O qeyd edib ki, Rusiya iki il əvvəl Ukraynaya qarşı müharibəni “denansifikasiya” bəhanəsi ilə, yəni rusları qorumaq adı altında başlayıb: “Rusiya Ermənistanı nəzarətə götürmək üçün də bəhanə tapa bilər. Misal üçün Rusiya Ermənistana “iki ölkə arasında mövcud sazişləri qorumaq məqsədilə” müdaxilə edə bilər. Bu halda Ermənistan ordusunun Ukrayna ordusu kimi Rusiya ilə savaşacağı ehtimalı azdır. Təslim olacaqlar. Bəziləri soruşa bilər ki, buna beynəlxalq reaksiya necə olacaq? Bu Kremlin vecinə də deyil. Məgər Kreml Ukraynaya qarşı müharibəyə qərar verəndə beynəlxalq reaksiyanın necə olacağını nəzərə almışdımı? Kreml Nikol Paşinyanı devirmək istəyərsə, Ermənistandakı hərbi bazasının və yerli radikalların xidmətlərindən istifadə edəcək. Bundan sonra da Kreml “Qarabağ klanı” vasitəsilə Ermənistanda müvəqqəti hökumət formalaşdıracaq”.
Politoloq vurğulayıb ki, Ermənistanda istənilən hakimiyyətin Azərbaycanla yeni müharibəyə başlamağa potensialı olmayacaq: “Belə bir ssenari Azərbaycana nə vəd edir? Ermənistanda istənilən hakimiyyətin Azərbaycanla yeni müharibəyə başlamağa potensialı olmayacaq. Ancaq çevriliş əsasında Ermənistanda formalaşa biləcək xunta hökumətin Azərbaycan kəndlərinin geri qaytarması və Zəngəzur dəhlizi məsələsində mövqeyi sərtləşəcək. Xunta hökuməti ilə dialoq aparılmasının mənası olmayacaq. Üstəgəl həmin xunta hökumətini dəstəkləyən Kremlin Azərbaycana təzyiqi artacaq və Rusiya-Azərbaycan münasibətlərindəki indiki normal axar dəyişəcək. Kreml Ermənistanda istədiyi hökuməti formalaşdırdıqdan sonra Qarabağdakı hərbi kontingenti çıxarmamaq mövqeyini gücləndirəcək. Tehran da Ermənistandakı xunta rejimini dəstəkləyəcək. Bircə, ABŞ və Avropa İttifaqı Ermənistanda xunta rejimini tanımayacaq. Belə olan halda hazırda Ermənistanı hər mənada dəstəkləyən Fransanın da siyasəti dəyişəcək”.
E.Şahinoğlu deyib ki, bu halda Qərb ölkələri Azərbaycanın dəyərini anlamış olacaqlar: “Əlbəttə, bu yazılanlar ehtimaldır. Ancaq biz bütün mümkün ehtimalları hesablamaq məcburiyyətindəyik. 15-20 il əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağını ehtimal etmək mümkün deyildi. Ancaq bu baş verdi. Kremlin ipinin üstünə odun yığmaq mümkün deyil. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi və türk dövlətləri ilə inteqrasiyanı gücləndirməsi ən doğru yoldur”.