Bələdiyyə seçkiləri: hansı partiyalar iştirak edəcək? - Sorğu
Siyasət
191
16:26, Bu gün

Bələdiyyə seçkiləri: hansı partiyalar iştirak edəcək? - Sorğu

Azərbaycanda gələn ilin yanvarın 29-da növbəti bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi Təqvim Planına əsasən, artıq namizədlərin irəli sürülməsinə başlanılıb.

Moderator.az bildirir ki, Teleqraf.com partiyaların bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı soğru keçirib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təmsil etdiyi siyasi təşkilatın bütün seçkilərdə olduğu kimi qarşıdan gələn bələdiyyə seçkilərinə də hazır olduğunu bildirib.

“Bələdiyyə seçkiləri də müstəqillik tarixində ilk dəfə olaraq bütöv Azərbaycan ərazisində keçiriləcək. Buna qədər növbədənkənar prezident və parlament seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərinə baş tutub”, - deyə o əlavə edib.

YAP təmsilçisi qeyd edib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük islahatlar həyata keçirilir: “Ölkəmiz bu gün öz tarixinin yeni bir dövrünü yaşayır. 200 illik bir tarixi dövrdə Azərbaycan öz suveren ərazilərində iki seçki prosesini keçirib. Artıq bələdiyyə seçkilərinə start verilib. Mərkəzi Seçki Komissiyası artıq bələdiyyə seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb. İlk dəfə olaraq işğaldan azad edilən ərazilərdə bələdiyyə seçkiləri baş tutacaq”.

Siyavuş Novruzov bildirib ki, bələdiyyələrin birləşməsi ilə bağlı artıq zəruri addımlar atılıb: “YAP bu il iki böyük seçki prosesini uğurla başa vurub. Partiya aparatı seçki ilə bağlı işləri uğurla icra edib. Bələdiyyə seçkiləri ilə bağlı YAP-da artıq işlər başlayıb. Seçkilər elan edildikdən sonra 685 bələdiyyəyə YAP tərəfindən müvafiq namizədlər irəli sürüləcək. İşğaldan azad edilən ərazilərdə də formalaşacaq bələdiyyələrdə YAP-ın namizədləri təmsil olunacaq”.

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı bələdiyyə seçkilərində iştirakla bağlı hələlik qərar vermədiklərini bildirib: “Gələn həftə Müsavat partiyasının bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qərarı açıqlanacaq”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı seçkilərin onlar üçün olduqca vacib olduğunu bildirib:

"VHP yarandığı gündən bütün seçkilərdə iştirak edib. Hazırlıqlarımız xeyli müddətdir başlayıb. Bir neçə gün sonra namizədlərimizlə bağlı sənədləri müvafiq qurumlara təqdim edəcəyik".

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də seçkilərdə iştirak edəcəklərini deyib:

"Biz də hazırlıqlara başlamışıq. Seçkilərdə mütləq iştirak edəcəyik. Partiya təşkilatları namizədləri müəyyənləşdirir. Seçki kampaniyasına hazırlaşırıq. Onu da vurğulayım ki, bələdiyyə seçkiləri bizim üçün mühüm əhəmiyyət kəsb edir".

Razi Nurullayev də Milli Cəbhə Partiyasının (MCP) bələdiyyə seçkilərində iştirak edəcəyini bildirib:

"Rəhbərlik etdiyim partiya seçkilərdə iştirak edəcək. Ümumiyyətlə, biz boykot tərəfdarı olmamışıq. Seçki komissiyası yaratmışıq, hazırda fəaliyyət göstərirlər. MCP-nin iclası çağırılıb, şöbələr dəvət olunub. Bu gün məsul şəxslərə seçkilərlə bağlı vacib təlimatlar veriləcək".

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı digər həmkarları ilə eyni fikirdə olduğunu vurğulayıb:

"Bələdiyyə seçkilərinə xüsusi önəm vermişik. Baxın, biz demək olar ki, bütün seçkilərdə uğur qazanan 2-3 partiyadan biriyik. Ənənəmizi davam etdirəcəyik. Unutmayaq ki, bələdiyyələr vacib institutdur. Ümidvaram ki, onlar yeni çağırışlara uyğun formalaşacaq. Qeyd etdiyim kimi, seçkilərdə iştirak etmək niyyətindəyik".

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı seçkilərdə iştirakla bağlı mövqelərini belə ifadə edib:

"Partiya olaraq bələdiyyə seçkilərində iştirak edəcəyik. Bələdiyyələr bizim üçün hər zaman önəmli olub. Yaxın günlərdə namizədlərlə bağlı qərar verəcəyik".

REAL Partiyası da seçkilərdə iştirak edəcək. Təşkilat sədri Natiq Cəfərli saytımıza açıqlamasında bunu təsdiqləyib:

"Partiyanın yarandığı gündən seçkilərdə iştirakın tərəfdarıyıq. Seçkilərin vacib institut olduğunu hər zaman vurğulamışıq. İştirak edəcəyik, amma hansı bölgələrdən üzvlərimizin namizədliyini irəli sürəcəyimizə dair qərarı yaxın günlərdə verəcəyik. Bu barədə müzakirələrimiz davam edir".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da seçkilərdə iştirakla bağlı qərar verdiklərini bildirib:

"Seçkilərdə iştirak edəcəyimizə dair qərar vermişik. Partiyamız namizədlərin və müşahidəçilərin siyahısını hazırlayır. Ümid edirəm ki, prosesdə aktiv rol alacağıq".

Elşad Musayev rəhbərlik etdiyi Böyük Azərbaycan Partiyasının seçkilərdə iştirak edəcəyinə dair suala aydınlıq gətirib:

"Bizim partiya prezident, parlament seçkilərindən sonra bələdiyyə seçkilərində də iştirak etmək niyyətindədir".

Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkilərdə iştirak etməyəcək. Partiya sədri Əli Kərimlinin köməkçisi Ruslan Əmirov bunun mümkünsüzlüyündən danışıb:

"Mövcud şəraitdə biz bələdiyyə seçkilərində iştirak etməyəcəyik".

Link kopyalandı!
Son xəbərlər