Dörd il əvvəl rayonlarımızın işğal edildiyi günü təəssüflə, qəm-qüssə ilə xatırlayardıq. İndi isə ərazilərimizin işğaldan azad edildiyi günü böyük sevinc və təntənə ilə qeyd edirik. Şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu sevinci xalqımıza bəxş edən Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhər günüdür. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə də respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları yola salınıb. Bugünədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib. Gözünüz aydın cəbrayıllılar. Şəhər gününü doğma el-obanızda, isti ocaqlarınızda qeyd edirsiniz.
Bu fikirləri Moderator.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən yenilməz ordumuza, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər. Komitə sədri, həmçinin 4 oktyabrın Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri olduğunu vurğulayıb. Deyib ki, həmin gün xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür.
Ç.Qənizadə Prezident, Ali Baş Komandan İlham Əliyevin tarixi Qələbə ilə bağlı xalqımıza verdiyi məlumatı xatırladıb. Həmin gün möhtərəm Prezidentimiz demişdi: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. 27 illik işğaldan sonra Cəbrayıl şəhəri qəhrəman hərbçilərimizin canı-qanı bahasına azadlığa qovuşdu. Ali Baş Komandan 2020-ci il oktyabrın 4-də xalqa müraciətində bu tarixi hadisənin xüsusi əhəmiyyətini vurğulayaraq demişdir: “Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir...”
Hüquq müdafiəçisi deyib ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı yaşayış komplekslərinin, mühüm əhəmiyyətli obyektlərin, təhsil müəssisələrinin özülü qoyulub. Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını qaldırdı. Qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan Bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. Xudafərin bizim üçün milli qürur məsələsidir.
Ç.Qənizadə hazırda Cəbrayıl rayonunda aparılan yenidənqurma, tikinti-quruculuq işlərindən də söhbət açıb. Qeyd edib ki, Cəbrayıl rayonunun elektrik təchizatının artıq, demək olar ki, bütün işləri görülüb. Rayona 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Baş plana əsasən, Böyük Mərcanlı kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq. Artıq kəndlərdə yenidənqurma işlərinə start veriləcək.
“2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Yaxın gələcəkdə Cəbrayıl rayonu əvvəlkindən daha gözəl olacaq” - deyə hüquq müdafiəçisi bildirib.