Korrupsiyada ittiham olunan məmurlara verilən şərti cəza korrupsiyaya təşviqdir...
Bu gün ADP İdarə Heyətinin toplantısı keçirilib. Toplantı iştirakçıları Qroznı səmasında baş verən təyyarə qəzası ilə bağlı məsələyə bir daha münasibət bildirib və Rusiya tərəfindən törədilən bu hadisənin beynəlxalq istintaq komissiyası tərəfindən araşdırılmasının vacibliyini bildirib, dövlərtimizin terror mahiyyətli bu işin üstündə axıra qədər durmasının vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə dair razılaşmaların davam etdirilməsi istiqamətində ardıcıl xəttin davam etdirilməsinin vacibliyinə diqqət çəkib, 2025-ci ildə bu işin daha optimal şəkildə aparılması, Azərbaycan tərəfindən irəli sürülən şərtlərin qəbul edildiyi halda iki ölkə arasında vasitəçilər olmadan razılaşmalar əldə edilməsi üçün bütün diplomatik və siyasi resursları işə salmağı vacib hesab edib. Partiya yetkililəri Ermənistan baş naziri N.Paşinyanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan tərəfinin rəyinin nəzərə alınmasını gündəmə gətirməsini təqdir edib və bu cür jestlərin yekun sülh sazişinin bağlanmasına stimul olacağına inamını ifadə edib.
İdarə Heyəti son vaxtlar Qərb institutları, o cümlədən ABŞ-la münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların gərəkli olduğunu, dövlət başçısı İ.Əliyevin ABŞ-la strateji müttəfiqlik sahəsində qarşı tərəfin istəklərinə uyğun Azərbaycanın addımlar ata biləcəyini gündəmə gətirməsini təqdir edib və bu addımları ölkəmizin xarici siyasətində Qərbə inteqrasiyanın prioritetləri ilə uyğunluq təşkil etdiyini diqətə çatdırıb.
İdarə Heyəti Naxçıvanda dövlət məmurlarının korrupsiya və rüşvətxorluq faktları üzrə başlanan məhkəmə işlərinin yekunu olaraq korrupsiyada əli olan şəxslər barədə məhkəmənin çıxardığı şərti cəza qərarının edilən əməllə adekvat olmadığını qeyd edib və bu cür yumşaq qərarların dövlət məmurlarının korrupsiya və rüşvətə təşviq edilməsi kimi qiymətləndirib.
İdarə Heyəti ictimai fəal Bəxtiyar Hacıyev barədə məhkəmənin çıxardığı 10 il həbs cəzasını ədalətsiz, qərəzli qərar kimi dəyərləndirib, bu cür qərarların ölkədə vətəndaş həmrəyliyinə, vətəndaş dövlət bağlılığına xidmət etmədiyini, insan hüquq və azadlıqları ilə bağlı ölkəmizin üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu bildirib və dövlət başçısını ölkədə siyasi məhbus probleminin köklü həlli üçün humanist addımlar atmağa çağırıb.
İdarə Heyəti son günlər bir sıra nazirlərin işdən azad edilməsi, onların yerinə mənfi reputasiyaya malik kadrların təyin edilməsi faktına diqqət çəkərək ölkədə yeridilən kadr siyasətinin heç də düzgün aparılmadığını qeyd edib, kadrların peşə hazırlığı, dövlətə, xalqa sədaqət prinsipinə uyğun deyil, şəxsi sədaqət prinsipi ilə seçilməsindən narahat olduğunu bildirib və hakimiyyəti kadr siyasətində beynəlxalq təcrübəyə söykənən meyarlara əsaslanmağa çağırıb.
İdarə Heyəti son vaxtlar səhiyyə sistemində kök salan rüşvətxorluq, korrupsiya, həkimlərin müvafiq sertifikasiya olmadan tibbi əməliyyatlar keçirməsi, nəticədə bir neçə şəxsin ölümü ilə nəticələnməsi, səhiyyə sisteminin biznes strukturuna çevrilməsi faktlarından narahatçılığını bildirib və hakimiyyəti ölkə əhalisinin sağlamlığını qorumaq missiyasını üzərinə götürən bu sahəyə nəzarəti gücləndirməyə çağırıb.