"Krım tatarlarının öz vətənlərində azad, təhlükəsiz və dinc şəraitdə yaşamaq haqqı var..."
Krımın Ukraynanın nəzarətinə qaytarılması beynəlxalq hüququn tələbidir. Türkiyə tammiqyaslı müharibənin Ukrayna dövlətinin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında başa çatmasını dəstəkləyir.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlər Kiyevdə keçirilən Krım platformasının 4-cü sammitinin iştirakçılarına videomüraciətində bəyan edib.
Ərdoğan xatırladıb ki, builki sammit Krım tatarlarının deportasiya edilməsinin 80-ci ildönümünə təsadüf edir. O, qeyd edib ki, "öz vətənlərindən zorla qovulan Krım-tatar türklərinin başına gələn faciənin ağrısı səngimir və 80 il ərzində onun yaraları sağalmır".
O, həmçinin vurğulayıb ki, Türkiyə heç vaxt "region əhalisinin əzablarını daha da artıran" Krımın ilhaqını tanımayıb. O, vurğulayıb ki, Krım tatarlarının təhlükəsizliyi və rifahının təmin edilməsi Türkiyənin xarici siyasətinin prioritetlərindən biridir.
Ərdoğan həmçinin vurğulayıb ki, Krım tatarlarının öz vətənində azad, təhlükəsiz və dinc şəraitdə yaşamaq haqqı var.
"Mən bir daha Ukyayna hökumətinə Krım tatarlarının hüquqlarının möhkəmləndirilməsi məqsədilə işləyib hazırladığı hüququ normalara görə məmnunluğumu ifadə etmək istəyirəm", - Ərdoğan deyib və ümid etdiyini bildirib ki, qarşıdakı dövrdə "Krım-tatar türklərinin hüquqlarının möhkəmləndirilməsində əlavə addımlar" atılacaq.
Rusiyadan Ərdoğanın bəyanatına cavab özünü çox gözlətməyib. Dövlət Dumasının müdafiə üzrə komitəsinin üzvü Andrey Kolesnik bəyan edib ki, Ərdoğanın siyasi mövqeyi təəccüb doğurur, çünki Türkiyə Rusiyanın da olduğu BRIKS-ə daxil olmaq üçün sorğu verib.
"Krımın mənsubiyyəti barədə fikir Rusiyanın əleyinədir, düşünürəm ki, xarici siyasətdə radikal da olmasa, hansısa dəyişikliklər olacaq", - Kolesnik güman edib.
O, Ərdoğanı bütövlükdə öz ölkəsinin maraqlarından çıxış edən "çevik siyasətçi" adlandırıb, bu zaman xatırladıb ki, əvvəllər Moskva ilə Ankaranın münasibətlərində gərginlik olub, lakin Rusiyaya qarşı Qərbin sanksiyalarından sonra Türkiyə Rusiyanın tərəfində yer alıb.