“Rusiyanın hərəkətləri və sərgilədiyi mövqe müttəfiqlik ruhuna qətiyyən uyğun gəlmədi”
Siyasət
481
16:48, Bu gün

“Rusiyanın hərəkətləri və sərgilədiyi mövqe müttəfiqlik ruhuna qətiyyən uyğun gəlmədi”

Rusiyanın öz səmasında vurulan Azərbaycan təyyarəsinə görə sərgilədiyi mövqeyə cəmiyyətimizin sərt təpkisi durmadan artmaqdadır.
 
Azərbaycan ictimaiyyəti Rusiya tərəfinin məsuliyyətli davranmasını, məsələ ilə bağlı ədalətli istintaq həyata keçirilməsini, cinayətkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edir. Amma qəzanın üzərindən 3 həftə keçməsinə baxmayaraq, indiyə qədər ortada təskinlik verəcək yalnız bir nümunə var. O da Kremlin sahibi Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevdən üzr istəməsidir...
 
ORUCOV SON.jpeg (33 KB)
 
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, dost və müttəfiq dövlət belə davranış sərgiləməməlidir:
 
“Bakı-Qroznı istiqamətində AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya HHM sistemləri tərəfindən vurulmasından sonra qəzaya uğraması Azərbaycanda bir çox haqlı suallar və narazılıqlar doğurdu. Xüsusən də zədələnmiş təyyarənin sərnişinləri ilə bilərəkdən ölümə göndərilməsi həm də hiddət yaratmışdı. Təyyarənin kənar təsirdən xəsarət alması faktı ilk andan öz təkzibedilməz sübutunu tapsa da, Moskva uzun müddət məsuliyyətdən qaçmaq üçün törədilən faciənin ört-basdır edilməsinə uğursuz cəhd göstərdi. Bakının israrlı tələblərindən və cəmiyyətin sərt təpkisindən sonra Putin Prezident İlham Əliyevdən üzr istəmək məcburiyyətində qaldı.
 
Təəssüf doğuran odur ki, Rusiyanın hərəkətləri və sərgilədiyi mövqe müttəfiqlik ruhuna qətiyyən uyğun gəlmədi. Dost və müttəfiq dövlət belə davranış sərgiləməməlidir. Halbuki, Rusiya öz günahını vaxtında etiraf etmiş olsaydı, narazılıqlar bu səviyyədə baş qaldırmazdı və iki ölkə arasında münasibətlərə xələl gəlməzdi. Məsələnin narahatverici tərəfi ondadır ki, Rusiya nəinki etirafda bulunmaq istəmir, hətta planlı şəkildə Azərbaycana və onun rəhbərinə qarşı qarayaxma kampaniyasına start verib. Hadisənin səbəblərinin ciddi şəkildə araşdırılmasına deyil, təfərrüatların, lazımsız məqamların daha çox qabardılmasına cəhd edirlər. Görünür, Rusiyanın indiyədək törətdiyi qanlı insidentlərin və faciələrin məsuliyyətini daşımaq kimi vərdişləri yoxdur. Bu gün Rusiya beynəlxalq ictimaiyyətin sanksiyaları altındadır. Təcavüzkar siyasəti nəticəsində dünyada tək qalmaqdadır. Hətta öz tərəfdaşları və müttəfiqləri Rusiya ilə məsafə saxlamağa çalışır. Bir çoxunu itirib. Belə bir məqamda regionda güc sahibi olan, beynəlxalq mövqeyini gücləndirən Azərbaycan kimi müttəfiqini itirmək Rusiya üçün çox ağır olardı və bununla faktiki Cənubi Qafqazın tamamən itirilməsinə gətirib çıxarardı.
 
Rusiyanın qeyri-adekvat və dost olmayan hərəkət, mövqelərinə baxmayaraq, Azərbaycan səbr və təmkinini pozmayıb. Yaxud da yanlış olaraq hesab edirlər ki, təxribatçı və qarayaxmalarla, böhtanla Azərbaycanı təyyarə qəzası ilə bağlı tutduğu haqlı və prinsipial mövqeyindən çəkindirə biləcəklər. Hesab edirəm ki, Rusiyadakı bəzi dairələrin bu hesablamaları yanlışdır və zərərlidir. Odur ki, tələb yerinə yetirilməlidir”. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər