Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb
Siyasət
2018
05 Sep 2023 | 21:37

Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 5-də ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisdən bildirilib ki, nümayəndə heyətini səmimiyyətlə salamlayan Milli Məclisin sədri çıxışının əvvəlində qonaqları Slovakiya Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə təbrik edib, Azərbaycanla Slovakiya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb, iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, əlaqələrin bundan sonra da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin müsbət dinamikasından məmnunluğunu ifadə edən spiker, Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında ölkəmizin Slovakiya Respublikasında səfirliyinin təsis olunması haqqında qanun layihəsinin qəbul edildiyini diqqətə çatdırıb. Spiker səfirliyin açılmasının ikitərəfli münasibətlərin dərinləşməsinə müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.

İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətini vurğulayan spiker Sahibə Qafarova qonağın ötən illərdə Azərbaycana etdiyi səfərləri, habelə özünün 2021-ci ildə Slovakiya Respublikasına rəsmi səfərini və aparılan müzakirələri məmnuniyyətlə xatırladığını bildirib.

Qeyd edilib ki, bu günədək imzalanmış və müqavilə-hüquqi bazasının əsasını təşkil edən sənədlərin ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə etdiyini deyən parlamentin sədri bildirib ki, ikitərəfli gündəlik müxtəlif sahələrini əhatə edəcək yeni sənədlərlə daha da zənginləşdirilə bilər.

Spiker Sahibə Qafarova iqtisadi münasibətlərdən danışarkən Azərbaycanla Slovakiya arasında yaradılmış Birgə İşçi Qrupun gələcək fəaliyyətinin ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd edən parlamentin spikeri, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın gələcək perspektivlərindən danışıb, Slovakiyanın "Həmrəylik Halqası" STRING layihəsindəki iştirakının gələcək əməkdaşlığımızda yeni səhifə açacağını deyib.
Sıx təmasların və mədəni əlaqələrin möhkəmləndirilməsi, iki ölkənin regionları arasında əlaqələrin qurulması və inkişafına toxunan spiker Sahibə Qafarova gələcəkdə Şuşa və Trençin şəhərlərinin qardaşlaşmış şəhərlərə çevrilməsinin qarşılıqlı anlaşma və etimadın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə inamını ifadə edib.
Parlamentlərarası əlaqələrin hazırkı vəziyyətini müsbət səciyyələndirən spiker Sahibə Qafarova, qanunverici orqanlar arasındakı əməkdaşlığın inkişafında parlamentlərin dostluq qruplarının üzərinə düşən vəzifələrdən danışıb, dostluq qruplarının müntəzəm qarşılıqlı səfərlərinin təşkil olunmasının, əməkdaşlığa dair geniş fikir mübadiləsinin aparılmasının vacibliyindən söz açıb.
Hazırda regionda mövcud olan vəziyyət barədə qonağa məlumat verən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, məhz Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyduqdan və ərazi bütövlüyünü bərpa etdikdən sonra münaqişə qurbanı olmasına baxmayaraq, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi məqsədilə Ermənistanla münasibətlərin beynəlxalq hüququn normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürüb.
Laçın yolu ətrafında Ermənistanın apardığı yalan və uydurma təbliğata diqqət çəkən Milli Məclisin sədri vurğulayıb ki, Laçın yolu açıq olub və indi də açıqdır. Orada hər hansı blokadadan söhbət belə gedə bilməz. Laçın yolu Azərbaycanın ərazisidir. Spiker Sahibə Qafarova Azərbaycanın Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etdiyini, amma təəssüf ki, Ermənistanın bu yoldan istifadə etmək istəmədiyini qonağın diqqətinə çatdırıb. Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan vətəndaşları olduqlarını bildirən Sahibə Qafarova xatırladıb ki, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılır. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə dediyi kimi, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar.
Azərbaycan parlamentində olmaqdan məmnunluğunu bildirən Boris Kollar ölkəmizə səfərinin məqsədləri və Prezident İlham Əliyevlə bu gün keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. Qonaq Azərbaycanla Slovakiya arasında münasibətlərin hazırkı durumundan məmnunluğunu bildirib, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırıb. O, Milli Məclisin sədri Sahibə Qafarovanın 2021-ci ildə Slovakiyaya səfərini xatırlayıb və bu səfərin parlamentlərarası əlaqələrin inkişafına təkan verdiyini qeyd edib. Qonaq parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və parlament komitələri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə də toxunub.
Söhbət zamanı Boris Kollar Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizmin digər ölkələrə nümunə ola biləcəyini ifadə edib. Beynəlxalq hüququn və ədalətin Azərbaycanın tərəfində olduğunu vurğulayan qonaq, ötən səfərində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində olduğunu, sabah da həmin ərazilərə səfərə edəcəyini, aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olacağını qeyd edib. Qonaq Ağdam rayonunda Slovakiya tərəfindən həyata keçiriləcək “Ağıllı kənd” layihəsi barədə məlumat verib, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirakından məmnunluğunu bildirib. İqtisadi əlaqələrin inkişafından danışan qonaq bu sahədə iş dairələri arasındakı əməkdaşlığın genişləndirilməsinin perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Link kopyalandı!
Son xəbərlər