Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşü zamanı müzakirə etdikləri məsələlər açıqlanıb.
Bu barədə Azərbaycan XİN məlumat verib.
Qeyd olunub ki, Ceyhun Bayramov və İvitsa Daçiç arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Görüş zamanı hər iki tərəf ölkələr arasında mövcud olan əməkdaşlığın müxtəlif sahələrini və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsəd və istiqamətləri hərtərəfli müzakirə ediblər. İki ölkə arasında qarşılıqlı inam və hörmətə əsaslanan münasibət çərçivəsində iki ölkənin suverenlik və ərazi bütövlüyünə verdiyi dəstək bir daha vurğulanıb.
Tərəflər qarşılıqlı yüksəksəviyyəli səfərlərin, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyətin, iqtisadi və mədəni əməkdaşlığın, o cümlədən enerji, yüksək texnologiyalar, nəqliyyat, humanitar, təhsil, turizm, alternativ enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşmış şəhər təcrübəsinin digər şəhərlərimiz arasında da yaradılmasının vacib olduğu bildirilib.
İki ölkə arasında iqtisadi əlaqələrə gəlincə, əməkdaşlığın potensial sahələrinin müəyyən edilməsi və ümumi maraq doğuran layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Serbiyanın müvafiq orqanlarının birgə səylərinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə Cənub Qaz Dəhlizi çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və TAP birləşdirici boru kəmərləri vasitəsilə Serbiya və Balkan regionuna təbii qazın nəqli imkanlarının araşdırılması məqsədilə başlanmış ikitərəfli məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyi qeyd edilib.
Görüş zamanı Serbiyadan olan şirkətlər və investorlar Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı bərpa işlərində iştirak etmək, eləcə də bu bölgələrdə mümkün investisiya sahələrini araşdırmaq üçün dəvət olunublar.
Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi və ölkəmizin Zəfər qazanmasından sonra sülh prosesi və bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə həmkarını ətraflı məlumatlandırıb. Bununla yanaşı, 24 saatlıq antiterror tədbirlərini şərtləndirən amillər və suverenliyimizin tam bərpa edilməsindən sonra bölgədə yaranmış vəziyyət diqqətə çatdırılıb.
İvitsa Daçiç Serbiyanın Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm verdiyini, ölkələrimizin qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə verdiyi dəstəyin əhəmiyyətini qeyd edib.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eləcə də, Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sazişin imzalanma mərasimi baş tutub.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
Görüşlərdən sonra Ceyhun Bayramov və Xarici İşlər Nazirliyində dövlət katibi Qoran Aleksiçin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Belqradın Dostluq parkında çinar ağacları əkiblər. Daha sonra Ceyhun Bayramov və XİN-in dövlət katibi “Taşmaydan” parkında ulu öndərin abidəsini ziyarət edib və əklil qoyublar.
15:15
Xarici işlər naziri Ceyhun Bayramovun noyabrın 7-də Serbiya Respublikasına səfəri çərçivəsində Prezident Aleksandr Vuçiçlə görüşü zamanı müzakirə etdikləri məsələlər açıqlanıb.
Bu barədə Azərbaycan XİN məlumat verib.
Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksəksəviyyəli səfərlərin, o cümlədən, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin Serbiyaya dövlət səfərinin və Prezident Aleksandr Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin önəmi vurğulanıb.
Görüşdə ticarət və iqtisadi əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti təqdir edilib.
İki ölkə arasında enerji, kənd təsərrüfatı, turizm və digər istiqamətlərdə strateji əməkdaşlığın etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilib.
Görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün qurulması imkanları barədə fikir mübadiləsi aparılıb.
Prezident Aleksandr Vuçiç Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
14:47
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının rəhbəri Vladimir Orliçlə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat verir.
Onlar Azərbaycan və Serbiya parlamentləri arasında münasibətləri, eləcə də ikitərəfli əlaqələri və müxtəlif platformalarda qarşılıqlı dəstəyi müzakirə ediblər.
14:33
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Aleksandar Vuçiçlə görüşüb.
Bu barədə məlumatı Azərbaycan XİN verib.
Onlar ikitərəfli strateji əməkdaşlıq və birgə fəaliyyət məsələlərini, eləcə də regiondakı son durumu müzakirə ediblər.
12:54
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Serbiya Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri İvitsa Daçiç və digər yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.