Paşinyan son uğursuz həmlələrini edir...
Siyasət
2802
07 Apr 2024 | 11:24

Paşinyan son uğursuz həmlələrini edir...

Kimsə Rusiyanın Ermənistanı asanlıqla Qərbə təslim edəcəyini düşünürsə, o, ciddi yanılır. Bu yazıda Rusiyanın Ermənistanı Qərbə nədən təslim etməyəcəyinin əsil səbəblərini ortaya qoymağa çalışaq.
 
İlk öncə onu deyək ki, Ermənistan rusların yüz illərdir ki, min bir oyunla və ölçüyə gəlməyən xərclər hesabına Azərbaycan torpaqlarında yaratdıqları forpostudur. Ermənistanın Cənubi Qafqazda əzəldən Rusiyanın forpostu olduğu heç kimdə şübhə doğurmur ki? Yox yəqin! 
 
Rusiya iqtisadiyyatının parametrləri ABŞ və AB ölkələrinin iqtisadiyyatı ilə müqaisə olunmasa da kimin nə deməsindən asılı olmayaraq, Rusiyanın dünyada ikinci orduya sahib olduğu faktdır. Bunun sübutu ortada - üçüncü ildir 60 ölkə 20000-ə yaxınlaşan sanksiyalarla Ukrayna savaşında Rusiyanı durdura bilmir. Əksinə Rusiya iqtisadiyyatı bu şəraitdə inkişaf edir, rus hərbi sənayesi isə müharibədən əvvəlki dövrlə müqaisədə bir neçə dəfə böyüyə bilib.
 
İndi necə düşünürsünüz – Cənubi Qafqazda yüz illərdi əsaslanmış belə bir nəhəng dövlət ovcunun içində saxladığı forposrunu kiməsə təslim edərmi? Etməz! Bu forpostu Rusiyanın əlindən almaq üçün, ona Cənubi Qafqazda savaş açmaq lazımdı. Bu gün Qərb bunu Ermənistanın əli ilə etməyə çalışır. Daha doğrusu Qərb deyəndə, bu ilk növbədə Birləşmiş Ştatların çox dərin düşünülmüş planıdı. Birləşmiş Ştatlar Rusiya Ukrayna müharibəsində olduğu kimi, burada da öz oyununu oynayır. O bu oyunu bu dəfə də Avropa Birliyinin əli ilə oynanılır. Yalnız bu dəfə “qurbanlıq keçisi” Ermənistandır. 
 
Əslində Ermənistan bilərəkdən bu rolu öz üzərinə götürür.  Paşinyanın öz hesablamaları var. Adam ümüd edir ki, tutduğu yolla Ermənistanı Rusiyanın caynağından xilas edə biləcək. Ən azından bütün varlığı ilə buna cəhd edir. Bu yolda nəyəsə nail olacağına inanmaq onun haqqıdır. Ancaq onda bu inam öz-özünə yaranmayıb, bu inamı onda yaradan ABŞ, Avropa Birliyi və əsasən də Fransadır. Adam Qərbin Gürcüstanın başına gətirdiklərini yada sala bilmir, Ukraynanın başına bu gün Qərbin gətirdiyi oyunları görmək istəmir. Nə etmək olar, Ermənilər onsuz da zaman-zaman kimlərinsə şirin vədlərə inanaraq öz başlarına çox müsübətlər açıblar. Son faciələri isə Qarabağ oldu. İndi də Paşinyanın şirin vədlərinə inanıb onun etdiklərinə əl çalırlar. Başa düşmək istəmirlər ki, yüz illər boyu vəsait xərcləyib onlar üçün Ermənistan adlı dövləti yaradan və elə son 30 ildən artıq bir müddətdə bu dövlətin yaşaması üçün yüz milyardlarla vəsait sərf edən Rusiya kimi kinli bir dövlətin əlindən Qərbin vəd etdiyi 350 milyon dollar yardımın müqabilində asanlıqla sürüşüb çıxmaq mümkün deyil. 
 
Erməniləri Qərbin bu oyununa sürükləyən bir başqa səbəb isə onların 44 günlük savaşda və bir günlük antiterror əməliyyatında düçar olduqları ağır və utancverici məğlubiyyətdir. Elə düşünməyək ki, Ermənistan hakimiyyəti və onu dəstəkləyən daxili qüvvələr Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci savaş meydanı açmasının nə demək olduğunun fərqində deyillər. Bu savaş Cənubi Qafqazda Ermənistanın ərazisində baş verəcək və bu savaşda Ermənistandan çox-çox uzaqda olan Qərb dövlətlərindən daha çox söz sahibi, onun qonşuluğunda yerləşən Rusiya, Azərbaycan, Türkiyə və İran olacaqdır. Gürcüstan isə Qərbə dəstək verəcəyi tədqirdə 2008-ci ildəki olayları təkrar yaşamaq zorunda qala bilər və bu səbəbdən an azından öz neytrallığını qoruyub saxlamağa cəhd edəcəkdir. 
 
Bir daha unutmayaq, güclünün əlindən ona məxsus olanı almaq mümkün deyil. Güclü ona məxsus olanı onun əlindən almaq istəyənlərə güc gələ bilməsə, o halda ən azından düşmənlərə çatmasın deyə ona məxsus olanı məhv etməyə qalxar və bu ölüm-dirim savaşı sonda başından böyük addım atmaq istəyən tərəfin məhvi ilə yekunlaşar. 
 
Professor Fikrət Yusifov
Link kopyalandı!
Son xəbərlər