Bizi sosial şəbəkələrdən izləyin:
Qambiya Prezidenti Adama Barrou Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Moderator.az bildirir ki, məktubda deyilir:
"Zati-aliləri. Keçən il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həyatını itirməsi ilə əlaqədar Qambiya Hökuməti və xalqı adından, şəxsən öz adımdan Azərbaycan Hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə və bu faciə nəticəsində zərər çəkmiş insanlarladır. Bu çətin anlarda Qambiya Hökumətinin mənəvi dəstəyi sizinlədir.
Həyatını itirənlərin ruhları şad olsun. Sizə bu ağrı-acılı günlərdə səbir diləyirəm".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.