Azad torpaqlara qayıdış bu il daha da sürətlənəcək
Siyasət
1099
08 Jan 2025 | 09:55

Azad torpaqlara qayıdış bu il daha da sürətlənəcək

2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir
 
2025-ci ildə də “Qarabağa Böyük Qayıdış proqramı”nın icrası sürətli şəkildə aparılacaq. Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə əlaqədar Azərbaycan xalqına müraciətində bunun anonsunu verdi. Ali Baş Komandan Qarabağın və Şərqi Zəngəzurun bərpasının uğurla getdiyini qeyd etdi. 
 
“Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir-yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. 2025-ci ildə təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da "Böyük Qayıdış proqramı"nın icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır", - Prezident vurğuladı.
 
Deputat Aydın Hüseynov mətbuata açıqlamasında bildirib ki, 2024-cü il doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər üçün yaddaqalan oldu: “Ötən il Şuşa, Cəbrayıl və Xocalı şəhərlərinə, Sus və Ballıca kəndinə ilk dəfə köç baş tutdu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir. İlk növbədə, müasir infrastruktur qurulur, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün şərait yaradılır. İndiyə qədər 5 şəhər, 5 kənd olmaqla, 10 yaşayış məntəqəsi üzrə köçürülmə olub. Azərbaycanın göstərdiyi istiqrarlı davranış ölkəmizin beynəlxalq arenadakı nüfuzunu və bölgəyə olan marağı günü-gündən artıraraq, xarici investisiyaların prioritetlərinin dəqiq müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.
 
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Dövlətimiz tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrasturukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Bir zamanlar dədə-baba yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımız indi doğma torpaqlarına ləyaqət və böyük fəxrlə qayıdırlar. Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min nəfərdən çox yurddaşımız məskunlaşıb. Bunun çox böyük tarixi əhəmiyyəti var".
 
Parlamentin üzvü Afət Həsənova isə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçvəsində 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm addımlar atılır: “Azərbaycan Vətən müharibəsində tarixi Zəfərdən sonra qarşıya qoyduğu bütün məqsədləri uğurla reallaşdırır. Vətən müharibəsindən sonra qarşıda duran ən öndə duran məsələlərdən biri işğaldan azad edilmiş torpaqlara "Böyük Qayıdışa" start vermək idi. Əlbəttə, bunun üçün xeyli işlər görmək lazım idi. İlk növbədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vacib idi. Cənab Prezident İlham Əliyev bu məsələdə qətiyyətli mövqe ortaya qoydu və bu işlərin sürətli şəkildə həyata keçirilməsi üçün lazımi tapşırıqlar verdi.
 
Nəticədə, Azərbaycan Vətən müharibəsindən dərhal sonra bu işlərə başladı və ərazilər minalardan təmizləndikcə yendənqurma və bərpa işlərinə start verildi. Vətən müharibəsində qələbədən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparılıb və bu işlər bu gün də sürətlə davam etməkdədir.
 
Çox sevindirici haldır ki, artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb və 2025-ci ildə daha çox insanımızın geri dönməsi nəzərdə tutulur. Geri dönən insanlarımız üçün layiqli həyat şəraiti təmin edilir".
 
A.Həsənova bildirib ki, Azərbaycan bu qədər böyük miqyaslı tədbirləri öz gücünə, kənardan heç bir dəstək almadan həyata keçirir: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində inkişaf edən dayanıqlı iqtisadi inkişaf Azərbaycana öz ərazilərini kimdənsə kömək almadan bərpa etmək imkanı verir. Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqların çiçəklənən bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparılır”.
 
 
Link kopyalandı!
Son xəbərlər