Liderliyin əsas meyarı tarixən Vətəninə təmənnasız xidmət, xalqını bütün varlığı ilə sevmək kimi üstün dəyərlər sayılıb. Xalqına xoş güzəran bəxş edən, ölkəsini ədalətlə idarə edən rəhbər arzusunun tarixi insanlığın özü qədər qədimdir. Təəssüf ki, bu bəşəri istək zaman-zaman ictimai ideya olaraq da qalıb və xalq yaradıcılığında, ədəbi əsərlərdə xəyalən gerçəkləşib. Sivil inkişafın demokratiya və insan haqları dövrünə daxil olduğu son 2 əsrdə isə barmaqla sayılacaq qədər xalq onun istəklərini çiçəkləndirən liderə malik olub. Müasir Azərbaycan bu sırada yer alan və şansı gətirmiş ölkələrdən biridir. Dünya siyasətinin nəhənglərindən sayılan Ulu öndər Heydər Əliyev məktəbinin yetkin, müdrik yetirməsi, onun ideya və əməllərinin layiqli davamçısı İlham Əliyev məhz belə fenomen lider olmağı bacardı.
Son 2 onillikdə dünyada üstün nüfuz qazanan, öz xalqı ilə yanaşı, başqa xalqların da tarixi taleyində təsirli rol oynayan Azərbaycan Prezidenti İlham Əliyev zəmanənin parlaq lideri kimi şöhrətləndi. Azərbaycanın dövlət başçısının son 30 ilin ən mürəkkəb beynəlxalq münaqişəsi olan Qarabağ probleminin düyününü açması, qlobal hərəkatların önündə getməsi, dünyanın ikinci ən böyük birliyi olan Qoşulmama Hərəkatına uğurla rəhbərlik etməsi, bu yöndə ciddi nəticələr əldə etməsi çağdaş liderliyin parlaq təcəssümüdür.
Hazırda xalqımızıın müzəffər oğlu İlham Əliyev dünya liderləri tarixində heç kəslə müqayisə olunmayacaq üstün mövqedədir. Çünki Prezident kimi İlham Əliyev xalqın, dövlətin maraqlarını qorumağı fəaliyyətinin prioreti seçib. O, siyasi karyerası boyunca milli və bəşəri maraqları üzvi surətdə uzlaşdırmağın çağdaş örnəyini yaradıb. Azərbaycan lideri ölkəmizin iqtisadi, siyasi qüdrətini təmin edərək, respublikamızı inkişaf və sabitlik adasına çevirmiş, insan kapitalına xüsusi üstünlük verərək gələcək həyatımızın təminatçısı olmuşdur.
Davamlı iqtisadi islahatların uğurları zəminində sosial siyasətin ciddi nəticələr verməsinə nail olmuş Prezident İlham Əliyev dünyada həm də qurucu lider, xalqın rifah halını yüksəltmiş dövlət rəhbəri kimi seçilib, şöhrətlənib.
Məhz xalqa ləyaqətlə xidmət etməkdə nümunə sərgiləyən Prezident İlham Əliyev qlobal arenada azsaylı liderlərdəndir ki, xalq tərəfindən sevilir, daha geniş dəstək və etimad qazanır. Onun beynəlxalq tribunalarda səsləndirdiyi humanist mövqe, mütərəqqi ideyalar, qlobal hədəfli çağırışlar bütün dünyanı heyran qoyur və məmnun edir.
Erməni cəmiyyətinin “kaş bizim də İlham Əliyev kimi liderimiz olaydı” etirafları xalqımızın milli iftixar hissini ucalara yüksəldir. Qarabağ zəfərinin xronika və mahiyyəti bir daha göstərir ki, biz bu inanılmaz qələbəni məhz Prezident İlham Əliyevin siyasi liderlik gücü və hərbi qüdrəti ilə qazanmışıq. Təkcə erməni cəmiyyəti deyil, dünyanın beyin mərkəzləri bu danılmaz həqiqəti təsdiq edirlər. Bəli, biz İlham Əliyevin böyüklüyü ilə 4 ildir ki, Qarabağdayıq. Bu ümumxalq xoşbəxtliyinə nail olmuşuq, 4 il ərzində itirdiklərimizi 44 gün ərzində qürurla, qəhrəmanlıqla qazanmışıq.
Qalib liderlər heç bir işi yarımçıq görmürlər. Müdrik və qətiyyətli dövlət başçısı, rasional İlham Əliyev də hər bir uğurunu davamlı prosesə çevirməyi bacarır. Qarabağın, Şuşanın işğaldan azad olunmasından sonra bir qarış torpağı belə azad etmək gücündə və imkanında olmayanların “mübarizə yarımçıq qaldı” bəyanatları, yaxud rus sülhməramlıların gəlişinə, guya, “vətənpərvərlər” sayağı göz yaşı axıdanlar və bunu müstəqilliyimiz üçün təhdid sayanlar bu dəfə də rüsvasycasına yanıldılar! Təxminən, 24 saat ərzində Azərbaycan beynəlxalq hüququn tanıdığı ərazisini öz qüdrəti ilə tam təmin etdi. Rəşadətli ordumuzun müzəffər Komandanı Xankəndidə də qələbə nitqi söylədi, bu böyük tarixi zəfərimizin sevincini xalqı ilə yaşadı! Bunun ardınca Azərbaycan liderinin prinsipial mövqeyi ilə rus sülhməramlıları Qarabağı tərk etdi.
Bu, Prezident İlham Əliyevin liderliyinin həm diplomatik, həm də hərbi baxımdan növbəti təsdiqi oldu. Azərbaycan lideri bir daha sübut etdi ki, o, dövlət və millət maraqları baxımından qeyri-mümkün görünəni reallığa çevirmək gücündədir.
Azərbaycan liderinin gücü xalqın dəstəyində, onun arzularını gerçəkləşdirməyin yaratdığı ümumxalq məmnunluğundadır. Prezident İlham Əliyev dəfələrlə dünyaya barış mesajını verən Ali Baş Komandan kimi 24 saatlıq əməliyyatda da heç bir mülki şəxsin zərər görməməsi ilə beynəlxalq arenaya humanizm dərsi keçdi. Bu məqam İlham Əliyevin tək xalqımız üçün deyil, həm də bəşəriyyət üçün barış örnəyidir.
Belə lider öz adını tarixə xalqın sevgi və ehtiramını qazanmış rəhbər kimi yazır. Bu haqqın gücü, ədalətin təntənəsidir. Müxtəlif xalqların “Niyə Prezident İlham Əliyev bu qədər çox sevilir?” sualının çox sadə cavabı bax, budur. Xalq onun arzularını həqiqətə çevirən liderini sevir. İstər ağır, çətin, istərsə də ən xoş günündə xalq yanında Prezident İlham Əliyevi görüb.
Fikir dahilərindən biri qeyd edir ki, Vətənə vurulan yaranı yurdsevər vətəndaş ürəyinin dərinliklərində hiss edir. Bu ağrını, bu yaranı
30 il ürəyimizdə daşıdıq, yaşadıq, sabaha ümidlə baxdıq. Amma içimizi anlayan, ürəyimizin adamı olan xalqımızın əziz övladı məlhəm olaraq bütün ağrılarımıza, acılarımıza son verdi, bizə milli xoşbəxtlik bəxş etdi.
Bununla da Prezident İlham Əliyev dünya üçün belə bir lider örnəyi, xalqımız üçün sonsuz qürur yaradan bəşəri siyasi xadim nümunəsi oldu.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı