Politoloqa görə, Vardanyanın birdən-birə Ermənistanda peyda olması da qaranlıq qalan suallardan idi:
“O, təhsil sahəsində bir qədər özünü göstərməyə başladı. Bir müddət sonra isə qanunsuz olaraq Azərbaycan ərazisinə, Qarabağa gəldi. Evi, ailəsi Londonda ola-ola o Qarabağda qondarma rejim naminə çalışacağını açıqlamışdı. Hətta bir çoxlarını onun bu davranışları şirnikləşdirmişdi və aldanmışdılar. Amma bu oyun idi”.
Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycan düzgün olaraq Vardanyan üzərindən oynanılan bu oyunların məqsədini bildiyi üçün adekvat tədbirlər gördü:
“İlk andaca Azərbaycan tərəfi bəyanat verdi ki, Vardanyan Qarabağ vətəndaşı deyil. O da qondarma rejimdə olan vəzifəsi ilə bir şey edə bilməyəcəyini anladı, amma yenə də Qarabağda qalmağa üstünlük verdi. Məqsədi ehtimalları dəyərləndirmək idi. Bunun üçün də orada absurd bəyanatlar verməyə başladı. “Müqəddəratı təyinetmə”, “status”, “müstəqillik” kimi mənasız fikirlər, sayıqlamalar etdi. İndi də bu iddialarına görə Azərbaycan hüquq sistemi qarşısında cavab verməli olur. Sadəcə olaraq o, siyasi oyunların piyadası olduğunu anlamalı idi. Məsələ bu qədər sadədir”.