baxmayaraq, illərdir delimitasiya prosesini yekunlaşdıra bilmirik. 
 
Delimitasiya və demarkasiya işlərini aparan komissiya tərəfindən işlərin şimaldan başlanılması barədə qərar qəbul edildi. Mən vaxtilə təklif etmişdim ki, cənubdan başlayaq. Çünki gec-tez Zəngəzur dəhlizi açılacaq, oradan dəmir yolu və avtomobil yolu keçəcək. Delimitasiya işləri nə qədər tez yekunlaşsa, bu proses də o qədər sürətli davam edə bilərdi.
 
Şimal hissədə isə problemlər var. Elə mənim vaxtımda da gürcülərlə görüşəndə onların bu barədə sualları var idi. İnanmıram ki, delimitasiya və demarkasiya işləri tezliklə qutarsın", - o əlavə edib.
 
Link kopyalandı!
Son xəbərlər