Son günlər “Laçın” sərhəd-keçid məntəqəsi ətrafında cərəyan edən hadisələr və dünya ictimaiyyətini çaşdırmaq üçün tirajlanan xəbərlərdə erməni diasporunun kifayət qədər rolu var. Diaspor əslində bu hadisələrdən şəxsi maraqları üçün istifadə etməyə başlayıb.
Erməni cəmiyyəti və siyasətçiləri son günlər baş verən hadisələrlə bağlı diasporun fəaliyyətini ürəkaçan hesab etmir. Müxalifətin fikrinə görə, diaspor daha çox iş görə bilər və görməlidir. “Laçın” sərhəd-keçid məntəqəsi ilə bağlı diaspor müxtəlif ölkələrdə etiraz aksiyaları təşkil etsə də, bəzən aksiya iştirakçılarının sayı bir əlin barmaq sayından o tərəfə keçmir. Eyni zamanda, etirazlar kütləviləşmir və daimi xarakter almır. Bütün bu hadisələr xaricdə fəaliyyət göstərən erməni diasporu ilə baş nazir Nikol Paşinyan arasındakı münasibətlərdə çatların getdikcə dərinləşməsindən xəbər verir.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Paşinyan 2018-ci ildən diaspor ilə “müharibəyə” başladı
Paşinyanın “məxməri inqilab”dan sonra Diaspor Nazirliyinin ləğv edilməsi barədə planını açıqlaması xaricdə fəaliyyət göstərən erməni lobbisində böyük rezonansa səbəb olmuşdu. Açıqlamadan sonra İrəvanda və bir sıra xarici ölkələrdə etiraz aksiyaları keçirildi. Bu, Paşinyanla diaspor arasında yaranan ilk çat idi. Hətta Kilikiya Evinin katolikosu I Aram Paşinyana açıq məktub yazaraq “Diasporun Diaspor Nazirliyinə ehtiyacı var” demişdi. Məktub isə diaspor və kilsənin eyni mərkəzdən idarə olunduğunu, eyni mərama xidmət etdiyini göstərirdi. Unutmaq lazım deyil ki, diaspor hər zaman Ermənistana təzyiq vasitəsi olub.
Avropa və ABŞ-yə ilk rəsmi səfərlərində Paşinyan diaspor mərkəzlərində qonaq olub və onların fəaliyyəti ilə maraqlanmışdı. Amma münasibətlər pisləşməyə doğru gedirdi. Avropadakı bəzi ermənilər Paşinyana qarşı neytral mövqe tutsalar da, Fransa, Belçika və İtaliyadakı erməni cəmiyyətləri baş nazirin siyasətini kəskin şəkildə tənqid etməyə başlamışdılar. Diaspor üçün Ermənistanın baş naziri daxili siyasi çəkişmələrə qərq olmuş, diaspordan maliyyə dəstəyi kontekstində danışan siyasətçi kimi görünürdü. Nikolun ölkədəki nüfuzlu oliqarxları zərərsizləşdirmək əvəzinə, onlarla əməkdaşlığı, yaradılmış süni atmosfer və monopoliyanın hökmranlığı fonunda diaspor erməniləri hakimiyyətə etibar etmirlər.
MDB-dəki erməni diasporuna “ögey” münasibət
Bundan əlavə, 2020-ci ildə Paşinyanın diaspor işləri üzrə komissarlığın 13 əməkdaşını tutduğu vəzifədən azad etməsi də diasporun diqqətindən kənarda qalmadı. Əslində, baş nazir Marqarita Simonyanın Rusiyadan olan bir çox məşhur erməninin ona qarşı real münasibətini əks etdirən paylaşımından sonra bu addımı atdı. İşdən çıxarılanlar arasında Şərq, Cənubi Amerika və Avstraliyadakı erməni cəmiyyətləri ilə işləyən komissarlar var idi. Paşinyan Qərbi Avropa və ABŞ erməni cəmiyyətləri ilə işi gücləndirir, MDB xətti üzrə çalışanları isə ixtisara salır. Paşinyanın Qərbyönümlü siyasəti Rusiyadakı erməni iş adamlarının da ciddi narazılığına səbəb olmuşdu.
Talanan milyardlar müqabilində “tulapayı”
Bütün dövrlərdə İrəvanla diaspor arasında əməkdaşlıq formatı ikincinin respublikaya təmənnasız yardımı üzərində qurulmuşdu. Bu, əslində aysberqin görünən üzü idi. Diaspor heç bir halda təmənnasız yardım missiyası ilə məşğul olmayıb. İşğal edilmiş Azərbaycan torpaqları 2020-ci il müharibəsinə qədər diaspor ermənilərinin talan yeri idi. İstər Zəngilanda, istər Laçında, istərsə də digər ərazilərdə müxtəlif biznes fəaliyyətləri həyata keçirilir, Şuşada villalar inşa edilir, Azərbaycanın təbii sərvətləri amansızcasına talanırdı. Elə Laçının Zabux qəsəbəsində inşa edilən evlər də bu “sərmayə”lərdən biri idi. Diaspor taladığı yüz milyonlar, milyardlar qarşılığında Ermənistana və Qarabağın separatçı rejiminə “tulapayı” verməyi özünə borc bilirdi.
Erməni lobbisinin puç olan planları
2020-ci il müharibəsindəki acı məğlubiyyət siyasi vəziyyəti dəyişdi. Həm Qərb, həm də Rusiya Ermənistanla Azərbaycanı sülhə səslədiyi bir dövrdə diaspor sülhün əleyhinə çıxmağa başladı. Çünki torpaqların işğaldan azad edilməsi böyük piroqun əldən çıxması ilə nəticələnmişdi. Artıq erməni icmalarında Paşinyanın hakimiyyətdən getməsi üçün fikir formalaşmağa başlamışdı. Bakı və Yerevan arasındakı danışıqlar prosesini məhdudlaşdırmaq diasporla yanaşı kilsənin də istəyi idi. Çünki uzun illər bu məsələ hər iki qurum üçün xarici siyasətdə istifadə edilən rıçaq və nüfuz vasitəsi idi. Diaspor 30 il ərzində qaçqınlar və Qarabağ erməniləri adına müxtəlif fond və qurumlardan ianələr toplayır, kassalarını doldurur, arada 3-5 dollar da Ermənistana və Qarabağa göndərirdi. İndi isə həm Qarabağın təbii sərvətləri, həm də ianə dilənçiliyi əldən çıxmışdı. Diaspor bunun günahkarı kimi Paşinyanı görür. Onun hakimiyyətdən getməsi, revanşist qüvvələrin iqtidara gəlməsi diasporun planlarına uyğun idi. Diasporun arzusuna əsasən, Paşinyan istefa verməli, məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürməli, “günah keçisi”nə çevrilməli idi. Bununla da “günahı” olan hər kəs azad və firavan yaşamalı idi. Amma Paşinyan diasporun ümidini doğrultmadı və növbədənkənar seçkilərdə yenidən qələbə qazandı.
Diaspor daxilində çatlar dərinləşir
“Laçın” sərhəd-keçid məntəqəsi ətrafında yaranan vəziyyətdə də diasporun fəaliyyətinin erməni cəmiyyəti tərəfindən xoş qarşılanmadığını qeyd etmişik. Müharibədən əvvəl erməni diasporu bu tip məsələlərlə bağlı daha qətiyyətli olsa da, artıq passiv fazaya keçmək üzrədir. Diaspor ermənilərinin Ermənistan hakimiyyətinə etibarı getdikcə mənfiyə doğru hərəkət edir. Erməni diasporundakı çatlar və fikir ayrılıqları da bu prosesi daha da sürətləndirir.