Ermənistan Parisin Tehran ilə gizli əlaqə kanalı kimi - Fransa xəyanətinin təfərrüatı
Siyasət
201
13:38, Bu gün

Ermənistan Parisin Tehran ilə gizli əlaqə kanalı kimi - Fransa xəyanətinin təfərrüatı

Ermənistan Fransa və İran arasında gizli vasitəçi rolunu oynayır və tərəflər arasında mesajları ötürür.
 
Bu barədə Caliber.Az diplomatik mənbələrə istinadən xəbər verib.
 
Bildirilir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçı (14 noyabr) və Fransanın XİN rəhbəri Jan-Noel Barrot (16 noyabr) ilə telefon danışıqları aparıb. Budapeştdə Avropa Siyasi Birliyi sammiti çərçivəsində Paşinyanla Makronun 7 noyabr görüşündə sonuncu erməni baş nazirinə İrana mesajların çatdırılması üçün təlimatlar verib. Fransa Yaxın Şərq və Afrikadakı çoxillik təcrübəsinə əsaslanaraq, Ermənistanı yeni müştərisinə çevirmək üçün Paşinyandan istifadə edir və faktiki olaraq onu yeni müstəmləkəsinə çevirir.
 
Ermənistanda gözlənilməz istefalar
 
Ermənistanda gözlənilməz istefalar bu hadisələrlə bağlıdır. Xatırladaq ki, bu günlərdə daxili işlər naziri Vaqe Qazaryan, Korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri Sasun Xaçatryan, İstintaq Komitəsinin sədri Argişti Kyaramyan və digər məmurlar istefa veriblər. Qeyd edək ki, Paşinyanın məktəb yoldaşı və yaxın silahdaşı olan daxili işlər naziri müxalifətə qarşı sərt repressiyaların həyata keçirilməsində əsas rol oynayıb. Lakin buna baxmayaraq, Paşinyanı özünün yeni proksisi hesab edən Qərb susur.
 
Fransa və İran arasında Ermənistan vasitəsilə aparılan gizli danışıqlar haqqında məlumatın sızması məhz istefa verənlər vasitəsilə baş verib - onların arasında, həmçinin, Paşinyanın ətrafında qalanlar arasında ABŞ və digər Qərb strukturları ilə əlaqəli çox sayda insan var. Buna görə də Paşinyan onlarla vidalaşmaq qərarına gəlib. Bu məlumat Caliber.Az-ın mənbələri tərəfindən 100% təsdiqlənib.
 
Makron rejiminin ikili standartları
 
Bu hadisələr, hətta Qərb ölkələrini də aldadaraq İranla ayrıca danışıqlar aparan Makron rejiminin riyakarlığını nümayiş etdirir. Avropa İttifaqı İrana qarşı yeni sanksiyaları müzakirə, hətta tətbiq edərkən Makron Ermənistan vasitəsilə Tehranla gizli danışıqlara başlayır.
 
Bu, həmçinin, Fransanın NATO üzrə müttəfiqi olan ABŞ-yə, o cümlədən İrana qarşı Vaşinqtonun siyasətini sərtləşdirmək niyyətində olan yeni seçilmiş prezident Donald Trampa xəyanətidir.
 
Fransa və İran arasında tarixi əlaqələr
 
Əslində, Parisin Tehrana ənənəvi marağını nəzərə alsaq, burada təəccüblü bir şey yoxdur. Ayətullah Xomeyninin Fransada mühacirətdə olduğunu və İslam İnqilabından sonra "Air France" təyyarəsi ilə İrana qayıtdığını xatırlamaq kifayətdir. Son zamanlara qədər TOTAL və "Peugeot" kimi Fransa şirkətləri, Qərbin sanksiyalarına baxmayaraq, İranda fəaliyyətlərini davam etdirirdilər.
 
Ermənistana silah tədarükü
 
Bu kontekstdə Fransanın Ermənistanı silahlandırmasında İranın vasitəçiliyini də xatırlatmaq lazımdır. Məlum olduğu kimi, "Caesar" artilleriya sistemlərinin və digər silahların bir hissəsi İran ərazisi vasitəsilə Ermənistana çatdırılıb.
 
Ermənistan İran vətəndaşlarının Fransa kəşfiyyatı üçün cəlb edilməsi prosesində vacib həlqə olaraq qalır. Bu onun ərazisini belə əməliyyatlar üçün ən əlverişli məkanlardan birinə çevirir.
 
Fransanın İrana Ermənistan vasitəsilə hansı mesajları ötürdüyü barədə ətraflı məlumatımız var. Bu məlumatlar, lazım gələrsə, dərc ediləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər