FATEH SULTAN MEHMET VƏ FATEH İLHAM ƏLİYEV - Aqil ABBAS yazır
Siyasət
292
19:21, Bu gün

FATEH SULTAN MEHMET VƏ FATEH İLHAM ƏLİYEV - Aqil ABBAS yazır

Türkiyənin TRT-1 kanalında belə bir serial gedir, indiyədək 22 bölümü nümayiş etdirilib, adı: «Mehmet: Fetihlər Sultanı». O sultan Mehmet ki, Konstantinopolu fəth edib, Türkün və İslamın bayrağını  bu şəhərə sancaraq adını dəyişib  İstanbul qoyub. 600 ildir Türkün və İslamın bayrağı  dünyanın paytaxtında, bəli, bəli, dünyanın paytaxtında dalğalanır. 

Filmdə və tarixi əsərlərdə Sultan Mehmetin Konstantinopolu fəth edənə qədər çəkdiyi iztirablar öz əksini  tapıb. Bütün gücü ilə sancaq bəyləri (yəni indiki dillə desək, qubernatorlar), hətta sədr-əzəm onu bu yoldan  çəkindirməyə çalışırlar, yeniçərləri üsyan etdirirlər. Sultan Mehmet xəyanətin  ortasında qalıb, amma səbr və təmkinlə bütün maneələri aradan  qaldırır və aprelin 6-da hücum əmri verir.

Hətta Bizans imperatoru ağır toplarla silahlanmış gəmilərin boğaza girməməsi üçün dənizə zəncir atdırır, amma Sultan Mehmetin əsgərləri  o gəmiləri quru yoldan daşıyaraq boğaza daxil ola bilirlər. Səhər Bizans imperatoru ayılır ki, gəmilər artıq Konstantinopolu mühasirəyə alıblar.

Nə isə, mən bütün filmi danışmaq istəmirəm,  tarixi də sizə öyrətmək niyyətində deyiləm, filmə də baxa bilərsiz, tarix kitablarından da dəqiqliklə öyrənə bilərsiniz.

Mən bu filmə baxdıqca gözümün önünə Ali Baş Komandan,  Cənab Prezident İlham Əliyev gəlirdi. Sultan Mehmetin Konstantinopolun fəthi ilə Cənab İlham Əliyevin Şuşanı azad eləməyində o qədər oxşarlıq gördüm ki. 

Necə Sultan Mehmetin əsgərləri o ağır gəmiləri torpaqdan daşıyaraq  boğaza saldıqları kimi İlham Əliyevin əsgərləri də ağır texnikanı, eləcə çiyinlərində daşıyaraq keçilməz meşələrdən, cığırlardan keçirərək Şuşaya aparıb çıxara bildilər. Bunu sənədli kadrlarda çox görmüsünüz. Sultan Mehmetin əsgərləri Konstantinopolun hasarlarına  dırmaşdıqları kimi  Cənab İlham Əliyevin əsgərləri də Şuşanın ətrafındakı sıldırımlardan eləcə dırmaşdılar və şəhərin içində ermənilərlə əlbəyaxa döyüşə girdilər və şəhəri azad etdilər. 30 ildən sonra Gövhər ağa məscidinin minarəsindən Azan səsləndirildi. Və Cənab İlham Əliyev  müqəddəs bayrağımızı Şuşada qaldırdı. Ermənilərin Şuşi adlandırdığı şəhər yenidən öz qədim adına qovuşub Şuşa oldu. Son 200 ildə zəbt olunmuş torpaqlarımız məhz Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşməndən azad oldu.

Necə ki İstanbulda 600 ildir Türk  bayrağı dalğalanır, eləcə də Şuşada və Qarabağda min illər Azərbaycan bayrağı  dalğalanacaq. Möhtərəm Prezident necə deyib: «Biz həmişə burda yaşamışıq, min illərlə də yaşayacağıq».

Əlbəttə, bu qələbə Cənab Prezident üçün də asan olmamışdı. Bizdə də İlham Əliyevi bu müharibədən çəkindirmək istəyən qüvvələr vardı, amma Cənab  İlham Əliyev səbr və təmkinlə həmin qüvvələri sıradan çıxartdı, saraydan uzaqlaşdırdı. Apardığı  islahatlar nəticəsində ordunu təmizlədi və bu təmizləmə müharibə getdiyi dövrdə də həyata keçirilirdi.

Çox qəribədir ki, o dövrdə Roma Papası Sultan Mehmetə məktub göndərir ki, fikrindən daşın, bütün xristian dünyası birləşib, sən bu müharibədə uduzacaqsan. Amma Sultan Mehmet bu hədələyici məktubdan qorxmur və fikrindən daşınmır.

Avropa dövlətləri də belə məktublarla və bəyanatlarla Ali Baş Komandana müraciət edirdilər ki, Qarabağda müharibəyə başlamaqdan çəkindirsinlər. Amma Cənab Ali Baş Komandan da Sultan Mehmet kimi onların məktub və bəyanatlarından  çəkinmədi və onların bəyanatlarına Dəmir Yumruqla cavab verdi. 

Uğurlu xarici siyasəti nəticəsində Ermənistana  dayaq olan bəzi xarici  qüvvələri zərərsizləşdirdi. Əsgərləri Qarabağda savaşarkən özü də 44 gün dünya mətbuatı ilə, dünya siyasəti ilə savaşdı. Hamı axşamlar kəsdirirdi televizorun önünü ki,  Cənab Ali Baş Komandanın səsini və xoş xəbərlərini eşitsinlər. Düzdür, Müdafiə Nazirliyi qələbələrimizlə bağlı xəbərlər yayırdı, amma adamlar ən son məlumatları Cənab Ali Baş Komandandan eşitmək istəyirdi. 

Bəzi jurnalistlər, Ermənistanı dəstəkləyən ölkələrin jurnalistləri, əlləm-qəlləm suallarla Cənab Ali Baş Komandanı çaşdırmaq istəsələr də Möhtərəm Prezident onları elə ustalıqla yerində oturdub susdururdu ki, valeh olmaya bilmirdin. 

Liderlər, siyasətçilər  şahmat oynamağı çox sevirlər, eləcə də Cənab İlham Əliyev. 

Ən böyük siyasət şahmatçısı Ulu Öndər Heydər Əliyev idi. Şahmatla maraqlananlar bilir, qrossmeyestrlər 15-16-cı gedişi oyun başlamamış görə bilirlər. Və onu da şahmatçılar bilir ki, bir oyun 40-cı gedişdə adətən təxirə salınır. Heydər Əliyev dünyada yeganə  şahmatçı idi ki, 40-cı gedişi görürdü və 40-cı gedişdə  oyunu təxirə saldı və 41-ci gedişi varisi İlham Əliyev üçün saxladı. İlham Əliyev 41, 42, 43 və 44-cü gediş edərək təkcə Ermənistanı deyil, dünyanın böyük dövlətlərini mat vəziyyətinə saldı. Çünki O, özü demişkən, nəyi nə vaxt deməyi və etməyi yaxşı bilirdi. Və 44-cü gedişlə 44 günlük müharibəni zəfərlə başa çatdırdı. 

Və adını Sultan Mehmet kimi Türkün tarixinə qızıl hərflərlə yazdırdı. 

Sultan Mehmet İstanbulu 53 günə azad etmişdisə, Cənab Ali Baş Komandan Qarabağı 44 günə azad etdi.

Mən Parlamentdəki çıxışlarımın birində bu barədə qısaca danışıb Cənab İlham Əliyevi Fateh adlandırmışdım. Kimlərsə «Fateh» sözü ilə  razılaşmasa da, mən fikrimdə qalıram. Əgər türklər üçün Sultan Mehmet Fatehlər fatehidirsə, bizim üçün də Fatehlər fatehi Cənab Prezident İlham Əliyevdir. İlham Əliyevin Sultan Mehmetdən bir fərqi də vardı ki, onun yanında Mehriban xanım Əliyeva kimi bir güclü  xanımı da vardı. 

«Fateh» sözünü başqa yerə yozmayın, ərəbcədən Anadolu türkcəsinə belə tərcümə olunur:  (fəth edən, böyük zəfərlər qazanan, qalib). İndi Cənab Ali Baş Komandan Azərbaycan tarixində ən böyük zəfəri qazandı. İndi Cənab İlham Əliyevə Fateh deməkdən niyə çəkinməliyik ki? 

Və sonda. Əgər türk qardaşlarımız Fateh Sultan Mehmetdən gözəl bir serial çəkə bilirlərsə, bəs biz niyə Fateh İlham Əliyevdən bir film çəkməyək? Bacarıqlı ssenariçilərimiz də var və Oqtay Mirqasımov, Şeyx Əbdül, Elxan Cəfərov kimi də güclü rejissorlarımız var. Nəyi və niyə gözləyirik?

Tanrı Fateh İlham Əliyevi qorusun!

Tanrı həmişə Fateh İlham Əliyevin yanında olan xalqımızı qorusun!

Və Tanrı  Şuşada əbədi dalğalanan müqəddəs bayrağımızı qorusun!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər