Türkiyəni zəiflətmək istəyənlərin Azərbaycan PLANI - Ankara ilə Bakını ayırmaq CƏHDİ
Siyasət
2074
16 Dec 2023 | 21:03

Türkiyəni zəiflətmək istəyənlərin Azərbaycan PLANI - Ankara ilə Bakını ayırmaq CƏHDİ

Azərbaycan-Türkiyə tandemi bölgədə sabitliyin, inkişafın və təhlükəsizliyin təminatçısı olmaqla yanaşı gələcəkdə təhdidlərin yaranmasının qarşısını alacaq gücdədir. 44 günlük Vətən müharibəsinin gedişində və ondan sonrakı proseslər də bu günə kimi göstərir ki, rəsmi Bakı ilə Ankaranın qardaşlığı, birliyi uzun illərdir həll olunmayan keçmiş Qarabağ problemindən tutmuş bir çox məsələlərin həllində əsas olduqca önəmli oldu.

Türkiyə dövlətinin Vətən müharibəsinin ilk günlərindən müharibənin son saatına kimi "Azərbaycanın yanındayıq" deyərək, xarici qüvvələri bölgəyə hərbi müdaxilə etməsinə mane olan bəyanatlar səsləndirməsi rəsmi Bakı tərəfindən çox yüksək qarşılandı və bu qardaş dəstəyinə görə Prezident İlham Əliyev tərəfindən dəfələrlə qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğana bu siyasi dəstəkdan ötəri təşəkkürünü çatdırıb.

Lakin onu da unutmaq olmaz ki, bu gün Azərbaycan üçün qardaş Türkiyənin güclü olması nə qədər önəmlidirsə, Türkiyə üçün də Azərbaycan amili o qədər vacib və əhəmiyyətlidir. Regionda və dünyada baş verən qlobal siyasi proseslər fonunda aydın şəkildə görürük ki, Bakı ilə Ankara bir çox məsələlərdə məhz paralel irəliləyərək düzgün qərarlar qəbul etməklə ölkələrimizə qarşı olan təhdidlərin öhdəsindən birgə sipər çəkməklə gəlməyi bacarırlar.

Sözügedən əlaqələr bu gün daha da öz pik səviyyəsindədir desək, yanılmarıq. Çünki hər iki ölkəni idarə edən dövlət başçıları dəfələrlə etiraf ediblər ki, gücümüz birliyimizdədir. Lakin təəssüflər olsun ki, bu gün bu birliyi, güclü Türk dünyasını gözü götürməyənlər, onu sarsıtmaq istəyənlər, bu tandemi pozmaq, gələcək böyük zəfərlərə mane olmaq istəyən qüvvələr mövcuddur. Bu qüvvələrin Qərb və okeanın o tayında olması da heç kəsə sirr deyil.

Amma onlar bu gün Türk birliyini, dünyada əsas söz sahibinə çevrilməkdə olan böyük Türkiyəni zəiflətmək üçün sözügedən qüvvələr əllərindən gələni edirlər ki, ilk növbədə Bakı ilə Ankaranın münasibətlərini sarsıtsınlar. Çünki bütün dünyaya bəllidir ki, Türkiyənin bir çox xarici siyasi qərarlarının önündə qardaş Azərbaycan amili mövcuddur. Türkiyə istənilən addımında Azərbaycanın çıxarını-qazancını mütlə nəzərə alır, Azərbaycan da eyni şəkildə Türkiyənin. Məhz planlı və qarşılıqlı bu siyasi qərarlar imkan verir ki, Türk dünyasının coğrafiyası çox sürətlə böyüsün, Türk dövlətlərinin sırasında yer almaq istəyən, Türk Dövlətləri Təşkilatına qoşulmaq istəyən ölkələrin sayı sürətlə artsın.

Bəli, Türkiyə Türk dünyasının birləşməsi yolunda ciddi addımlar atır. Amma bu istiqamətdə atılan sözügedən addımlarımn önündə Azərbaycan əvəzsiz paya sahibdir. Bu deyilənlərə nəzər saldıqda, əslində, Azərbaycan ilə Türkiyə qardaşlığını niyə gözlərinin götürmədiyini anlamaq çətin deyil.

Xarici yad ünsürlər, qüvvələr türk dövlətlərinin enerji və hərbi potensialının günbəgün artan geniş imkanlarından çox narahatdırlar. Başa düşürlər ki, hazırda Ankara və Bakının sinələrini qabağa verib istər Cənubi Qafqaz, istər Şərqi Avropa, istərsə də Mərkəzi Asiyada gördükləri bütün işlər Azərbaycanla yanaşı Türkiyənin və Türk Dünyasının Avrasiya məkanında vahid güc mərkəzinə çevrilməsinə təkan verir. Bugünki gün Bakı ilə Ankara arasında nifaq salmaq istəyənlərin, münasibətləri pozmaq cəhdlərinin səbəbi də günbəgün böyüyən, dünyanın super gücünə çevrilmək yönündə önəmli addımlar atan Türkiyəni zəiflədib, gücdən salmaqdır.

Son hadisələr deməyə əsas verir ki, bunu etmək üçünsə məhz Bakı ilə Ankara arasında münasibətləri korlamaq ana xətt seçilib. Türk dünyasının önəminin artması Azərbaycan–Türkiyə siyasi əlaqələrinin möhkəmlənməsinin məntiqi nəticəsi olduğunu görən Qərb və ABŞ-dakı bəzi dairələr bu istiqamətdə ciddi "işlər" görməyə başlayıblar. Asiya ilə Avropa arasında strateji dəhlizlərin türk dövlətlərinin ərazisindən keçməsi onlar arasında əməkdaşlığın möhkəmlənməsini zəruri edir. Buna mane olmaq üçün Türkiyə-Azərbaycan tandemini sarsıtmaq, iki xalq arasında münasibətlərə nifaq salmaq asan olmasa da, təəssüflər olsun ki, belə cəhdlərə şahidik.

Sözügedən cəhdlərdən birini məhz bu günlərdə elə Türkiyədə müşahidə etdik. Əslində gözlənilirdi. Sapı özümüzdən olanları "iş başında" görəcəyimiz çox güman Bakı qədər Ankarada da gözlənilirdi. Belə də oldu.

Türkiyədə fəaliyyət göstərən İHH (Humanitar Yardım Təşkilatı) rəhbəri Bülənt Yıldırım bir qrup Qeyri Hökümət Təşkilatları ilə birgə Fələstin üçün Dünya İnsan Haqları Günündə təşkil etdiyi yürüş zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamamilə qərəzli və real vəziyyəti özündə əks etdirmədi. Bunu B.Yıldırım özü də çox yaxşı bilir ki, Azərbaycan qazı və nefti Gürcüstandan Türkiyənin Ceyhan limanına çıxarılır və oradan da satılır. Əgər bu məqam Türkiyədə narahatlıq doğursaydı, yəqin ki bir reaksiya olardı.

Lakin İHH rəhbəri Azərbaycanı Ceyhan boru kəmərindən İsrail təyyarələrinə yanacaq göndərməkdə ittiham etdi və bunu səhv addım kimi səsləndirdi. Amma qeyd-şərtsiz olaraq deyə bilərik ki, bu iddia ilə çıxış edənlər təxribatçıdırlar, onlar Türkiyə ilə Azərbaycanın bu dərəcəyə yüksəlmiş münasibətlərinə kölgə salmağa çalışırlar. Həmin şəxslər sadəcə Qərbdən gələn sifarişləri yerinə yetirməklə məşğuldurlar.

Çünki Azərbaycan hər bir normal ölkə kimi öz məhsulunu leqal şəkildə uzun illərdir ixrac edib büdcəsini formalaşdırır. Yaxşı olar ki, sözügedən aksiyada rəsmi Bakı əleyhinə fikir səsləndirənlər, sosial şəbəkələrə onların bu qərəzli mövqeyinə zuy tutanlar bilsinlər ki, Azərbaycan öz neft və qazını dünya bazarına çıxarır. Artıq ondan sonra bunu hansı şirkətlər alır və hara çatdırır, bu, Azərbaycanın işi deyil.

Lakin təəssüfdoğurucu məqamlar bununla da yekunlaşmır. Digər tərəfdən, qeyri-rəsmi dairələrlə təmaslarımızda belə bir iddialara rast gəlirik ki, son zamanlar Türkiyə Azərbaycan qazının dünya bazarına çıxarılmasına maneçilik törətməyə çalışır. Elə bir təsəvvür yaranır ki, sanki Türkiyədə Azərbaycanın problemlərini, bütün gücünü Qarabağı, işğaldan azad olunmuş digər əraziləri yenidən qurmaq kimi məsələnin həllinə verdiyini görməzdən gəlirlər. Bu cür fikirləri cəmiyyət arasında inkişaf etdirməklə iki ölkə arasında tarixinin pik həddində olan diplomatik əlaqələri də soyutmağa can atan qüvvələrin fəallığı göz önündədir.

Məgər, Türkiyədə bilmirlər ki, Qəzzada ABŞ-ın baş rolda olduğu çox böyük oyun gedir? Türkiyə bu oyunda olmalı deyil. Fələstindən söhbət gedirsə, ASALA və ermənilərin digər terror təşkilatlarının formalaşdığı və fəaliyyət göstərdiyi məkan məhz oradır. Təkcə erməni terror təşkilatlarına fəaliyyətləri üçün verdiyi, yaratdığı imkanlarla yox, HƏMAS eyni zamanda Azərbaycanın haqq savaşında da ermənipərəstliyi ortaya qoydu, erməniləri necə dəstəklədiyini açıq bəyan etdi.

Bütün bu məsələlər hər bir ölkənin təhlükəsizliyi məsələsində olduqca önəmli faktor olduğu üçün Azərbaycan ona qarşı olan bu xarici təhdidlər arasında Ermənistanı müdafiə edən HƏMASın da mövcudluğunu unutmadı, unutmayacaq.

Əgər bunlar bundan sonra da başa düşülməzsə, və Türkiyədə Azərbaycanın maraq və təhlükəsizlik məsələsi ciddiyə alınmazsa, bu, Azərbaycanın neft və qazının nəqli məsələsində özünü ciddi şəkildə yansıdarsa, rəsmi Bakı alternativ addımlar atmaq məcburiyyətində qala bilər. Problemlər qalmağa davam edərsə, Azərbaycan da vaxt itirmədən seçimini etməli olacaq. Ceyhan boru kəməri yeganə deyil, Bakının başqa xətlər üzərində düşünmək üçün seçim imkanları da var.

Heç şübhəsiz ki, sözügedən bu problemlərin mərkəzində dayanan qüvvələr birbaşa olaraq Türkiyənin özü ilə düşmənçilik edənlərin sifarişini yerinə yetirən bir qrup şəxslərdir. Onlar aldıqları sifarişlər əsasında çalışırlar ki, Türkiyənin Cənubi Qafqaza, Mərkəzi Asiyaya istiqamətlənmiş siyasətinə, bu müstəvidə əldə etdiyi uğurlara zərbə vuraraq, artan gücünü parçalasınlar, onu nüfuzdan salsınlar.

Link kopyalandı!
Son xəbərlər