Siyasət
2059
02 Jan 2025 | 14:47

"2025-ci ilin hədəfləri qalib, bütövləşən Azərbaycana daha möhtəşəm uğurlar vəd edir" - Vüqar Rəhimzadə

Artıq yeni ilə qədəm qoyduq. 2025-ci ildən gözləntilərimiz əvvəlki dövrün reallıqlarına söykəndiyi üçün öncə 2024-cü ilin ölkəmizin həyatında hansı hadisələrlə, hansı mühüm məqamlarla yadda qaldığını qısaca nəzərdən keçirməyə böyük zərurət duyulur. Azərbaycan dövlətinin və xalqının hər ili tarixinə uğur səhifəsi kimi yazması düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Son 21 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin daim səsləndirdiyi  “Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq” çağırışı uğurlarımızda özünün aydın ifadəsini tapır.
 
Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bir daha Azərbaycanın 2024-cü ili uğurla başa vurduğunu önə çəkərək bu əminliyə əsas verən mühüm məqamları diqqətə çatdırdı. Ötən ildə  qarşıya  qoyulan  bütün məsələlər öz həllini tapdı. 2024-cü ildə də  ölkəmiz inamla inkişaf etdi. Son bir ildə Azərbaycanıln beynəlxalq nüfuzu  daha da artdı. Bütün sahələrdə inkişafın əsasında dayanan iqtisadi tərəqqi göz qabağındadır. İqtisadiyyatımızın inkişafı  müdafiə gücümüzün artırılması istiqamətində atılan addımlarda da özünün aydın ifadəsini tapır.  Bunun təsdiqi üçün təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, 2025-ci ilin dövlət büdcəsindən ayırmalarda hərbi xərclər 8,4 milyard manat təşkil edir. Hərbi büdcəmizin rekord həddə çatmasına əsas verən Ermənistanın Cənubi Qafqazda  başlatdığı silahlanma yarışıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan geridə qala bilməzdi. Əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı yarısı digər sahələrə,  Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə yönəldiləcəkdi.  Müqayisə üçün qeyd edək ki, hərbi xərclərimiz 8,4 milyard manat,  Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilən məbləğ  isə  4 milyard manatdır.  Göründüyü kimi, Azərbaycanın iqtisadi imkanları qarşıya qoyulan hədəflərə  yüksək səviyyədə nail olmağa əsas verir.
 
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Millət vəkili qeyd edib ki,  uğurlarımıza yol açan məqamlardan biri də ölkəmizdə sabitliyin hökm sürməsidir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Bu gün dünyada baş verən hadisələr  göz qabağındadır.  Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan xalqı  isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Ölkəmiz dünyada sabit və təhlükəsiz ölkə kimi tanınır və nüfuz qazanır. Bu mühüm amil Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin miqyasında özünün aydın ifadəsini tapır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmlənir, söz sahibliyi artır.  Müxtəlif dövlətlərin sabitləşdirici və  birləşdirici aktor kimi mövqeyini möhkəmləndirən ölkəmizlə iqtisadi əlaqələrinin genişlənməsində də sabitlik amili mühüm yer tutur. Dövlətimizin başçısı Yeni il müraciətində bu əminliyi də ifadə etdi ki, Azərbaycanda  bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaq.
 
Vüqar Rəhimzadə 2024-cü ilin  mühüm diplomatik uğurları sırasında Qazax rayonunun 4 kəndinin  azad edilməsini xüsusi vurğulayıb. Bildirib ki, ölkəmiz bütün məsələləri inamla, ardıcıllıqla həll edir. Birinci mərhələdə-2020-ci ilin Vətən müharibəsində Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsi işğalçılardan azad edildi.  İşğal altında qalan digər torpaqlarımız  isə 2023-cü ildə həyata keçirilən  bir günlük lokal antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. 2024-cü il isə  Qazax rayonunun dörd kəndinin bir güllə atılmadan, siyasi yollarla geri alınması ilə çağdaş  tariximizə yazıldı. Prezident İlham Əliyevin sözügedən müraciətində qeyd etdiyi kimi, təbii ki,  əgər son dörd ilin hadisələri baş verməsəydi, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar Azərbaycanın siyasi, hərbi gücünü dərk edərək bunu etdilər.
 
Milli Məclisin deputatı 2024-cü ilin ən narahatedici məqamı kimi Ermənistanın silahlandırılmasını qeyd edib. Diqqətə çatdırıb ki, bu məqam da dövlətimizin başçısının   müraciətində xüsusi yer tutdu. Əslində 2020-ci ilin Vətən müharibəsində və  2023-cü ildə həyata keçirilən bir günlük antiterror əməliyyatında  hərbi məğlubiyyətləri Ermənistana  düz yol göstərməli idi. Amma bunun əksini gördük.  Ermənistanı  bu gün yenə də Azərbaycanın üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında dura bilməyəcək. Azərbaycanla bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ermənistan hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtmalıdır.  Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Dövlətimizin başçısı bu çağırışı etdi: “Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.”
 
Vüqar Rəhimzadə Azərbaycanın yaratdığı reallıq fonunda  Qarabağın və Şərqi Zəngəzurun bərpasından geniş bəhs edib.  Bildirib ki, artıq 10 minə yaxın keçmiş məcburi köçkünün bu torpaqlara qayıtması görülən genişmiqyaslı işlərin təqdimatıdır. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır,  yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində işləyir. Prezident İlham Əliyev müraciətində  2025-ci ilin hədəfləri sırasında onu da qeyd etdi ki, Qarabağa və Şərqi Zəngəzura  qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış Proqramının icra edilməsi  prioritet məsələ olacaq. Bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Sosial-iqtisadi göstəricilər Azərbaycanın inkişafının təqdimatıdır. 2024-cü ildə ümumi daxili məhsul 4 faizdən, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Valyuta ehtiyatlarımız artıb  və hazırda 72 milyard dollardan çoxdur.  2019-cu ildən bu yana dörd sosial paket layihəsi icra edilib. 2025-ci ildə beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq. Bu il minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılıb. Sosial sahə, insanların  sosial müdafiəsi daim diqqət mərkəzindədir.
 
Millət vəkili 2024-cü ilin mühüm uğurları sırasında Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-u xüsusi vurğulayıb. COP29-da 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak etdi. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının bütün səyləri əbəs oldu.   Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq hələ də davam edir. Dövlətimizin başçısı bu əminliyi də ifadə etdi ki, 2025-ci il yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı  ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacağına ümidlər böyükdür.
 
Vüqar Rəhimzadə qarşıdakı dövrün hədəflərinə və onların uğurlu icrasına inam yaradan, əsas verən mühüm hadisəni də xüsusi qeyd edib. Bildirib ki, 2024-cü ilin ilk ayları ölkəmizin həyatında müstəqillik tariximizdə ilk dəfə olaraq  bütün ölkə ərazisində prezident seçkilərinə hazırlıq və 7 fevral tarixində siyasi kampaniyanın keçirilməsi ilə yadda qaldı. Cənab İlham Əliyev növbəti dəfə xalqın dəstəyini qazanaraq Prezident seçilməklə  qalib, suverenliyini bərpa edən Azərbaycanın qarşısında yeni imkanların, üfiqlərin açılmasını təmin etdi. Bu gün  xalqımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək yeni reallıqların qarşıya qoyduğu hədəflərin icrasına doğru inamla irəliləyir. “Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir” söyləyən cənab İlham Əliyev bildirdi ki, bundan sonra da bu yüksək etimadı doğruldacaq. Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla inkişaf edir. Bu illər ərzində çətinliklər,  sınaq məqamları, müharibələr, bizə qarşı əsassız ittihamlar  olsa da  heç biri ölkəmizi getdiyi düzgün yoldan döndərə bilmədi. Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Dövlətimizin başçısı İlham Əliyev bir daha bu çağırışı etdi ki,  ayağımıza dolaşmaq istəyənlər  növbəti dəfə iflasa uğrayacaq.
 
Link kopyalandı!
Son xəbərlər