Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın indiyə qədər əldə etdiyi uğurlar və qarşıdakı strateji hədəfləri baxımından böyük maraqla qarşılanıb. Dövlət başçısı ölkənin sosial-iqtisadi inkişafı, regionda mövqeyi, Ermənistanın hərbi büdcəsi və Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi kimi mühüm məsələlərə toxunub.
Hilal Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Arzuman Abdulkərimov Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edib.
A.Abdulkərimovun fikrincə, bu müsahibə Azərbaycanın indiyə qədər keçdiyi və bundan sonra keçəcəyi yolun aydın bir xarakteristikasını təqdim edib.
A. Abdulkərimov daha sonar qeyd edib: “Mən Prezidentin yerli televiziyalara verdiyi müsahibəni dinlədim və bu müsahibə çoxşaxəli, bütün sahələri əhatə edən, Azərbaycanın indiyə qədər keçdiyi və bundan sonra keçəcəyi yolu gözəl xarakterizə edir. Sosial-iqtisadi məsələlərə də kifayət qədər yer ayrılmışdı. Azərbaycanın iqtisadi inkişafı, 2025-ci ilin büdcəsinin indiyə qədər olmadığı qədər yüksək hədəfə çatdırılması, büdcənin təxminən 50 milyard manata yaxınlaşması, gələcəkdə Azərbaycanın iqtisadi inkişafı və sosial-iqtisadi məsələlərin gücləndirilməsinə dövlətin ciddi önəm verdiyini göstərir. Ermənistanın silahlanmasının yaratdığı təhdid əsas verir ki, biz də hərbi potensialımızı artıraq. Bu baxımdan da hərbi büdcəmiz 8.5 milyard manata çatdırılmışdır”.
Prezidentin qeyd etdiyi məsələlər arasında Ermənistanın hərbi büdcəsini artırması da xüsusi yer tutub: “Prezident qeyd etdi ki, büdcəmizin gücləndirilməsi Ermənistanın ciddi şəkildə silahlandırılması ilə də bağlıdır. Cənubi Qafqazda ən güclü dövlət olaraq, Ermənistanın həm xarici havadarları, həm də daxildə hərbi büdcəsini artırmaqla Azərbaycandan öndə olmaq istədiyini anlayırıq. Buna baxmayaraq, Azərbaycan həm iqtisadi, həm də hərbi sahədə ciddi nailiyyətlərə imza atır və gələcəkdə də belə olacaq”.
Müsahibədə diqqət çəkən digər məqamlar isə Azərbaycanın gələcək strateji planları və regiondakı mövqeyi ilə bağlı olub. Abdulkərimov əlavə edib: “Müsahibədə diqqətimi ən çox çəkən məsələlərdən biri Azərbaycanın gələcək strateji planları və regiondakı mövqeyi ilə bağlı prezidentin səsləndirdiyi fikirlər oldu. Azərbaycan bu dövr ərzində ciddi diplomatik və siyasi sınaqlardan keçib. Prezident açıq şəkildə qeyd etdi ki, qonşularımızdan hansı təhdidlərin gəldiyini bilirik”.
Abdulkərimov İranla bağlı məsələlərə də toxunaraq deyib: “Son dövrlərdə İranın bəzi mollalarının Azərbaycan dövlətinə və onun Prezidentinə qarşı təhdidləri cavabsız qalmamalıdır. Azərbaycan ictimaiyyətinin də bu məsələdə öz fikrini açıq şəkildə bildirməsi vacibdir. Biz tələb edirik ki, həmin molla öz səhvini etiraf etməli və Azərbaycan xalqından üzr istəməlidir”.
Türk dövlətləri ilə münasibətlərə də xüsusi önəm verən Abdulkərimov qeyd edib: “Prezidentin müsahibəsində ən önəmli məqamlardan biri Türk dövlətləri ilə münasibətlərin daha da genişləndirilməsi oldu. Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün yol xəritəsi təqdim edildi. Türkiyə ilə həm təhlükəsizlik, həm hərbi məsələlərdə birgə olduğumuzu, Azərbaycanın Türkiyənin maraqlarını dəstəklədiyini prezident vurğuladı. Bu, bizə əsas verir ki, Azərbaycanın xarici siyasətində gələcəkdə də mühüm nailiyyətlər əldə olunacaq. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində və Türkiyə ilə münasibətlərdə ciddi irəliləyişlərin olacağını gözləyirik”. /crossmedia.az/