Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.
Moderator.az xəbər verir ki, görüşdə Azərbaycan ilə "The Goldman Sachs Group Inc." şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ölkəmizlə şirkət arasında 2010-cu ildən uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun "The Goldman Sachs Group Inc." ilə uğurlu tərəfdaşlığının ölkənin maliyyə sektorunun inkişafı və beynəlxalq investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Cared Kohen təmsil etdiyi şirkətin qlobal miqyasda maliyyə və investisiya sahələrində fəaliyyətindən danışaraq, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün böyük maraq kəsb etdiyini və gələcəkdə yeni layihələr çərçivəsində tərəfdaşlığın inkişafı istiqamətində potensial imkanların araşdırıldığını bildirib.
Qeyd edək ki, 1869-cu ildə təsis edilmiş və mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən "The Goldman Sachs Group Inc." investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmət göstərən aparıcı qlobal maliyyə institutudur. Şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif siniflər üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.
14:55
Moderator.az xəbər verir ki, görüş qarşı tərəfin müraciəti əsasında Davos şəhərində reallaşıb.