Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yaydı
Siyasət
1087
08 Jan 2025 | 15:28

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yaydı

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb.
 
Moderator.az xəbər verir ki, bəyanatda deyilir:
 
"Məlum olduğu kimi, Ermənistanın 1987-ci ildə başlatdığı münaqişə Azərbaycan xalqını misilsiz əzablara düçar etmişdir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salınmışdır. Azərbaycanlıların qaçqın və məcburi köçkün vəziyyətinə salınması münaqişənin yan təsiri deyil, Ermənistanın birbaşa hədəflədiyi və planlı şəkildə həyata keçirdiyi etnik təmizləmənin nəticəsi idi.
 
Bu cinayətlərin kökündə Ermənistanın siyasi mühitində dərin kök salmış irqçilik dayanır. Ermənistanda irqçilik dövlət siyasəti kimi institusionallaşdırılıb. Bu dövlət öz ərazisində və otuz il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında total və sistematik etnik təmizləmə həyata keçirib. Bundan əlavə, Ermənistan həmin ərazilərdə azərbaycanlıların mədəni irsini tam şəkildə məhv edib, Azərbaycanın təbii sərvətlərini, ictimai və şəxsi əmlakını talayıb və Azərbaycan ərazilərini məqsədli şəkildə kütləvi sayda minalarla çirkləndirib.
 
Ancaq irqi nifrətə, radikal millətçiliyə və zorakı ekstremizmə əsaslanan ideologiya bu cür genişmiqyaslı və rəhmsiz cinayətlərin törədilməsinə səbəb ola bilərdi.
 
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın ortaya çıxmış videoyazısı bunu bir daha sübut edir. Bu çıxışında Ter-Petrosyan azərbaycanlıların Ermənistandan və işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizlənməsini "tarixi nailiyyət" kimi təsvir etmişdir. Onun bəyanatını olduğu kimi təqdim edirik:
 
“Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll etdi. Ermənistan və Artsax tamamilə əcnəbilərdən təmizləndi. Yenə deyirəm, bu, 600 illik problem idi və onun əhəmiyyətini erməni xalqı hələ 600 il də bundan sonra hiss edəcək. Təsəvvür edin, bu gün Ermənistanda 180 min əcnəbi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Zəngəzuru qoruya, şimal-şərq rayonlarımızı qoruya, Sevan sahilini qoruya bilməzdik, burada bir neçə yeni muxtariyyətimiz olacaqdı. Yada salaq ki, azərbaycanlılar üç bölgədə çoxluq təşkil edirdi: Vardenis, Masis, Amasiya - bütün Zəngəzur zonasında onların sayı çox idi. Bu problem həll olundu.”
 
Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu bəyanat, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilməsini birmənalı şəkildə sübut edir.
 
Qeyd olunmalıdır ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu siyasət dəyişmədən davam etmişdir. Levon Ter-Petrosyanın xələfi, keçmiş prezident, qaniçən hərbi cani Robert Koçaryan, azərbaycanlılarla ermənilərin “etnik və genetik uyğunsuzluğu” kimi irqçi ideyaları təbliğ edirdi. Digər keçmiş prezident və hərbi cani Serj Sarkisyan isə 1992-ci ildə azərbaycanlı mülki şəxslərin Xocalıda qətliamında oynadığı rolu ilə açıq şəkildə öyünür və nasist general Qaregin Njdenin faşist ideologiyasını rəsmi dövlət siyasəti kimi qəbul etmişdi. Vaxtilə “Qarabağ Ermənistandır” deyərək ilhaqçılıq siyasəti aparan hazırkı Baş nazir Nikol Paşinyan da Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına imkan verməməklə, öz sələflərinin irqçi siyasətini davam etdirir.
 
Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçi və revanşist siyasəti kontekstində onun hazırda apardığı genişmiqyaslı silahlanma, sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır.
 
Prezident İlham Əliyev 2024-cü il yanvarın 7-də Azərbaycan mediasına verdiyi müsahibəsində Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçilik, zorakı ekstremizm, revanşizm və militarizmin yaratdığı təhdidin miqyasını dəqiq ifadə etmişdir. Biz Prezident İlham Əliyevin regionda sülh və sabitliyin bərqərar olunmasına dair baxışını və Ermənistana ünvanladığı tələbləri tam və birmənalı şəkildə dəstəkləyirik. Həmçinin, bu fürsətdən istifadə edərək, Qərbi azərbaycanlıların doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına verdiyi möhkəm dəstəyə görə cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk.
 
Beynəlxalq ictimaiyyət, o cümlədən parlamentlər, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçiliyə və insan hüquqları pozuntularına, habelə onun sürətli və genişmiqyaslı silahlanmasına biganə qalmamalıdırlar. Birləşmiş Millətlər Təşkilatının üzvü və bir çox beynəlxalq insan hüquqları konvensiyalarının tərəfi kimi Ermənistan bu hərəkətlərinə görə məsuliyyətə cəlb edilməli və onun silahlanmasının qarşısı alınmalıdır.
 
Biz beynəlxalq ictimaiyyəti Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi sistematik irqçiliyi və etnik təmizləmə siyasətini pisləməyə çağırır, Ermənistan hökumətindən isə silahlanmanı dərhal dayandırmağı, irqçi siyasətlərdən imtina etməyi, Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməyi və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı tələb edirik".
 
Link kopyalandı!
Son xəbərlər