Ermənistanın “günəşi” heç vaxt Qərbdən doğmayacaq! – Ərdoğanın bu ismarışı...
3946
27 Sep 2023 | 16:28

Ermənistanın “günəşi” heç vaxt Qərbdən doğmayacaq! – Ərdoğanın bu ismarışı...

Qarabağa ikinci “doğum günü” bəxş etmiş şəhidlərimizi rəhmətlə anırıq. Eyni zamanda, növbəti tarixi günləri yaşayırıq. Torpaqlarımızda erməni separatizminin kökünü kəsməyin, “Laçın” postunda ruben vardanyanların həbsinin yaratdığı zövqdən gözəl nə hiss ola bilər ki.
 
Hərgah, prosesi geridönməz etmək üçün görüləsi xeyli işimiz var qabaqda. Onlardan yalnız biri özümüzdən, Azərbaycandan asılı deyil. Bu da ermənilərin başlarına gələnlərdən dərs alıb da bir müddət sonra təzədən xəstə ideyalara qapılmayacaqları ilə bağlıdır. Hələlik buna əmin-arxayın olmaq mümkün deyil...
 
Amma “sirkə nə qədər tünd olsa, öz qabını sındırar”. İndi ermənilər də. Nələri çatmırdı ki? Di gəl, on illər boyu bir budaqda oturub yüz budağı silkələdilər. Özlərini adekvat aparsaydılar, indi bölgənin ən zəngin, rifah içində yaşayan xalqı idilər.
 
Əllərindəkilərin qədrini bilmədilər. Başlarından yekə, heç vaxt həyata keçməyən sərsəm arzuların əsiri oldular. Nəticə də belə: çox istəyirdilər, azdan da oldular. Yalançı qələbə eyforiyası gözlərini elə tutdu ki, ağla qaranı ayıra bilmədilər. Qarabağa ən yüksək statusu bəyənmədilər, indi ən aşağı status üçün yalvarırlar. Kimdir onlara bu haqqı tanıyan? Minlərlə şəhidi ona görə verdik ki, yenidən öz altımıza “gec partlayan mina”mı qoyaq?
 
Üstəgəl, Ermənistan adlı qondarma dövlətin öz varlığı sual altına düşüb. Ona görə ki, 2020-ci ilin noyabrından sonra da xoşbəxtliyin ünvanını səhv saldılar. Anlamadılar ki, Ermənistanın mövcudluq qarantı yaxın qonşu Azərbaycan və Türkiyəyə bağlıdır, uzaq ABŞ, Fransa, Rusiya, Almaniya və ya Avropa Birliyinə yox!
 
Ancaq bütün pisliklərə rəğmən, biz insanpərvərliyimizi, böyüklüyümüzü göstərdik, göstəririk. Məsləhətdir ki, bunu yenə zəif cəhətimiz sayıb təzədən ayağımızın altını eşmək fikrinə düşməsinlər. Tələlər, cələlər qurmasınlar bizə. Nəhayət, qulaqlarında sırğa eləsinlər ki, öz qonşuları ilə dil tapmayan, düşmənçilik edən ölkənin, xalqın axırı yoxdur...
 
“Türkiyə Ermənistanın diaspor və xarici güclərin təxribatçı təlimatlarına tabe olmamağı gözləyir. Erməni xalqının dincliyi və firavanlığı münaqişələrdən deyil, qonşularla dostluqdan asılıdır”.
 
Bu da qardaş Türkiyənin lideri Ərdoğandan qonşulara qızıl məsləhət.
 
Qısası, Ermənistanın “günəşi” heç vaxt Qərbdən doğmayacaq! Qonşulardan məhz bu dərki gözləyirik. Daşı ətəklərindən tökmələrini gözləyirik. Bunu ağıllı ermənilər də gözləyir. Ukraynada yaşayan tədqiqatçısı Filip Ekozyants kimi. Hansı ki, məlum hadisələrdən sonra öz soydaşları ilə bağlı tarixi dilemmanı həll etməyə çalışıb.
 
Onun aşağıdakı ibrətamiz sözlərinə diqqət edək: “Erməni qardaşlar! Biz unutmamalıyıq ki, dəstəkçilərimiz öz problemlərini elə bizim hesabımıza həll edirlər. Yalnız özlərinin, bizim yox. Bu həqiqətə gözünüzü yuma bilərsiniz, amma o, heç yerə yox olmayacaq. Tariximizi dərk etməsək, bizi manipulyasiya edənləri tapmasaq, həmişə məğlub durumda qalacağıq. İndi məhz bununla məşğul olmalıyıq, nəinki avtomatla dağlara qaçmaq və ya meydanlarda ayaq döymək. Və yadda saxlayın: bizə xoşagəlməz şeylər söyləyən heç də hər kəs bizim düşmənimiz deyil”.
 
Yəni dərman acıdır deyə, xəstənin ondan imtina etməsi ağılsızlıqdır, çünki dərman özündə şəfa daşıyır...
 
Nə yazıq ki, erməni toplumunda Filip Ekozyants kimilər deyil, hələ də “göylə süzən” radikal-revanşist nadürüstlər dəbdədir. “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan kimi.
 
“Tarixi yadda saxlayın – 5 oktyabr (İlham Əliyevin də qatılacağı “beşli” İspaniya sammiti nəzərdə tutulur – red.). Əgər burada yüz min adam yığılsa, o zaman Nikol Paşinyanın oktyabrın 5-dək qovulması gerçəkləşəcək”.
 
Tevanyanın İrəvanda dünənki mitinqdə etdiyi çıxışındandır.
 
Zavallı. Qarabağda Araik Arutunyanın yerinə daşnak Samvel Şahrmanyanı gətirib “prezident” eləməklə nəyə nail oldunuz ki, Paşinyanın hansısa revanşistlə əvəzləyib ağ günə çıxasınız?
 
Artıq nə “artsax” var, nə də Şahramayan. Bu minvalla bir azdan Ermənistan da yox ola bilər, əgər Bakı və Ankaradan verilən son ismarışlar da yanlış oxunsa... /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər