“Dövlətin nüvəsi varsa güclüdür, söz sahibdir”
Siyasət
1089
13 Nov 2024 | 14:23

“Dövlətin nüvəsi varsa güclüdür, söz sahibdir”

“Dünyanı Allahın yaratdığı uşaqların yaşayacağı yerə çevirə bilməsək, qaranlığa qərq olarıq.Biz bir-birimizi ya sevməli,ya da ölməliyik”.
 
                                                                                                                       ABŞ-ın 36-cı Prezidenti Lindon Conson
 
Yer kürəsinin zəngin və bərəkətli  üzündə hamıya yer var.Hamı orada dolana  və yaşaya bilər. Dünyaya açılan bu yol aşırımlı və ziqzaqlı olsa da, hər birimizə bəs edir.  Amma bu geniş dünyada həddi aşıb yolunu azmışlar da, az deyil . Paxıllıq, qisas hissi və xəbisliklə qəlbləri zəhərləyib bəşəriyyətin əmin amanlığına qənim kəsilən Liderlərin olması acı təəssüf doğurur. Nahaq qanlar tökülür. Güc tapıb bu çətinliklərdən çıxmaq istəsək də, alınmır. İnsan oğlu bəzən Allahın yaratdığı möcüzələrə heyrət edib, çox düşünüb daşınsa da,Onun hikmət və qüdrət nişanələrini anlamır,dərk etmir.İnsanlığın bəlkə də, ağıldan çox insanpərvərliyə, xeyirxahlığa  ehtiyacı var.İnsanlığa xas dəyərlər itdikcə yer üzündə zorakılıqlar tüğyan edir, qaçqınlıq və köçkünlük, miqrant həyatı adi hala çevrilir...  
 
Təyyarənin ixtirası, radionun və telefonun kəşfi insanları bir az da bir-birinə yaxınlaşdırdı. Bu kəşflər də ,təbiətcə bizdən xeyirxahlıq tələb edir, ümumi maraqlar və ictimai həmrəylik naminə vahidliyimizi zəruri edir. Kim bu dəyərlərə riayət edə bilirsə, onun səsi günahsız qətlə yetirənlərə,rezin qayıqla Aralıq dənizində batanlara, haqsız məhbus həyatı yaşayanlara və  işkəncələrə məruz qalanlara gedib çatacaq. Haqlı insanları, haqq deyib haray qoparan xalqları dinləmək,onların dərdlərinə şərik olmaq imandandır.Müasir anlamda ifadə etsəm,inkişaf etmiş ölkələr,inkişaf etməkdə olan ölkələrə dəstək olmalıdırlar!Yoxsa,hara gedəcəyimizin istiqaməti bilinməz! 
 
Bəşəriyyətin tərəqqisi qarşısında ümidsizliyə qapılmaq, insanlara qarşı açıq həyasızlıq və hörmətsizliklər halları davam edir. Vikipediyada dünyanı idarə edən diktatorlar barədə ətraflı məlumatlar yer alıb.Onların hamısı artıq bu fani dünyanı  tərk edib, ölüb gediblər . Xalqdan qamarladıqları hakimiyyət isə yenə xalqa-sahibinə qayıdıb. Qəddar, amansız və kobud insanların Liderlik etdikləri dövlətlərdə qərar tutmaq, haqsızlıqlara və ədalətsizliklərə tab gətirmək də,çox çətindir.Belə neokolonial siyasi təfəkkürə və qeyri ciddi diplomatiyaya xas dövlətlərin əsarəti altında olan  xalqların  hüquq və azadlıqları tez-tez pozulur,qaba rəftarla müşayət olunan davranışlar  müstəqillk məhfumunu ayaq altına atır, kiçik  dövlətlərin vətəndaşlarına “heyvan” kimi baxılır, əsarət altında olan ölkələri diktatorlara xas, sərt metodlarla idarə etməyə üstünlük verirlər. Qəlbsiz və mərhəmətsiz belə liderlərdən, maşın ağlında və maşın düşüncəsinə malik robot  idarəçilik ”Ustalarından” uzaq durmaq gərəkdir.
 
Böyük Britanyanın dövlət və siyasi xadimi, hərbi jurnalist və yazıçı (1874-1965) Uinston Çörçill diktatorlar siyahısının ilk sırasında Hitlerlə bir cərgədə qərar tutan Stalin haqqında görün nə yazır: Rusiyanın sınağa çəkildiyi ağır illərdə ensiklopedik siyasi və hərbi ağıla malik, məğlubedilməz sərkərdə Stalinin bu ölkəyə rəhbərliyi   böyük xoşbəxtlik idi. O, görkəmli şəxsiyyət kimi zamanın dəyişən və tarixin qəddar vaxtlarında hamıya görk və örnək olacaq sivil fəaliyyət  nümayiş etdirə bilirdi. Stalin heç kimə xas olmayan enerjiyə, əyilməz iradəyə malik,söhbət əsnasında həmin dövrün tələbinə uyğun sərt ,bəzən də, amansız siyasi bir persona kimi tarixdə xatırlanır. Hətta Böyük Britaniya Parlamentində ərsəyə gəldiyim mən də, onun sözlərinə qarşı bir arqument tapıb qoya bilmirdim. O, böyük yumora xas sərkərdə və lider olmaqla həm də,istehzalı və kinayəli xarakteri var idi. Müzakirələrdə söylənilən fikirləri dəqiq anlayardı, əlavə şərhə ehtiyac duymazdı.  Bu kefiyyətlər Stalində o qədər güclü idi ki, dövlətlərin və xalqların bütün dövrləri üçün  onun əvəzolunmaz və təkrarolunmaz lider kimi dəyərləndirilməsi şəksiz olurdu. Stalin hər birimizə xoş təəssürat bağışlayardı. O, dərin, hər cür panikadan, qəfil qorxu hisslərindən uzaq idi. Hətta ,çətin anlarda ,çıxılmaz və ekstremal vəziyyətlərdə ustalıqla çıxış yolu tapardı.O, məğlubedilməz və qeyri adi bir şəxsiyyət kimi hörmətə və ehtirama layiq idi. Böyük bir imperiyanı yarada və onu özünə tabe edə bilmişdi. Dünyada onun bərabəri olmayıb. Rusiyanı xışla (Rusiyanın şərqi avropasında, Slavyan xalqlarının meşə zolağında torpağı şumlayan vasitə) qəbul edib, nüvə silahı ilə təhvil vermişdi...
 
Bir anlığa qoca tarixin 1830-cu illərində Polyak xalqının əzab və işkəncələrə,zülmə məruz qalması barədə səhifələrini gözümüzün önünə gətirək...
 
1832-ci ildə Polşanın Rusiya, Prussiya və Avstriya tərəfindən bölünməsindən onilliklər ötüb və həmin dövrdə polyakların öz azadlıqları uğrunda üsyanı Ruslar tərəfindən qəddarlıqla yatırılmışdı. Polyak yazıçısı, şairi və dramatrurqu, polyak milli azadlıq hərəkatının iştirakçısı, siyasi publisist, XIX əsr Dünya Ədəbiyyatına böyük töhfələr verən, (O, Belarusiyada anadan olmuş, 26.XI.1855-ci ildə Türkiyədə, indiki Beyoğluda vəfat etmişdir) müasir Polşa millətçiliyinin atası  Adam Bernard Mitskeviç Polşanı “Millətlərin Məsihisi” adlandırmışdı. Polşanın dəhşətli əzabları Məsihinin fədakarlığı ilə müqayisə ediləcək və bəşəriyyətə nümunə olacaq qəhrəmanlıqdır-, deyə vurğulamışdı. “Polşa Məsihi kimi ölümdən dirilib qayıdacaq”- deyirdi. Yazıçı özünü milyon sayırdı. Milyonlarla insanın iztirablarını çəkdiyinə görə- “Mən, milyonam” , qənaətinə gəlirdi.
 
Keçmiş və müasir dünya sanki mütləq gücə sahib diktator Liderlər tərəfindən idarə olunu(b)r. (Diktator, Qədim Romada xarici və daxili təhlükəyə qarşı senat tərəfindən təyin edilən və qeyri-məhdud ixtiyar və səlahiyyətə malik olan şəxsə deyilərdi. ( e.ə.509-cu ildə) Diktator latın dilində “mən dedim” və yaxud “belə istəyirəm” , “belə olmalıdır” , mənasını verir. Belə rejimlərdə hüquq və azadlıqlar sərt şəkildə boğulur və ya ləğv edilir...)
 
Nobel mükafatı laureatı, Kolumbiya yazıçısı Qabriyel Markes “Yüz ilin tənhalığı” əsərinin sujeti ilə bağlı yazır: Qələmə aldığım əsərə, (“Yüz ilin tənhalığı”nı nəzərdə tutur) heç ad da qoymamışdım. İş çox ləng gedir, nəsə mane olurdu. Kitab diktatorun həyatından bəhs etdiyi üçün vəzifəsindən devrilmiş və məhkəməyə verilmiş diktator məhkəmə prosesi zamanı öz həyatından danışmalıydı. Bu ideyanı Soso Blankanın Havanadakı məhkəmə baxışı zamanı əldə etmişdim. Mənə elə gəlirdi ki, indi bu cür məhkəmə gedişatı təkrar oluna və Kuba inqilabı bunu özünə rəva görə bilməzdi. Bu hadisə inqilabdan dərhal sonra, Xalq İnqilabı məhkəmələri yaradıldıqdan az sonra baş vermişdi. Kuba inqilabı bəşər tarixində, bəlkə də, yeganə inqilab idi ki, onun gedişində xalq heç kəsi edam etmək istəmədi, küçəyə axışaraq ədalət hökmünü özbaşına icra etməyə cəhd göstərmədi. Lakin ölkədə hərbi “cinayətkarlar” vardı, onlar xalq məhkəməsinin hökmü ilə ölümə göndərilməliydi ki, sonralar heç kəs deyə bilməsin ki ,ölkə sallaqxanaya çevrilib.
 
Müəllif davam edir: Belə bir vəziyyətdə Kuba inqilabı müstəsna bir işə-Batistanın generalı Soso Blankanı edam etmək qərarına gəlmişdi. O, Nikaraqualı general Samosanın yolu ilə gedirdi...
 
Soso Blankanın işinə bütün dünya jurnalistlərinin iştirakı ilə,açıq məhkəmə prosesində baxılırdı. Bu, həyatımda gördüyüm ən müdhiş mənzərələrdən biri idi. Onu stadionda mühakimə edirdilər. Müqəssir-diktator, ittihamçılar və məhkəmənin bütün üzvləri ilə birlikdə stadionun ortasında durmuşdu. Boks yarışlarında olduğu kimi stadion izləyicilərlə dolu idi. Stadionun həndəvərində cürbəcür içkilər və yeməklər satılırdı.O dövrün  fahişələri stadiondan çıxanlara xidmətlərini təklif edirdilər. Məhkəmə səhərəcən çəkdi. Hər şey lap yarmarkadakı kimi idi, əsl gəzintiyə oxşayırdı...
 
Məhkəmə axşam saat 7-də başlandı və səhər saat 6-da başa çatdı. Müttəhim ölümə məhkum edildi. Onun törətdiyi bütün qanlı cinayətlər, amansız əməlin qurbanları qohumları da məhkəməyə dəvət olunmuşdu. Qara geyinmiş yüzlərlə qadın qarşımızdan keçib gedirdi, sanki, hər şey əvvəlcədən bir ssenari üzrə hazırlanmışdı. Bütün bunlar- gördüklərim və seyr etdiklərim dəhşət idi. Həmin gecə məni çox sarsıtmışdı. Kirimişcə yerimdə oturub, diqqətlə qulaq asırdım. Ölüm hökmü oxunan zaman mən fotoqraflarla birlikdə müttəhim Blanka ilə üzbəüz durmuşdum. Ölüm hökmü oxunanda onun sifətində bircə əzələ belə tərpənmədi. Amma hakim hökmü elan edərkən «ölüm» sözünü işlədəndə, diktatorun dizləri titrəməyə başladı...Bu,əsərim üçün tapıntı idi... Elə həmin andaca düşündüm: “Diktatorlar qorxaq olurlar. Mənim çoxdan bəri axtardığım “diktator” tapılmışdı, həsrətində və bitirməkdə olduğum  kitabın sujeti artıq bəlli oldu. Diktator mühakimə olunurdu... 
 
Diktatorları yaxından görmək məqsədilə İspaniyanın diktator lideri Franko ilə də görüşmək, hətta qəbuluna düşmək istəyirdim. Yəqin, düşə də bilərdim, ancaq izah edə bilməzdim ki, onu nə üçün görmək istəyirəm. Axı, nə cür deyəydim ki, mən bu “köpəkoğlu” haqda kitab yazıram.Əsərin müəllifi daha sonra yazır:
 
“Diktatorlar haqqında çox yazılanları, məktubları, bioqrafiyaları, reportajları oxumuşam. Özüm yazmağa başlayanda həmin faktlara, real hadisələrə büsbütün göz yumaraq, yalnız diktatura rejminin  mexanizmini təşkil edən “qayda-qanunlardan” istifadə etməyə çalışırdım. Çalışırdım ki, qəhrəmanım real diktatorların heç birinin əks tayı olmasın, lakin hamısına oxşasın...”
 
Tarixə nəzər yetirdikdə, diktatorların öz fərdi prototipləri olur. Məs:  Anastasia Samosa (Nikaraquanın 1967-1979-cu illəri əhatə edən 44 və 45-ci Prezidenti ) heç bir təhsili olmayıb. Gəncliyində iri buynuzlu heyvanlara çobanlıq edib. Onun hakimiyyətdə olduğu dövrdə əhalinin ümumi savadlığı 11% təşkil edib. Əslən  Hindli olub. 25 yaşında olrduya qatılır. İkihücrəli qəfəsi məhz o, qoca Samosa ixtira etmişdi. Qəfəsin bir hücrəsinə yırtıcı heyvan – pələng, digərinə isə siyasi dustaqları salırdı. Bu qəfəs onun bağında qoyulmuşdu və evinə  gələn qonaqlar bu vahiməli səhnəni izləyərək qəfəsin yanından keçib getməli olurdular.
 
Venesuelanın Prezidenti Xuan Visente Qomes isə fərqli və nadir xaraketerə malik olub. Venesuelalılar ona bəraət qazandırmışdılar. Başqa sözlə desək, onun vəhşiliklərini, törətdiyi cinayətləri yadda saxlasalar da, bu şəxsiyyətin xarakterindəki milli xüsusiyyətləri unutmamışdılar. Çünki o, doğrudan da, intuitiv ağlı (həssas, məntiqi mühakiməyə əl atmadan həqiqəti duymaq, hadisələrin mahiyyətinə nüfuz edə bilmək) və eldən gələn qəribə müdrikliyi ilə seçilirdi. 
 
Çili dövlət və hərbi xadimi Avqusto Pinoçet-diktator  diktatorlara belə qiymət verir: “Tarix göstərir ki diktatorların sonu çox pis olur.” Sonra deyir: “Mən diktator deyiləm, sadəcə mənim sifət cizgilərim belədir”- deməklə əməllərinə bəraət qazandırırdı.
 
Azad ensiklopediyanın vikipedik məlumatına görə ötən əsrin diktatorlarından Adolf Hitler, Karlis Urmanis (Latviyanın nazirlər prezidenti, 4 dəfə baş nazir olub) , Benitto Mussolini, İosif Stalin də olub. Fransisko Franko (İspan diktatoru) sağlığında Yuli Sezar, Böyük Kral, Əfsanəvi Sid, II Filippin və digər dahi şəxsiyyətlərlə müqayisə olunardı. Ölümündən sonra isə o, qəddar diktator kimi yadda qaldı. O,Stalin və Hitler kimi despotlarla eyni cərgədə dururdu. Antonio di Salazar (Portuqalyanın baş naziri) , Nikolay Çauşeski (Ruminya kommunist partiyasının baş katibi) , Ənvər Xoca (Albaniyanın siyasi lideri, ölkəni Stalin rejimi ilə idarə edib), İosif Broz Tito (Yuqoslaviya) , Fidel Kastro (Kuba) ,Avqusto Pinoçet (Çilinin sabiq Prezidenti) , Kim İr Sen (KXDR-nin banisi) ,  Mao Tsezedun (Çin) , Çan Kay Şi (Çin Resbulikasının Prezidenti, generali- simus),Muammer Qəddafi (Liviyyanın dövlət başçısı) , Jan Bedel Bokasso (Mərkəzi Afrika Respublikasının Prezidenti) , Səddam Hüseyin (İraq) , Hafiz Əsəd (Suriya) və digərlərini də diktator liderlər adlandırırlar...
 
 Azərbaycan xalqının 30 il ərzində erməni nasistlərinin insanlıq əleyhinə olan xüsusilə ağır cinayətlərini, nadir amansızlıqlarını, qeyri insani rəftarlarını, -Xocalıda, Kəlbəcərdə, Zəngilanda, Xocavənddə və.s digər işğal olunmuş ərazilərdə QƏTLİAMını xatırlayaq...BMT  qəbul etdiyi qətnamələrinin icrasına susqunluq nümayiş etdirdi. 30 il ərzində çəkdiyimiz iztirablara kim şərik ola bildisə, kim yanımızda durdusa, Tanrı da,onun yanında oldu.Qələbəmizə sevinənlər dostlarımız idi...Son nəticədə Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin əzmkarlığı qarşısında duruş gətirrə bilməyib hüzurunda boyun əydi,təslim olması haqda üç tərəfli saziş imzalandı...
 
Xalqımız uzun illər mistik təfəkürlü dünyanın mütləq gücə maik liderlərinin vandal davranışlarının, soyqırım niyyətli əməllərinin girovuna çevrilib. “Verilən qurbanlar millətimizin dözümlülüyünün xilası olacaq”- şüarları işimizi çətinə salmışdı... Şuşanın işğalı, Xocalı, Kəlbəcər, Malibəyli, Quşçular qətliamı (1992) , Qaradağlı (Xocavənd R-NU 1992.17.02) , Ağdaban soyqrımı (1992.08.04), Başlıbel (1993.02.04;08) faciələri Müstəqil Azərbaycanın qanlı  tarixində heç vaxt unudulmur və heç vaxt unudulmayacaq!
 
İkinci dünya müharibəsindən sonra nüvə silahının kəşfi hər şeyi dəyişdi. Hirosimadan sonra bəşəriyyət bir az da, qorxuya düşdü. Patriotizm şovinst ultramillətçiliyə çevrildikcə problemlər  münaqişələrə zəmin yaratdı. Millətçilik dəhşətli müharibələrə dəhliz açdı və ona dəstək verən dövlətlər də tapıldı. Özəl maraqlar bəşəri maraq və dəyərləri üstələdi. “Hansı dövlətin nüvəsi varsa ,güclüdür və söz sahibidir”. İndi də diktatorlar nüvə silahlarından istifadə ilə dünyaya barmaq silkələyib, hədələyirlər... 
 
1964-cü ildə Amerika Prezdentliyinə namizəd Lindon Consonun seçki kompanyası ərəfəsində məhşur “Deyzi” reklamı televizya tarixində ən uğurlu reklam çarxı və təbliğat nümunəsi idi. Reklam televizyada yalnız bir dəfə göstərildi, amma böyük təbliğata çevrilib KİV-də səs-küyə səbəb oldu. Klip balaca bir qızcığazın əlindəki çobanyastığı çiçəyinin ləçəklərini bir-bir sayıb qoparmağı ilə başlayır. Lakin balaca qız sayıb 10-a çatanda klipdəki kişi səsi tərsinə - 10,9,...sıfıra çatanda ekranı nüvə partlayışı bürüyür.. Sonra przdentliyə namizəd Conson Amerika xalqına müraciət edir: “Bu, seçimdir. Dünyanı Allahın bəxş etdiyi uşaqların yaşayacağı bir yerə çevirək, yoxsa hamımız qaranlığa qərq olacağıq. Biz bir-birimizi ya sevməli, ya da ölməliyik.” Prezidentliyə namizədin xalqa belə bir müraciəti həm də dünyaya mesajı və siyasi müdrikliyi idi. 
 
Lakin “Deyzi” reklam çarxında Consonun qaldırdığı məsələ 1964-cü illə müqayisədə bu gün daha aktualdır. Terrorçulara xas xarakterik cəhətlər var.Onlar məqsədlərini nəzarətdə saxlamaqda ustadırlar.Az adam öldürür, amma milyardlarla adamı vahiməyə salır, Avropa Birliyi və Birləşmiş Ştatlar kimi nəhəng dövlətin siyasi strukturlarını silkələyə bildilər. 11 sentyabr 2001-ci ildən başlayaraq hər il terrorçular tərəfindən ümumilikdə 25.000 adam öldürülür (əsasən İraq, Əfqanıstan, Nigeriya və Suriyada). Müqayisə üçün hər il yol qəzalarında 80.000 avropalı, 40.000 amerikalı, 270.00 çinli və ümumilikdə dünyada 1,25 milyon adam həlak olur. Diabet üzündən ildə 3,5 milyon adam dünyasını dəyişir, ətraf mühitin çirklənməsindən ildə 7 milyon adam ölür. Yaxşı, bəs biz niyə xəstəliklərdən də çox, terrorizmdən qorxuruq? 
 
Sözün hərfi mənasından göründüyü kimi, terrorizm siyasi vəziyyəti dəyişib, maddi ziyan vurmaqdan çox,əhali arasında vahimə, qorxu yaymaq üçün tətbiq edilən hərbi strategiyadır. Bu, demək olar ki, həmişə düşmənə maddi ziyan vura bilməyən, zəif və cılız təfəkkürlü transmilli mütəşəkkil dəstənin törətdiyi cinayətlərin xüsusilə ağır növüdür.  Təbii ki, istənilən hərbi fəaliyyət qorxu yayır. Terrorçuluqda  qorxu əsas hekayətdir. Terrorçuların həqiqi gücü ilə onların törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi arasında heyrətamiz dərəcədə böyük qeyri-mütənasiblik var. 
 
Siyası vəziyyəti zorakılıqla dəyişmək həmişə asan və hamıya nəsib olmur. 1 iyul 1916-cı ildə Somi (Fransa ilə İngilətərə arasında gedən döyüş) döyüşünün birinci günündə 19.000 Britaniyanın əsgəri öldürülmüşdü, 40.000 əsgər isə yaralanmışdı. Noyabrda döyüş başa çatanda, hər iki tərəfdən milyondan artıq əsgər itirilmişdi. Lakin bu dəhşətli qırğın Avropada siyasi qüvvələr nisbətini dəyişmədi. Somi hücumu ilə müqayisədə terrorçuluq bu gün xırda məsələ olsa da, gələcəkdə nüvə terrorizmi, kiberterrorizmi və bioterrorizm artıq ciddi təhlükəyə çevrilir. Bu mənada  dünya liderlərindən və hökumətlərindən daha qətiyyətli addımlar atmaq tələb edilir. Məhz elə ona görə də, biz belə hipotetik ssenariləri adi, indiyə qədər gördüyümüz terror hücumlarından fərqləndirmək üçün çox ehtiyatlı olmalıyıq. Terrorçuların bir gün əllərinə nüvə bombası keçirəcəyi və Nyu-York,Berlin  şəhərlərini hətta Eyfer gülləsini də dağıdacağı qorxusu real görünür. 
 
Sonda: Daş dövrü qəbilələrinin də əxlaq kodeksi olub. On səkkizinci əsrin sonlarında ilk avropalı mühacirlər Avstraliyaya gəlib çatanda, oradakı aborigen qəbilələrin yaxşı inkişaf etmiş etik dünyagörüşü olduğunun şahidi olublar. Alimlərin qənaətinə görə bəşəriyyətin yaranmasından əvvəlki milyon il boyunca hökm sürən təkamül dövründə əxlaqın dərin kökləri olub. Bütün sosial məməlilərin - canavarlar, delfinlər və meymunların təkamülə uyğunlaşmış, qrup birliyini təmin edən yazılmamış əxlaq kodeksi olub. Məsələn, canavar balaları bir-birilə oynayanda "ədalətli oyun" qaydalarına riayət edirlər. Əgər canavar balası,digərini həddən artıq bərk dişləyərsə və ya arxası üstə qalmış və yaxud təslim olmuş balanı dişləməkdə davam edərsə, o biri balalar onunla bir daha oynamır.
 
Şimpanze dəstəsində dominant üzvlərin daha zəiflərin əmlak haqqına hörmət etməsi də diqqət çəkir. Əgər cavan dişi şimpanze bir ədəd banan tapırsa, alfa erkək (yəni dəstə başçısı) bunu onun əlindən almaqdan vaz keçəcək. Yox, əgər bu qaydanı dəstə başçısı pozarsa, böyük ehtimalla alfa öz statusunu itirəcək. Meymunlar nəinki zəif dəstə üzvlərini istismar etməkdən çəkinir, bəzən onlara aktiv şəkildə kömək göstərərək xeyirxahlıq edirlər. 
 
Qədim Orta şərqdə yaşayan homo sapienslər arasında da(zəkalı varlıq), "Öldürmə!" və "Oğurlama!" ehkamları-Şumer dövlətləri üsuli-idarəsində, Misir fironlarının və Babilistan imperiyasının hüquq və əxlaq kodekslərində yer tutan məşhur maddələr sayılardı. 
 
İri, inkişaf etmiş ölkələrdə dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edən,vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi hesab edən,ona zəmanət verən Konstitusiyalar,habelə BMT-nin nizamnaməsi dövlətlərin bir-birilərilə necə davranması üçün təkmil bir əxlaq kodeksidir. Amma xalqın iradəsini ifadə edən Ali normativ hüquqi aktlara və hamılıqla tanınan normalara,habelə beynəlxalq öhdəliklərə dövlətlərin əməl etməməsi acı təəssüf doğurur. Barı, məməlilərdən, yırtıcı heyvanlardan ibrət götürsünlər!..
 
Şəmsəddin Mənsuroğlu
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər