"Lunion fait la force" - fransızlardan gələn bu deyimin mənasını, əslində, hamımız çox yaxşı bilirik: "Güc birlikdədir".
Bu ifadənin yaranma səbəbinə gəlincə - təkbaşına ağalıq edən güc sahibi birliyin gücü ilə sındırılmalı və daha sonra birləşərək hakimiyyətə gəlməlidir. Yəni, hakimiyyət bir adamın gücünə arxalanan ağalıqla yox, fərdlərin birləşib ortaq məxrəcə gəlməsi ilə formalaşmalıdır. Məhz bu yanaşma hüquq anlayışını ortaya çıxardı. Lakin bundan sonra yeni güc amili ortaya çıxdı. Daha dəqiq desək, bu dəfə hüquq özü gücə çevrilməyə başladı və bu güc hüququ yaradanların əksinə gedən hər kəsə düşmən kəsildi. Bir sözlə, gücə qarşı yaranan hüquq özü də güc vasitəsi ilə işləməyə məcbur oldu. Burada yeganə fərq isə budur: problemlər fərdlərin deyil, qrupların gücü ilə həll olunur.
Bəs, nəticə nəyə gətirib çıxardı? Gücün hüququ və ya hüququn gücü - mərkəz yenə də gücdür. Bu nüansı həm də bu nümunəyə bənzədə bilərik: İki nəfər arasında güc göstəricisindən qaynaqlanan (mübahisələrin təməlində güc, üstünlük, haqlı olmaq amili dayanır) konflikt yaranır, lakin bu konfliktin özü də güc yolu ilə həll olunur. Çünki hüququn qaynağı gücdür. Güc olmasaydı, hüquqa nə ehtiyac var idi?
Lakin təəssüflər olsun ki, bu gün hüququn gücü yox, gücün hüququ özünün ən çılpaq dövrünü yaşayır. Açıq aşkar dünya "güc kimdədir, hüquq da ondadır" prinsipi ilə idarə olunur. Bu hüquqa qarşı çıxan hər kəs isə düşmən hesab edilir. Yəni, bu gün vəhşi gücün ən böyük dayağı elə hüququn özüdür.
Elə bunun nəticəsidir ki, hazırda dünyada demək olar ki, bütün regionlar münaqişə içindədir. Xüsusi ilə də son 30 ildə, daha dəqiq desək, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağılandan və dünya yeni qütblü siyasətə qədəm qoyandan sonra bu istiqamətdə rekord göstərici qeydə alındı. Belə ki, əvvəllər münaqişəyə meyilli olan tərəflər bir-birini ya sadəcə təhdid etməklə kifayətlənir, ya da ki, ordularını yalnız hazır vəziyyətə gətirirdisə, indi təhdidlər döyüş hazırlığı vəziyyəti ilə, döyüş hazırlığı vəziyyət isə birbaşa münaqişə ilə əvəzlənib. Bu isə o deməkdir ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə elan etmək lazımdır.
Fikrimizi əsaslandırmaq üçün faktlara nəzər salaq. Əvvəlcə hazırda bütün dünyanın diqqətini özünə daha çox cəlb edən İran-İsrail münaqişəsinə toxunaq. Onsuz da başı bəlalı olan Yaxın Şərqdə sular qətiyyən durulmur və nisbi sakitlik olan kimi yeni tektonik hadisə peyda olur. Düzdür, Yaxın Şərqdəki dəyişiklik keçən əsrin sonundan başlasa da, bölgənin fəlakətlərin məngənəsinə düşməsi 2010-cu illərdən etibarən aktiv mərhələyə qədəm qoyub və bu dəyişikliklərin sonunun necə olacağı ilə bağlı dəqiq rəy yoxdur. Belə ki, uzun illər bir-birini təhdid edən İranla İsrail nəhayət qarşılıqlı və dolayısı ilə bir-birini hədəf almağa başlayıblar.
Eyni proseslər digər coğrafiyalarda da xarakterik formada davam edir. Digər bir nümunə kimi Koreya və Koreya Xalq Demokratik Respublikalarını, yəni Cənubi Koreya və Şimali Koreyanı göstərə bilərik. 1950-1953-cü illərdə Koreya müharibəsindən sonra ABŞ və SSRİ arasında iki yerə bölünən koreyalılar dövlət səviyyəsində dəfələrlə bir-birini təhdid etsə də, bu gün vəziyyət özünün ən maksimal təhlükə həddinə çatıb. Hər iki ölkə ordularını sərhəddə döyüş hazırlığı vəziyyətinə gətirib, hətta Şimali Koreya Cənubi Koreyaya gedən bütün yolları partladıb.
2008-ci ildə başlayan, 2014-cü ildə "Maydan" hərəkatı ilə praktiki mərhələyə qədəm qoyan və 2022-ci ildə müharibə ilə nəticələnən və hələ də davam edən Rusiya-Ukrayna müharibəsi dünyanı narahat edən və bəşəriyyətin çarxını yerindən oynatması ilə yadda qaldı. Bu müharibənin NATO-Rusiya müharibəsi adlandırılması da əbəs yerə deyil. Güc balansının dəyişməsi uğrunda Ukraynanın fəda edilməsi bahasına olsa da, tərəflər yeni reallıqlar formalaşdıra bildilər. Hətta vəziyyət o həddə çatıb ki, ABŞ-nin və Avropanın özündə belə cəmiyyət bu qarşıdurmaya görə bir-birinə qənim kəsilib. Bundan faydalanan isə Rusiyanı tələyə salan Qərb, yeni ərazilər əldə edən Rusiyadır. Bu isə o deməkdir ki, müharibə dünyanın aparıcı ölkə və təşkilatları arasında getdiyi üçün, hər kəs dolayısı və ya birbaşa bu münaqişənin içindədir və faydalanmağa çalışır.
Qərbdən söz etmişkən, bu gün elə Qərb ölkələrinin müstəmləkə siyasətinə görə, Afrikada da vəziyyət birmənalı deyil. Çünki məhz, neokolonializimin geniş yayıldığı dönəmlərdə müharibələr qaçılmaz olub. Başda Fransa olmaqla, bəzi Qərb ölkələri böyük regionları əsarətdə saxlamaqla hər zaman potensial münaqişələrə zəmin yaradıblar ki, Afrika da hazırda partlamağa hazır olan bomba kimi dəyərləndirilir.
Bununla yanaşı, Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb və adanı mühasirəyə alıb. Tayvan ətrafında keçirilən təlimlərdə əsas hədəflərə dəqiq zərbələr endirmək qabiliyyəti sınaqdan keçirilir. Çin Xalq Azadlıq Ordusunun bəyanatında təlim belə şərh edilib:
"Təlimlər, həmçinin Tayvan müstəqillik qüvvələrinin separatçı fəaliyyətlərinə qarşı ciddi xəbərdarlıq rolunu oynayır. Bu, dövlət suverenliyini və milli birliyi qorumaq üçün qanuni və zəruri bir tədbirdir".
Yeni reallıqların yarandığı bir region isə Cənubi Qafqazdır. Azərbaycan öz torpaqlarını öz gücünə işğaldan azad etməklə bütün dünyaya nümunə oldu. Lakin Ermənistan məğlub olmasına baxmayaraq qalib Azərbaycanın uzatdığı sülh əlini tutub təhlükəsizlik mühiti formalaşdırmaq əvəzinə, Fransa və Hindistan kimi ölkələr tərəfindən silahlanır, ABŞ və Avropa İttifaqının poliqonuna çevrilməklə eskalasiyanı körükləməyə çalışır. Regionun digər ölkəsi Gürcüstanın başı isə Qərb və Rusiya arasında gələcəyini müəyyənləşdirməyə qarışıb. Bu baxımdan, 26 oktyabrda keçiriləcək parlament seçkiləri ölkə üçün mühüm rola malikdir ki, əldə olunan nəticələr regiona da təsirsiz ötüşməyəcək.
Təbii ki, son illərdə regional münaqişələrin sayında olan artım bir neçə səbəbdən irəli gəlir. Xüsusən də hegemon dövlətlərinin yeni ərazilərdə təsir qüvvəsini itirməsi və ya formalaşdırması, iqtisadi rıçaqların əldə olunması və ya azalması bu səbəblərə aiddir. Həmçinin, hərbi təcavüzlərin artması beynəlxalq münasibətlər sistemində baş verən ciddi dəyişikliklərlə paralel baş verir. Nəticədə bu gün regional və qlobal münaqişələrdə tərəflər yalnız iki ölkə deyil, müştərək şəkildə mübarizə aparırlar. Bu isə elə dünya müharibəsi deməkdir. Üstəlik, BMT-dəki mövcud vəziyyət, yəni təşkilatın qlobal problemlərin həllinə birtərəfli və ya bəzən qərəzli yanaşması onu nüfuzdan salıb və qlobal təhlükəsizlik sisteminin səmərəsizliyinə gətirib çıxarıb. Ona görə də münaqişələrin nəinki həlli tapılır, əksinə onların sayı artır. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün yeni dünyanın formalaşma mərhələsindəyik. /Oxu.az/