“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüşün nə vaxt olacağı ilə bağlı hələlik məlumat yoxdur”.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, Bakı və İrəvan arasında sülh danışıqları istiqamətində proses davam edir: “Hazırda proses davam edir. Xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Hadja Lahbiblə birgə keçirdiyi mətbuat konfransında da bu məsələyə toxunub. Yeni görüşlər barədə isə hazırda məlumat yoxdur”.
XİN rəsmisi Ermənistanın sülh sazişi ilə bağlı Azərbaycana yeni təkliflər verdiyini təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü iyulun 25-də Moskvada baş tutub.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 24-də hökumətin iclasında deyib ki, Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər verib.