Ermənilər sülh istəmir - ABŞ təşkilatının şok sorğusu
Siyasət
383
10:20, Bu gün

Ermənilər sülh istəmir - ABŞ təşkilatının şok sorğusu

Ekspert: “Paşinyan özünü elə göstərir ki, guya sülh istəyir, faktiki olaraq revanşist hisslərin alovlanması üçün şərait yaradıb”
 
ABŞ-ın sorğu mərkəzi GALLUP Ermənistanda sorğu keçirib. Sorğunun nəticələri Ermənistan cəmiyyətinin xəstə təfəkkürdən xilas ola bilmədiyini bir daha nümayiş etdirib. Ermənistan vətəndaşları əksərən faktiki olaraq antisülh düşüncəsindədir. 
 
Əhalinin yarısı ilin sonuna qədər sülh müqaviləsinin mümkünlüyünə inanmadığını bildirib. “Sizcə, ilin sonuna qədər "sülh müqaviləsi" bağlamaq mümkündürmü" sorğusunda iştirak edən vətəndaşların yalnız 8,3 faizi “əlbəttə, bəli” deyib. “Bəlkə də” cavabını 17,5%, “xeyr” - 23,4%, “qətiyyən yox” - 41,2% verib. Respondentlərin 9,6%-i suala cavab verməkdə çətinlik çəkib.
 
“Ermənistan Azərbaycan və Türkiyə ilə daha sıx əlaqələr qurmaq üçün yeni güzəştlərə getməlidirmi” sualına 7 faiz “bəli, alternativimiz yoxdur”, 90 faiz isə “xeyr, daha güzəştə getmək üçün heç nə yoxdur” cavabını verib, 3 faiz isə cavab verməkdə çətinlik çəkib.
 
“Konstitusiya Məhkəməsinin Müstəqillik Bəyannaməsində Qarabağın adının heç bir hüquqi qüvvəyə malik olmadığını hesab etməsinə münasibətiniz necədir?” sualına 5 faiz “tamamilə müsbət”, 9,8 faiz “kifayət qədər müsbət”, 21,3 faiz “olduqca mənfi”, 51,5 faiz “ümumiyyətlə, mənfi” reaksiyasını göstərib. 12,4 faiz isə qərarsız qalıb.
 
“Gələn bazar günü parlament seçkiləri keçirilsə, hansı partiyaya və ya bloka səs verərdiniz?” sualına 16,5 faiz “Mülki müqavilə” partiyasına, 6,4 faiz “Ermənistan” blokuna, 30,1 faiz səs verməyəcəyini bildirib. 17,1% cavab verməkdə çətinlik çəkdiyini, 11,5% cavab verməkdən imtina etdiyini, 4,6% heç kimi seçməyəcəyini bildirib.
 
“Sizcə, Ermənistanda ən mühüm problem nədir?”, - sualına 1100 respondentin 76,2 faizi təhlükəsizlik və sərhəd məsələlərini qeyd edib. 19,4% siyasi sabitliyin, 16,4% iqtisadi inkişafın, 9,6% məşğulluq və sosial məsələlərinin adını çəkib.
 
Görünən budur ki, Paşinyan hökuməti 4 ildə xalqı sülhə qətiyyən hazırlaya bilməyib. Ermənistan cəmiyyəti müharibəmi istəyir? 
 
Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Xəyal Bəşirli deyir ki, Ermənistan cəmiyyətində sülhə doğru addımların atılması üçün hazırkı baş nazir Nikol Paşinyanın əlində İkinci Qarabağ müharibəsindən sonra kifayət qədər əsas və zaman var idi.  
 
 
Xəyal Bəşirli
 
“Ermənistan cəmiyyəti 44 günlük müharibədən sonra, 2021-ci ilin iyun ayında keçirilən erkən parlament seçkilərində Paşinyanın partiyasına səs verdi. Yəni onlar revanşist və Azərbaycanla müharibə istəyən qüvvələrə səs vermədilər. Bu onu göstərdi ki, Ermənistan cəmiyyəti artıq müharibədən yorulub. Azərbaycanla növbəti müharibəni istəmir. Paşinyan və komandası bu istiqamətdə işlər apara və Ermənistan cəmiyyətini Azərbaycanla sülhə hazırlaya bilərdi. Bunun üçün kifayət qədər vaxt var idi. 4 il ərzində ciddi işlər apara bilərdilər. Amma biz bunun əksinin şahidi olduq. Paşinyan Azərbaycana münasibətdə əsassız iddialar, ittihamlar səsləndirirdi. Bu da ona gətirib çıxardı ki, Ermənistan cəmiyyəti Azərbaycana qarşı düşmən mövqedə qaldı. Beləliklə, Ermənistanda revanşistləri qızışdıran Qalstanyan kimi qüvvələr ortaya çıxdı. Ermənistan cəmiyyətinin əksəriyyəti onun etiraz aksiyalarında iştirak etmədi. Bu imtina əslində onu göstərirdi ki, ermənilər əslində müharibəyə səsləyən bu qüvvələrə inanmır. Erməni xalqı hakimiyyətin Qarabağı işğal altında saxlamasından heç nə əldə etməmişdi. 
 
Bu sorğular göstərir ki, zaman keçdikcə ermənilər arasında müharibənin ağrıları unutdurulur və sülhün zəruriliyi diqqətdə saxlanılmır. Ermənistan cəmiyyəti Azərbaycana qarşı sərt mövqeyə keçid edir.  Bu da Paşinyanın uğursuzluğudur. Paşinyan özünü elə göstərir ki, guya sülh istəyir, faktiki olaraq revanşist hisslərin alovlanması üçün şərait yaradıb. Paşinyan ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı heç bir mövqe ifadə etmir. Azərbaycana qarşı konstitutsional ərazilərindən əl çəkmək niyyətində deyil. Bununla bağlı real addım atmır.  Ermənistan konstitusiyasında dəyişikliyin edilməsi üçün səsvermə zərurətini də qabartmır. Bu dəyişiklik sülh üçün ən vacib məqamdır.  
 
Bunlarla paralel şəkildə Ermənistan silahlanır. Açıq şəkildə deyə bilərik ki, Ermənistan Azərbaycanla müharibəyə hazırlaşır. Bu halda Azərbaycan haqlı olaraq ordusunu gücləndirir. Təhlükəli oyunlara qarşı hazır vəziyyətdədir. Qələbəni qoruyub saxlamaq, onu qazanmaqdan daha çətindir. Paşinyan nəinki cəmiyyəti sülhə hazırlamır, əksinə, bizə qarşı qızışdırıcı mövqeyə gətirib çıxarıb. Hər an bizə qarşı təhlükəli addımı ata biləcəyi ilə bağlı mövqe ortaya qoyur.  
 
Rəy sorğularının nəticələri Ermənistan tərəfdən nə qədər təhlükənin olduğunu göstərir. Belə halda Ermənistanın hazırkı hakimiyyəti qarşıda gözlənilən acı nəticələrin məsuliyyətini öz üzərinə götürməlidir. Çünki təxribatçı hərəkətlərə qarşı cavabımız sərt olacaq".    
 
Musavat.com
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər