Dəhlizlə bağlı hərəkətə keçdilər: Qarşıdurma qaçılmazdır
Siyasət
2377
13 Sep 2024 | 15:32

Dəhlizlə bağlı hərəkətə keçdilər: Qarşıdurma qaçılmazdır

Moderator.az Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadənin Teleqraf.com-a müsahibəsini təqdim edir:
 
- Zəngəzur dəhlizi ətrafında gərgin ab-hava yaşanır. İranın başqa bir dövlətin ərazisindən keçən dəhlizlə bağlı bu qədər ajiotaj yaşaması nə ilə bağlıdır?
 
- İranın Zəngəzur dəhlizi ilə bağlı ciddi problemi yoxdur. Bu ölkənin problemi Məsud Pezişkianın prezident seçilməsindən sonra Qərb, ABŞ-la münasibətlər sistemini yeni mərhələyə çıxarmaqla bağlıdır. Danışıqlar mərhələsində İran üzərində olan sanksiyalar və embarqoların götürülməsindən sonra yeni münasibətlər yaratmaq niyyətləri var. İranın sanksiyalar çərçivəsində transmilli layihələrdən kənarda qalması onu Qərb dünyasından bir az da uzaqlaşdıracaq. Bu da nəticə etibarilə İran üçün ciddi problemlər yaradacaq. Ona görə də İran çalışır ki, regionda baş verən transmilli və iqtisadi layihələrin hamısında tərəf kimi Qərbə müttəfiq olsun.
 
- Tehranın dəhlizlə bağlı daha çox Rusiyanın üzərinə getməsinə səbəb nədir?
 
 
- İran məhz bu amillərlə bağlı indiki halda daha çox Rusiyanın üzərinə gedir. Əslində, Tehran bu gedişi ilə Qərbin xoşuna gəlməyə çalışır. Ona görə də, İran Orta Dəhliz layihəsinin reallaşmamasına deyil, burada yer almağa, bundan yararlanmağa çalışır. Onun bütün gedişləri məhz bununla bağlıdır.
 
- Rusiyanın dəhlizlə bağlı artan ritorikası prosesin irəliləməsinə necə təsir göstərə bilər? Moskva Ermənistana daha çox təzyiq etməklə Zəngəzur dəhlizinin açılmasına nail olacaqmı?
 
- Sizin və bizim üçün zaman anlayışı fərqli ola bilər. Amma Qərb və böyük dünya üçün zaman anlayışı tamam fərqlidir. Orta Dəhliz layihəsi işə düşəcək. Bu dünyanın, qərbin müəyyən etdiyi strategiyalardan biridir. Rusiya çalışır ki, qərbin nəzərdə tutduğu zamandan öncə Orta Dəhliz layihəsini reallaşdırsın. Kreml 10 noyabr 2020-ci ildə imzalanmış (Azərbaycan, Rusiya, Ermənistan) üçtərəfli razılaşmaya əsasən özünün hərbi qüvvələri ilə Zəngəzur dəhlizini nəzarətə götürməyə can atır. Moskva gələcəkdə özünə qarşı problemələri bununla sığortalamaq niyyətindədir.
 
- Ermənistan dəhlizlə bağlı Rusiyanın təzyiqlərini necə neytrallaşdıra bilər?
 
- Rusiyanın bu istiqamətdə addımlar ata biləcəyi ehtimalı azdır. Çünki bu ölkənin ciddi problemləri var. Dəhlizin keçəcəyi ərazidə, yəni Ermənistanda Rusiyaya qarşı sərt münasibətlər mövcuddur. Nikol Paşinyanın Rusiyaya cavabı, onun üçtərəfli sazişlə bağlı mövqeyi də bu məsələnin Kreml üçün ümidverici sonluqla nəticələnəcəyinə ehtimalları azaldır.
 
- Azərbaycanla Ermənistan arasında sülh müstəvisində 80 faizlik razılaşmadan bəhs edilir. Tərəflər sülhə nə dərəcədə yaxındır?
 
- Cənubi Qafqazda sülh və barış üçün Azərbaycanla Ermənistan arasında razılaşma əldə olunacaq. 80 faizlik razılaşmadan bəhs edildiyi halda yerdə qalan 20 faizlə bağlı nəticənin tez bir zamanda mümkün olacağını da söyləmək çətindir. Adətən tərəflər sülh danışıqlarına getdikdə ən asan variantların hamısını əvvəldə razılaşır. Sona isə həll olunmayan, ziddiyyətli məsələlər saxlanılır. Azərəbaycanla Ermənistan arasında ziddiyyətli məqamlar qalıb. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Rəsmi Bakı haqlı olaraq bu müddəaların Ermənistan Konstitusiyasından çıxarılmasını istəyir.
Link kopyalandı!
Son xəbərlər