Siyasi şərhçi: “Tramp hakimiyyətinin yürütdüyü siyasət nəticəsində ABŞ öz qınına çəkiləcək, Avropa İttifaqı isə təsir gücünü itirəcək”
“Bütün dünyanı böyük dəyişikliklər gözləyir və bu, əsasən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ilə bağlı olacaq”.
Bu sözləri Macarıstanın baş naziri, Trampa yaxınlığı ilə tanınan Viktor Orban deyib.
“Dünya düşündüyümüzdən də çox böyük dəyişikliklər ərəfəsindədir. Bu dəyişikliklər bütün Qərb sivilizasiyasına təsir edəcək və uzun müddət ərzində tarixi miqyasda baş verəcək. Mən amerikalılarla, ruslarla, avropalılarla, türklərlə danışmışam və əminliklə deyə bilərəm ki, ABŞ prezidenti vəzifəyə başlayanda dünya böyük bir dönüş edəcək”, - Orban bildirib.
Orban nəyə işarə edir? Yeni dünyada Azərbaycanın yeri harada, necə görünür?
Heydər Oğuz
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Viktor Orban haqlıdır: “2024-cü ildə baş verən bir çox qlobal siyasi hadisələr qarşımızdakı illərdə dünyanın güc mərkəzlərinin getdikcə dəyişiləcəyindən xəbər verir. Bu dəyişikliklərdə ABŞ-da yaşanacaq siyasi proseslərin, o cümlədən Donald Trampın hakimiyyətə gəlməsinin də böyük rolu olacaq. Sirr deyil ki, cümhuriyyətçi Donald Trampla Demokratlar arasındakı rəqabətin əsasında Qərb dünyasında on illər boyu mövcud olan və getdikcə daha ciddi qarşıdurmaya çevrilən qlobalizm və milliyyətçilik (ulasalçılıq) düşüncələrin çarpışması dayanır. Dünyada baş verən və 2025-ci ildə kulminasiya nöqtəsinə yüksələcək siyasi dəyişiklikəri proqnozlaşdırmaq üçün bu iki anlayışın qısa xarakteristikasına nəzər salmaq lazımdır”.
Heydər Oğuzun fikrincə, qlobalizm və millətçilik arasındakı münaqişə qlobal idarəçiliyin formalaşmasında millətlərin və beynəlxalq institutların rolu ilə bağlı fərqli baxışlardan qaynaqlanır: “Qlobalistlər dünyanın idarə edilməsində beynəlxalq əməkdaşlığın artırılmasını və Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və bəzi regional təşkilatlar kimi beynəlxalq institutların gücləndirilməsini müdafiə edirlər. Onlar qlobal çağırışların öhdəsindən gəlmək üçün kollektiv qərarların qəbuluna inanırlar. Əsasən azad ticari əlaqələri və açıq bazarları dəstəkləyir və bu münasibətləri iqtisadi artım, rentabellik və qlobal rifah üçün əsas mexanizmlərdən biri kimi görürlər. Bir-biri ilə əlaqəli və bir-birindən asılı olan dünya iqtisadiyyatının bütün bəşəriyyətə fayda verəcəyini düşünürlər. Bu səbəbdən də beynəlxalq qanunların və normaların dövlətlərin davranışının formalaşmasında mühüm rol oynadığı qlobal idarəçiliyə önəm verirlər. Ümumbəşəri insan hüquqları adı altında xüsusilə ikinci dünya dövlətlərini öz nəzarətlərində saxlamağa, milli suverenlikləri məhdudlaşdırmağa çalışırlar.
Millətçilər (ulusalçılar) isə ayrı-ayrı millətlərin suverenliyinə üstünlük verir və millətlərüstü təşkilatların daxili siyasətə əhəmiyyətli təsirinə qarşı çıxırlar. Onlar iddia edirlər ki, bir ölkənin işləri ilə bağlı qərarlar yalnız onun hökuməti və vətəndaşları tərəfindən qəbul edilməlidir. Ulusalçılar məhz bu məntiqdən çıxış edərək, yerli sənayeləri və iş yerlərini qorumaq üçün tariflər və ticarət maneələri də daxil olmaqla proteksionist iqtisadi siyasətləri dəstəkləyirlər. Onlar milli maraqlara zərər verdiyini düşündükləri azad ticarət sazişlərinə, milli-mənəvi əxlaqa zidd insan hüquqlarına şübhə ilə yanaşırlar. Milli kimliyin, mədəniyyətin, adət-ənənələrin qorunub saxlanmasına və inkişafına böyük əhəmiyyət verirlər. Ulusalçılar qloballaşmanın bu aspektlərə potensial təsirindən ehtiyatlanır, unikal milli xüsusiyyətlərin aşınmasından narahat olduqlarını bildirirlər. Milli təhlükəsizliyi, iqtisadi maraqları və mədəni harmoniyanı qorumaq üçün daha sərt immiqrasiya nəzarətini dəstəkləyirlər".
Heydər Oğuz hesab edir ki, son dövrlərdə Qərb dünyasında ulusalçı axınlar qlobalistləri üstələyir və bu proses 2016-cı ildə Böyük Britaniya parlamentinin qəbul etdiyi “Brixit” qərarı ilə böyük vüsət qazandı və yeni mərhələyə keçdi: “Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasından cəmi 1 il sonra - 2017-ci ildə ABŞ-da "Öncə Amerika" devizi ilə Donald Tramp hakimiyyətə gəldi. Qlobalistləri ciddi narahat edən bu iki hadisəyə kəskin reaksiyalar da özünü çox gözlətmədi. Trampın ABŞ millətçiliyi yolunda atdığı bir çox addımlar və səsləndirdiyi fikirlər həm Vaşinqtonda, həm də Avropada sərt müqavimətlərlə üzləşdi. Görünən bu idi ki, Qərb qlobalistləri və Çin, anqlosakson ittifaqın ulasallaşmasını özləri üçün ciddi təhdid olaraq görürlər, onun bütün dünyanı bürüyə biləcəyindən ehtiyalanır və qarşısını almaq istiqamətində əlbir olmağa çalışırlar. Trampa inansaq, məhz bu təhdidin qarşısını almaq üçün qlobalistlər və Pekin dünyaya “Çin virusu”nu - koronavirusu yaydılar. ABŞ məhkəmələri, ədliyyə orqanları Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün onun və komandasının adını “rus casus”una çıxardılar. Ümumiyyətlə, Trampın böyük beynəlxalq qalmaqallarla keçən ilk hakimiyyəti 2021-ci ildə başa çatdı. Amma bu müddət ərzində beynəlxalq milliyyətçi qanad da boş dayanmadı. Zənnimcə, II Qarabağ savaşı da ulasalçılığın ən mühüm həmlələrindən biri idi. Sonunda Tramp 2020-ci ilin sonunda keçirilən mübahisəli seçkiləri uduzdu. Trampsız keçən 4 il ərzində Azərbaycanın beynəlxalq qlobalistlərin ağır basqılarına məruz qalması da təsadüfi deyildi. Bu 4 il ərzində Ukrayna, Suriya, Qəzza və Livan müharibələri baş verdi. Hazırda Yaxın Şərq coğrafiyasında əsas hədəf oxları İraqa və İrana qarşı yönəlib. Yenə də Trampın əsas hədəfləri arasında ilk sırada Çin gəlir. Görünən budur ki, Tramp 2025-ci ilin yanvar ayında hakimiyyəti təhvil aldıqdan sonra dünyanın geosiyası savaşının gedişatı tamamilə başqa istiqamətlərə yönələcək.
Bundan əlavə, Avropanın bir çox ölkələrində qlobalistlər mövqelərini itirir, ulusalçılar hakimiyyətə doğru irəliləyir. Xüsusilə Almaniya və Fransada son zamanlar yaşanan hökumət böhranları da qlobalist-ulusalçı mübarizənin təzahürləridir. Bu baxımdan qlobal geosiyasi mübarizələrin Çin, Rusiya və Yaxın Şərqlə məhdudlaşmayacağını, Avropanın da bu burulğandan öz nəsibini alacağını düşünmək olar".
Siyasi şərhçi yeni geosiyasi mübarizə çərçivəsində Avropa İttifaqı strukturlarının böyük yaralar alacağını proqnozlaşdırır: “Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, qlobalist-ulusalçı mübarizəsinin əsas hədəfi dünyanın necə idarə olunması və dövlətlərin suverenlik hüquqlarının çərçivəsi ilə əlaqədardır. Qlobalistlər əcaib-qəraib insan hüquqlarını milli dövlətlərin suverenliyindən daha üstün görür, bəzən bu hüquqları bəhanə edib başqa dövlətlərin ərazilərini ələ keçirməyi belə özlərinin ana südü qədər halal haqqı bilirlər. Avropada bu siyasətlə qədim dünyanı ABŞ kimi federal və vahid bir dövlətə çevirməyə çalışırlar”.
Heydər Oğuz deyir ki, Avropa İttifaqı bu məqsədlə yaradılıb, vahid pul, vahid məhkəmə, vahid gömrük və s. kimi qanunlara keçib: “Vahid pul, məhkəmə sistemi, vahid gömrük tarifləri əslində federallaşmış vahid dövlət anlayışının tərkib hissəsidir. Bundan əlavə, Şengen müqaviləsi ilə faktiki olaraq Avropa ölkələrinin vətəndaşlarının ittifaq dövlətlərinə səfərləri önündəki bütün maneələr də ortadan qaldırılıb. Bu da əslində vahid vətəndaşlıq anlamına gəlir. Avropa İttifaqı Komissiyası və parlamenti ilə dövlət qanadlarının digər strukturları da - federal qanunverici və icraedici orqanlar yaradılıb və bu orqanlara milli dövlətlərin eyniadlı strukturlarından daha çox imtiyazlar verilib. Qısası, Avropa İttifaqı getdikcə ABŞ kimi federallaşma xətti tutub, bu da milli dövlət strukturlarında haqlı narahatlıqlar yaradır. Üstəlik, bir neçə iri dövlətin mənafeyinə uyğun olaraq Rusiya ilə münasibətdə hərbi qərarların qəbul olunması da xırda dövlətin əhalisini ciddi şəkildə əndişələndirir. Bu da azmış kimi, hərbi xərclərin artması da sosial müavinətlərin və imtiyazların azalması ilə nəticələnir ki, Avropa İttifaqının təqaüdçü vətəndaşlarını millətçiliyə yönəlməsini tətikləyir. Beləcə, Avropa get-gedə ulusallaşır, hakimiyyətlərin milli mənafeyə üstünlük verdikləri üçün daha çox səs qazananların əlinə keçir. Yəqin ki, 2025-ci ildə milliyyətçi axım Avropada daha çox tərəfdar toplaya biləcək və ulusallaşan toplumlar arasında qopmalar başlayacaq. Nəticədə Avropa İttifaqının strukturları da ya ulusalçıların əlinə keçəcək, ya da tamamilə dağılacaq. Eyni sözləri BMT və digər beynəlxalq strukturlar barədə də demək olar”.
Heydər Oğuzun fikrincə, 2025-ci ildən başlayaraq, Tramp hakimiyyətinin yürütdüyü siyasətlər nəticəsində ABŞ öz qınına çəkiləcək, Avropa İttifaqı isə təsir gücünü itirəcək: “Nəticədə dünya geosiyasətində yaranmış boşluqları daha çox regional qüvvələr dolduracaq. Xüsusilə də bizim aid olduğumuz məkanda - Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq və Afrikanın şimalında Türkiyənin çəkisi daha da artacaq və bu regionlar zamanla Ankaranın tam nəzarətinə keçəcək. Zənnimcə, 2025-ci ildən etibarən bu dəyişikliyin vüsət alması ilə qarşılaşacağıq”.
Yaxın Şərq coğrafiyasında da ciddi dəyişikliklərin yaşanmasını istisna etməyən həmsöhbətimiz həm İran, həm də ərəb dünyasında təlatümlərin baş verəcəyini düşünür: “Bilirsiniz ki, Suriyada vətəndaş müharibəsi "ərəb baharı" hərəkatının təsirləri nəticəsində ortaya çıxdı. Rusiya və İran bu proseslərin öz maraqlarına qarşı yönəlmiş hadisələr olduğunu düşünüb, inqilabi dəyişikliklərin qarşısını zorla aldılar. Artıq Suriyadakı rejim çöküb. Deməli, Rusiyanın və İranın da təsiri lokallaşdırılıb. Belə bir vəziyyətdə “ərəb baharı” röyasına yenidən başlamağın yeni əsasları yaranıb. Eyni zamanda İran da küncə sıxışdırılıb və kiçik bir həmlə ilə onu laxlatmaq mümkündür. Böyük ehtimalla beynəlxalq güc mərkəzləri İranda da fürsəti fövtə verməməyə çalışacaqlar. Nəticədə cənub qonşumuzda sosial fırtınaların qopması gözləniləndir".
Yeni dünya nizamının Azərbaycan üçün bəzi risklər və ciddi fürsətlər də yaradacağını proqnozlaşdıran Heydər Oğuz fikrini belə yekunlaşdırıb: “Rusiya-Türkiyə-İran rəqabəti güclənəcək və bu da bizim xarici siyasətimizə mütləq mənada təsir göstərəcək. Yaxın Şərqdə İsrailin mövqelərini gücləndirməyə çalışması da Azərbaycanın vasitəçilik imkanlarını artıracaq. Xüsusilə Türkiyə ilə İsrail arasında körpü rolu oynamaq ehtimalımız var və bu da İran tərəfindən birmənalı qarşılanmayacaq. Beləcə, bir tərəfdən Rusiyanın, digər tərəfdən isə İranın təzyiqləri altında qalacağıq. 2025-ci ilin əvvəlində artan bu təzyiqlər ilin sonuna qədər səngiyəcək və növbəti 5 illikdə biz, sözün geniş mənasında, regional gücə çevirə bilərik. Təbii ki, bu perspektiv Azərbaycan üçün həm də ciddi riskləri bərabərində gətirəcək. Hesab edirəm ki, bu imtahandan üzü ağ çıxmağı və Türk Birliyi xəttində dayanmağı bacarsaq, növbəti yüzilin ən çox qazanan ölkələrindən birinə çevrilə bilərik”.
Musavat.com