Azadlığın Qanlı Yanvardan keçən yolu
Siyasət
184
15:16, Bu gün

Azadlığın Qanlı Yanvardan keçən yolu

Ötən əsrin 80-ci illərində Sovet İttifaqı ərazisində qarşısıalınmaz siyasi-iqtisadi və mənəvi-ideoloji təlatümlər yaşanmağa başlamışdı. Yetmiş ilə yaxın ölkədə kommunizm qurulacağına ümid edən və bu məqsədə çatmaq üçün hər cür məhrumiyyətlərə dözən sovet cəmiyyəti getdikcə bu xülyadan daha çox uzaqlaşır, sovet siyasi sisteminin durğunluq, çürümə və iflas mərhələlərini sürətlə addımlayırdı. Sovet ideologiyasının sükanı arxasına keçən Mixail Qorbaçovun islahatlar və yenidənqurma ideyasının da artıq bu siyasi sistemi xilas edə bilməyəcəyi aydın görünməkdə idi. Tarixin bu həlledici zamanında vaxtilə silah gücünə sovet çətiri altına gətirilmiş xalqların düşüncəsində milli dirçəliş ruhu oyanmaqda və əsarətdən qurtuluş imkanları axtarılmaqda idi. Kreml də latent şəkildə cərəyan edən prosesləri izləyir və hər vəchlə qarşısını almaq üçün yollar arayırdı. Lakin Kremlin diplomatiya arsenalında sovet rejiminin icad etdiyi milli münaqişə ocaqları yaratmaq və xalqlar arasında düşmənçilik salmaqla onların milli azadlıq mübarizəsini boğmaqdan başqa bir üsul yox idi.
 
Cənubi Qafqazda bu siyasəti həyata keçirmək daha asan idi. Çünki burada hələ 70 il əvvəl Rusiyanın özü tərəfindən yaradılmış və Rusiya maraqlarının forpostu rolunu oynayan Ermənistan adlı oyuncaq qurum mövcud idi. Kremlin təlimatı ilə Azərbaycan torpaqlarına qarşı təcavüz planını işə salan ermənilər sonda bu məkrli oyunun qurbanı olacaqlarının fərqində deyildilər. Sovet imperiyasını təşkil edən digər xalqlardan fərqli olaraq, onlar hələ də Kremlin mifik qüdrətinə inanır və onun vasitəsilə 100 ildən çox qurmağa hazırlaşdıqları “böyük Ermənistan” xülyasını yaxın gerçəklik kimi görürdülər. Bir tərəfdən siyasi-iqtisadi sistemin çökməsi ilə ağır sosial şəraitlə üz-üzə qalmış Azərbaycanın digər tərəfdən torpaqlarının da işğal olunması təhlükəsi yarananda xalq “olum və ya ölüm” dilemması qarşısında qalmışdı. Lakin xalq nə ölümdən, nə də olumdan geri çəkilmədi, ölərək Vətəni qorumaq, ölərək ata-baba torpaqlarında daimi olmaq uğrunda mübarizəyə qərar verdi.
 
Moskva onun imperialist dayaqlarını laxladan belə bir cəsarəti qəbul edə bilməzdi və Azərbaycan xalqının haqlı tələblərini təmin etmək əvəzinə, onu qan gölündə boğmaq qərarını verdi. “Pusquda dayananların” bu qərarının özü də namərdcəsinə gizlində və gözlənilməz şəraitdə qəbul olundu. Yanvar ayının ortalarında artıq SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilmiş, Qala və “Nasoslu” aerodromlarında, Respublika Stadionunda və Salyan kazarmasında yerləşdirilmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun əmri ilə əhaliyə heç bir xəbərdarlıq edilmədən SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Fövqəladə vəziyyət yanvarın 20-də saat 00:00-da elan olunmasına baxmayaraq, qoşunlar 3 saat əvvəl - yanvarın 19-da saat 21:00-da artıq dinc nümayişçilərin üstünə yerimiş və mülki əhalinin qətlinə başlamışdı. Əməliyyata rəhbərliyi SSRİ-nin müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin elan olunması ilə bağlı rəsmi məlumat isə kütləvi insan qırğını törədildikdən sonra yəni, yanvarın 20-si səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak tərəfindən efirə verilmişdi. Fövqəladə vəziyyət yalnız Bakı şəhərində elan edilməsinə baxmayaraq, sovet qoşunları yanvarın 25-də və 26-da Neftçalada və Lənkəranda da 8 nəfəri qətlə yetirmişdi. Hadisələr nəticəsində respublikada ümumilikdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Lakin Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi, əksinə, sovet imperiyası əvvəlcə Azərbaycanda və daha sonra bütün SSRİ ərazisində özünün bütün mənəvi və sosial dayaqlarını itirdi.
 
Sovetlər dövlətinin bütün ərazisində mərkəzi hakimiyyətə nifrət qazandıran və xalqın azadlıq naminə öz həyatını belə əsirgəmədiyi Qanlı 20 Yanvar gecəsinin qısa tarixçəsi bundan ibarətdir. Bu tarixin içərisində kommunist ideologiyasının antibəşəri xisləti və sovet imperializminin sivil insanlıq cəmiyyətinə xas olmayan vəhşi təbiəti, qəddar sifəti var. Bu tarixçədə əsrlər boyu davam edən erməni xəyanəti, erməni namərdliyi var. Bütün bunlarla yanaşı, bu tarixçədə Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmi, öz haqqını qorumaq uğrunda hər an ölümə belə getməyə hazır olmaq şərəfi var. Həmin gecə vəhşicəsinə qətlə yetirilən Azərbaycan xalqı olmadı. Dinc insanların üzərindən keçən tankların tırtılları altında qalan sovet dövlətinin varlığı və mövcudluğu oldu. Həmin gecə vəhşicəsinə güllələnən Azərbaycan xalqı deyildi, ermənilərin “böyük Ermənistan” arzuları idi. İllər keçdi, lakin bu qətliamdan sonra da xalqın azadlıq mübarizəsi bir an belə səngimədi. Ölkə ərazisinin 20%-i işğal olundu, lakin xalq işğalla heç zaman barışmayacağına söz verdi. Azərbaycan yaşadı, yaratdı, inkişaf etdi və azadlıq və müstəqillik məramından bir an belə geri çəkilmədi. Nəhayət ölkə azadlığa da qovuşdu, torpaqlarını da vuruşaraq özünə qaytardı. Bu gün Azərbaycan xalqı qalib xalq kimi alnıaçıq yaşamaqda və öz xoşbəxt gələcəyini qurmaqda davam edir. Amma nə sovet dövləti var, nə də “böyük Ermənistan”. Onların heç biri bir daha olmayacaq - nə xəyallarda, nə də gerçəklikdə...
 
Cavanşir Feyziyev, Millət vəkili, fəlsəfə doktoru
 
20 yanvar 2025-ci il
 
Link kopyalandı!
Son xəbərlər