Siyasət
2137
26 Dec 2024 | 11:25

"Rusiya nüvə savaşında qaliblərin ola bilməyəcəyi barədə Qorbaçov-Reyqan düsturuna istinad edir" - Sergey Lavrov

"Biz heç vaxt nüvə silahından istifadə edilməsi ilə bağlı diskusiyalara başlamamışıq, bu təşəbbüslər istisnasız olaraq Qərb paytaxtlarında səsləndirilib..."
 
Yalnız Qərb hər zaman nüvə münaqişəsinin ssenarilərindən danışır, bu zaman Rusiya nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi ilə bağlı "Qorbaçov-Reyqan düsturuna" əməl edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Rossiya-1" telekanalının efirində bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
 
"Biz nüvə silahının tətbiqi riskləri barədə məsələni qızışdırmaq istəmirik, biz ona istinad edirik ki, nüvə savaşında qaliblər ola bilməz", - Lavrov deyib.
 
Lavrov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bu günlər "Birbaşa yayım" və mətbuat konfransında bu məsələ barəsində kifayət qədər müfəssəl danışıb. "Bizi qulağı olanlar eşidəcək, beyni olanlar anlayacaqdır", - o, qeyd edib.
 
"Biz heç vaxt nüvə silahından istifadə edilməsi ilə bağlı diskusiyalara başlamamışıq. Əksinə, məhz Rusiyanın təşəbbüsü ilə 2021-ci ildə əvvəlcə Putin və Bayden səviyyəsində, sonra isə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş nüvə dövləti liderləri ilə nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə "Qorbaçov-Reyqan düsturu" səsləndirilib. Və bu, Rusiyanın təşəbbüsü olub", - Lavrov vurğulayıb. 
 
"Nüvə silahının tətbiq oluna biləcəyi barədə bütün digər təşəbbüslər istisnasız olaraq Qərb paytaxtlarında səsləndirilib", - Lavrov iddia edib. O, Qərbin rəsmi mənbələrində bir sıra "nüvə ritorikası" nümunələrini misal gətirib.
 
"Almaniya ordusunun qərargah rəisi bir dəfə qürurla bəyan edib: "Qoy Rusiya bizi qorxutmasın, unutmasın ki, NATO nüvə alyansıdır". 
 
Liz Trassın məlum fikirləri hamıya bəllidir, o, baş nazir olarkən deyib ki, tərəddüd etmədən nüvə düyməsinə basacaq. Fransız nümayəndələri də xatırladıb ki, onlar da nüvə dövlətidir", - nazir xatırladıb.
 
Bu zaman Lavrov əlavə edib: "Mən heç kimə bizim səbrimizin, qanuni milli maraqlarımızın mövcud olan bütün vasitələrlə qoruyub saxlamaq qətiyyətimizin möhkəmliyini sınaqdan keçirməyi məsləhət görməzdim".
 
Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, Moskva Amerika vətəndaşları, digər Qərb ölkələri vətəndaşlarının hazırda çox olmayan pullarını bunkerlər inşa etməyə sərf etməməsi üçün hər şeyi etməyə hazırdır".
 
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ərzində Rusiyanın rəsmi şəxslərinin dilindən dəfələrlə nüvə təhdidləri səsləndirilib. 
 
Noyabr ayında Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib ki, Rusiyanın yenilənmiş nüvə doktrinası Ukrayna tərəfindən qeyri-nüvə raketlərindən istifadə edildiyi təqdirdə nüvə cavabının mümkünlüyünü nəzərdə tutur.
 
Noyabrın 19-da Vladimir Putin tərəfindən imzalanan "Rusiya Federasiyasının nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin Əsasları" doktrinasında nüvə silahından preventiv tətbiq edilməsi hüququ təsbit edilib.
 
Putinin özü mart ayında Rusiyanın belə silahın tətbiq edilməsindən danışarkən bəyan edib: "Silah tətbiq edilməsi üçün mövcud olur".
 
Lakin Rusiyanın yüksək vəzifəli məmurları arasında "nüvə apokalipsisinin əsas müjdəçisi", əlbəttə ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevdir. 
 
Onun "Telegram-kanal"dakı postlarının demək olar ki, tam əksəriyyəti Rusiyanın nüvə dövləti olduğu və Yer planetində bütün canlıları külə döndərməyə hazır olduğu xatırlanır.
Link kopyalandı!
Son xəbərlər