Bizi sosial şəbəkələrdən izləyin:
"Cənubi Qafqazda yenidən gərginlik yaratmaq istəyən qüvvələr var. Xüsusilə bəzi qərb dövlətləri burada öz mövqelərini daha çox önə çəkmək məqsədilə müxtəlif gedişlər edir. Hətta Ermənistanın ardıcıl silahlanması fonunda şərti sərhəddə tərəfləri qısamüddətli hərbi toqquşmalara çəkmək niyyətləri də var".
Moderator.az bildirir ki, bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan isə indiki halda hərbi qarşıdurmada maraqlı deyil:
“Nikol Paşinyan ümumiyyətlə hərbi qarşıdurmadan qaçmağa çalışır. Çünki bunun nəticələrini o əvvəlcədən bilir. Əslində isə ona qarşıdakı seçkilərdən qalib çıxmaq üçün sülh lazımdır. Münasibətlərin bərpası, sərhədlərin açılması, yeni iqtisadi münasibətlərin formalaşması Paşinyana gələcək seçkilərdə qələbə üçün yüz faizlik təminat hesab edilir”.
Politoloq bildirib ki, Azərbaycan öz ərazilərini geri qaytarıb və Qarabağda tam nəzarəti həyata keçirməsindən sonra əlavə proseslərdə maraqlı deyil:
“Bakının tələbi odur ki, bütün dünya, o cümlədən İrəvan onun qələbəsini tanısın. Addım-addım da buna nail olunur. II Qarabağ müharibəsindən sonra Azərbaycan qlobal əhəmiyyətli COP29-a ev sahibliyi etdi. Dünya dövlətlərinin təmsilçiləri Bakıya gəlmişdi. Bu eyni zamanda Azərbaycanın formalaşdırdığı yeni situasiyanın qəbul edilməsi deməkdir”.
Zərdüşt Əlizadə hesab edir ki, bu gün Ermənistan tərəfindən Azərbaycanla sərhəddə kimin gəlməsindən asılı olmayaraq vəziyyəti dəyişdirmək mümkün deyil:
“Polşa Prezidenti Andjey Dudanın Avropa İttifaqının Ermənistandakı missiyasının üzvləri ilə birgə Ermənistan və Azərbaycan arasında şərti sərhəd bölgəsinə səfəri də heç nəyi dəyişə bilməz. Belə Dudaları biz orada çox görəcəyik. Burada hər şey Bakı və İrəvandan asılıdır. Dekabrda tərəflər yenidən sülh masasına qayıdacaq. Ümidvarıq ki, gələn ay başlanan sülh danışıqlarında irəliləyişlər olacaq. Bundan sonra prosesləri ardıcıl olaraq irəliyə aparmaq mümkündür”.