Yeni Azərbaycan Partiyası - dünənin, bu günün və gələcəyin partiyasıdır
2730
04 Mar 2024 | 18:18

Yeni Azərbaycan Partiyası - dünənin, bu günün və gələcəyin partiyasıdır

Əsası Azərbaycan xalqının Ümummilli Lideri, Ulu öndər H.Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası (YAP) 32 ildən çoxdur ki, Azərbaycanın siyasi səhnəsindədir və ölkənin hərtərəfli inkişafı üçün üzərinə götürdüyü bütün missiyaları mükəmməl şəkildə yerinə yetirməkdədir. Hakim Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
 
Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.
 
1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.
 
Qısa müddətdə xalqın sevimli partiyasına çevrilən Yeni Azərbaycan Partiyası sıralarının gündən-günə artmasının isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sonsuz sevgisi və inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
 
Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin  yollarını layiqli davamçısı, oğlu İlham Əliyevə miras kimi qoydu. Bütün bunların məntiqi nəticəsidir ki, Azərbaycan bu gün regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda inkişaf, tərəqqi müşahidə olunmasın.
 
Hazırda Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın fəal üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar.
 
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
 
Vasif Hüseynov,
Yeni Azərbaycan Partiyasının üzvü, Bərdə rayon R.Abbasov adına Əmirli kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
 
Link kopyalandı!
Son xəbərlər