
Sentyabrın 25-də Naxçıvanda rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Bu barədə AZƏRTAC xəbər verir.
15:15
Sentyabrın 25-də Naxçıvanda rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb.
15:07
Sentyabrın 25-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi qarşılanma mərasimi olub.
Moderator.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Türkiyənin və Azərbaycanın Dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
14:45
Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını Naxçıvan Beynəlxalq Hava Limanında qarşılayıb.
14:29
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi sentyabrın 25-də Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.
12:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.
Dövlət başçısını İstanbulun Atatürk Hava Limanından vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davut Gül və digər rəsmi şəxslər yola salıb.
R.T.Ərdoğanı səfərdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alpaslan Bayraktar, ətraf mühit, şəhərçilik və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin baş müşaviri Akif Çağatay Kılıç, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik və digər rəsmi şəxslər müşayət edirlər.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.
Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.
Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.




























