Azərbaycanın Ermənistanla sülh müqaviləsi önündə maneələr artıq məlumdur. Onların sayı dörddür. İkisi bilavasitə sülh sənədi layihəsi ilə bağlıdır – 16, 17-ci bəndlər: 1. qarşılıqlı iddialardan imtina; 2. sərhəddən üçüncü dövlətin hərbi qüvvələrinin, o cümlədən Avropa Birliyinin (AB) casus missiyasının yığışdırılması.
Digər ikisi də Bakının haqlı tələb-şərtidir – Ermənistanın mövcud konstitusiyasından, digər qanunverici aktlardan ölkəmizə qarşı ərazi iddiası barədə istinadların çıxarılması və Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət.
Göründüyü kimi, Azərbaycanın istəyində, tələbində qeydi-adi, beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə zidd heç nə yoxdur. Ayrı sözlə, Bakı sırf xoşniyyətli qonşu kimi iki xalq arasında düşmənçilik səhifəsinin həmişəlik bağlanmasını təklif edir. Bəs erməni tərəfi?..
Diqqət edin, dörd tələb-şərtimizdən üçü qısa zamanda reallaşa biləndir. Konstitusiya düzəliş isə uzağı 4-5 ay vaxt ala bilər. Çünki referendum keçirilməlidir. Amma onun əvəzinə Nikol Paşinyan hökuməti Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməyə hazırlaşır, bilə-bilə ki, quruma üzvlük illərlə, on illərlə sürə bilər – o da əgər həmin zamanadək Ermənistan adlı qondarma dövlət formal mövcudluğunu saxlasa.
Yəni yenə qeyri-ciddilik, “atı arabanın arxasına qoşub” vaxt udmaq cəhdi, sülh boşboğazlığı...
Yaxud sərhəddən AB-nin casus missiyasının yığışdırılması ilə bağlı şərtimiz. Fevralda missiyanın vaxtı bitir. Dünən isə bəlli olub ki, AB onu uzatmaqda maraqlıdır. Elə XİN başçısı Ararat Mirzəyan da eyni istəyi ortaya qoyub.
Paşinyanın yaxın adamlarından sayılan erməni siyasətçi, Avropa Partiyasının sədri Tiqran Xzmalyan isə bir az da uzağa gedərək, AB missiyasını NATO-nun hərbi bazasına çevirməyi təklif edib: “Missiya formasını və məzmununu dəyişməli, hərbi bazaya çevrilməlidir. Bu missiya Avropa İttifaqı və NATO ölkələrindir və NATO missiyasına dəyişməlidir”.
Niyə, nə üçün və kimə qarşı?..
Bu xəbərlər fonunda Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Ermənistan Minsk Qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir. “İrəvan Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir”, - Baqdasaryan vurğulayıb və əlavə edib ki, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazırdır, Azərbaycanın da birmənalı və mübahisəsiz olaraq Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıması vacibdir”.
Axırıncı cümlə ilə axçi şübhəsiz, bir az ağ edib, ağrımayan başa dəsmal bağlamağa çalışıb. Odur ki, onun timsalında erməni rəsmilərinin yaddaşını təzələməyə ehtiyac var. İş ondadır ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımasaydı, 44 günlük müharibədən az sonra qarşı tərəfə sülh müqaviləsinin imzalanması üçün 5 prinsipdən ibarət təklif göndərməzdi. Onlar aşağıdakılardır:
1. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Bütün hallarda gəlin, ehtiyatlı nikbinliklə hesab edək ki, nəhayət, “buz” yerindən tərpənib və MQ tezliklə ləğv edilə bilər. Hərçənd, niyyət hələ əməli iş anlamına gəlmir. Ona qalsa, N.Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib, 2022-ci ildə bununla bağlı Praqa sənədinə də imza atıb. Amma gəl ki, o, Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddiaları ilə bağlı müddəaları çıxarmaq üçün gərəkən addımları atmağa tələsmir. Hələ harasıdır, Praqa sənədindən təxminən bir 1 sonra – 2023-cü ilin sentyabrında Nikol Vovayeviç Qarabağdakı xunta rejiminin rəhbərlərinə “müstəqillik günü” ilə bağlı təbrik göndərmişdi...
Faktiki mövcud olmayan MQ “rezini”nə gəlincə, onu bunca uzatmağın mənasızlığını İrəvan hökumətində 4 ils sonra anlayıblarsa, bu, yaxşı xəbərdir. Ümid edək, digər şərt-tələblərimizə qarşı da absurd dirəniş uzun çəkməyəcək...
Yeri gəlmişkən, MQ-nin ləğvinə artıq Rusiya da rəsmın tərəfdardır. Ötən il sonu Rusiya XİN sözçüsü Mariya Zaxarova bu xüsusda demişdi qurumun ləğv edilməli olduğunu demişdi.
Sitat: “Minsk Qrupunun həmsədrləri (AVŞ və Fransa nəzərdə tutulur – red.) 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə təmasları dayandırıblar. Başqa bir reallıq isə budur ki, 2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqının sammitinin yekunlarına əsasən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin köklü şəkildə dəyişməsi Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib. Deməli, Minsk konfransının bütün strukturları, Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in hazırkı sədrliyinin Qarabağ nizamlanması üzrə nümayəndəliyi – hamısı ləğv edilməlidir. Hesab edirik ki, bununla bağlı müvafiq qərarın qəbul edilməsinin optimal yolu Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə təkliflər planı irəli sürməsidir”.
Görəsən Ermənistan rəhbərliyi daha nəyi gözləyir? MQ-dən imtina edilir, bəs Azərbaycana qarşı ərazi iddiasından nə vaxt imtina ediləcək? Bəs müharibə, nifrət təbliğ edən AB missiyasından... /Musavat.com/