Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Ermənistanın silahlanmasına münasibət bildirib. Qeyd edib ki, bu, yeni gərginliyə gətirib çıxaracaq.
Dövlət başçısı Azərbaycanın sülh tərəfdarı olduğunu, müharibə səhifəsini bağlamaq istədiyini diqqətə çatdırıb. Təəssüflə vurğulayıb ki, rəsmi Bakının istəyinin əksinə olaraq, Ermənistanın həm özü, həm də İrəvanın yeni havadarları bunu istəmirlər.
Prezidentin sözlərinə görə, rəsmi İrəvan və onun havadarları revanşist fikirlərlə yaşayırlar: “Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir”.
Prezident İ.Əliyev söyləyib ki, bu faşizmi ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da Azərbaycan məhv edəcək: “Bizim başqa çarəmiz yoxdur. Yenə də 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ – bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq, heç kim! Çünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin”.
Dövlət başçısının fikirlərini şərh edən millət vəkili Sahib Alıyev bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdən nəticə çıxarmalı, silahlanmanı dayandırmalı, faşizm ideologiyasından imtina etməlidir. Deputatın qənaətincə, əks halda İrəvan bunun bədəlini ağır ödəyəcək: “Ötən gün yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanla bağlı dediklərindən ümid etmək istərdim ki, qarşı tərəf düzgün nəticə çıxaracaq. Haylar NATO-nun “mülki missiyası”nın qalma müddətini uzatmaq və Fransa kimi yırtıcı dövlətlərdən silah-sursat almalarına haqq qazandırmaq üçün sərhəddə gərginlik yaratmağa çalışmaqdansa, real sülh haqda düşünməli, bunun üçün gərəkən addımları atmalı, ilk növbədə faşizm ideologiyasından imtina etməlidirlər”.
Millət vəkili vurğulayıb ki, Ermənistanın bundan sonra da Azərbaycanla Türkiyə arasında coğrafi maneə olmasına imkan verilməyəcək: “Dövlət başçımız çox açıq şəkildə bildirdi ki, hay faşizminə Ermənistan rəhbərliyi son qoymasa, bunu Azərbaycan özü edəcək. Azərbaycan hay faşizmini məhv etməyə qalxanda nə baş verəcəyini isə yəqin ki, açıqlamağa ehtiyac yoxdur. Əslində cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı söylədiklərindən də bunu anlamaq olur. Dövlət başçımız açıqca bildirir ki, biz Ermənistanı indən sonra da özlərinin dedikləri kimi “bufer funksiyası” yerinə yetirməyə, yəni Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə olaraq qalmağa qoymayacağıq. “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, – bu xəbərdarlıq da cənab İlham Əliyevindir”.
Medianews.az