Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Siyasət
380
11:29, Bu gün

Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?

Kiçik bələdiyyələrin böyük planlar qurmaq imkanları məhduddur; böyük bələdiyyələrin yaradılması yolu ilə onların maliyyə dayanıqlığını artırmağa çalışırlar
 
Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyalar yaradılacaq. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli Qanununa əsasən müvafiq komissiyalar yaradılacaq. 
 
 
Komissiyaların üzvlərini təsdiq etmək üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini 5 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etməlidir. Qeyd edək ki, bu ayın 29-da bələdiyyə seçkiləri keçiriləcək. 
 
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək. O da bildirilib ki,  Azərbaycanda bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı təxminən 5 milyon 960 min nəfərdir.
 
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür.
 
“Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış məntəqələrinə qayıtmadıqları üçün orada bələdiyyə seçkiləri keçirilmir. Seçicilər səsvermə günü geniş seçim imkanına malik olacaqlar”, - deyə MSK sədri əlavə edib.
 
Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar  xərcləyib
 
Aydın Mirzəzadə 
 
Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, bələdiyyələr onların resurslarının bir yerə toplanması məqsədilə birləşdirilir. Millət vəkili vurğuladı ki, kiçik bələdiyyələr uzaq perspektivə planlar qura bilmirlər: “Kiçik bələdiyyələrin böyük planlar qurmaq imkanları məhduddur. Böyük qrantlar, eyni zamanda bank kreditləri əldə etməyə çıxışları olmur. Hər hansı bölgənin çox sayda kiçik bələdiyyələrinin olması həmin bölgənin imkanlarına görə birgə hərəkət fəaliyyətini də məhdudlaşdırır. Buna görə də bələdiyyələrin birləşdirilməsi, əhali sayının daha çox olduğu birləşmiş bələdiyyələrin yaradılması barədə qərar qəbul edildi. Bu qərar bələdiyyələrin imkanlarını bir yerə toplamağa imkan verəcək. “Bələdiyyələr haqqında” Qanuna görə, bələdiyyələr orta məktəblər, uşaq bağçaları yarada bilərlər, istehsal müəssisələri təsis etmək və onları idarə etmək hüququna malikdirlər. Eyni zamanda qanunun icazə verdiyi biznes fəaliyyəti ilə də məşğul olmaq imkanları var. Bələdiyyələr həmçinin parklar, uşaq əyləncə mərkəzləri qura, böyük qrantlar və bank kreditləri əldə edərək perspektivli işlər görə bilərlər. Kiçik bələdiyyələrin birləşdirilməsi həmin bələdiyyələrin əhatə etdiyi ərazidə yaşayan əhalinin də maraqlarındadır. Görünən odur ki, bələdiyyələrin birləşdirilməsi ilə bağlı müzakirələrdə narazılıq yoxdur. Cəmiyyət resursların bir yerə toplanması ilə daha böyük işlərin görülə biləcəyinin fərqindədir. Builki bələdiyyə seçkiləri daha iri bələdiyyələrin formalaşmasına səbəb olur. Hesab edirəm ki, yeni bələdiyyələr artıq birləşmiş halda aid olduqları region üçün daha səmərəli və faydalı işlər görə biləcəklər".
 
 
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli xatırlatdı ki, Azərbaycanda bələdiyyələrin birləşdirilməsi artıq 3-cü dəfədir həyata keçirilir. “Yeni Müsavat”a açıqlamasında N.Cəfərli qeyd etdi ki, bu istiqaməti doğru hesab edir: “Bələdiyyələrin birləşdirilməsi ilə böyük bələdiyyələrin kifayət qədər ciddi imkanları və fürsətləri yaranır. Bələdiyyələrin ən böyük problemi səlahiyyətlərinin və məsuliyyətlərinin az olması ilə yanaşı, maliyyə mənbələrinin olmamasıdır. Son gedişat ondan xəbər verir ki, böyük bələdiyyələrin yaradılması yolu ilə bələdiyyələrin maliyyə dayanıqlığını artırmağa çalışırlar. Digər istiqamət isə bələdiyyələrə mütləq əlavə səlahiyyətlərin verilməsi olmalıdır. Qanunvericilikdə boşluqlar olsa da, əlavə səlahiyyətlərlə bələdiyyələr yerli özünüidarəetmə institutlarına çevrilməlidirlər. Bələdiyyələrin kommunal xidmətlər də daxil olmaqla, abadlıq-quruculuq işlərinə qədər səlahiyyətləri olmalıdır. Əlavə olaraq, maliyyə mənbələri də yaranacaqsa, bu daha effektiv fəaliyyət göstərməyə imkan yaradacaq. Hazırda bələdiyyələrin icra hakimiyyətlərinin qurumu kimi fəaliyyət göstərir ki, bu da doğru deyil”.
 
Musavat.com
Link kopyalandı!
Son xəbərlər