1447
03 Aug 2023 | 16:58

"Azərbaycan bu gün regionun sülh və əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir"

"Dövlət başçısı İlham Əliyevin yerli və xarici mətbuata müsahibələrinin hər biri Azərbaycanın dünəni, bu günü və gələcəyi, eyni zamanda, tarixi həqiqətləri ilə bağlı zəngin məlumatların dünyaya çatdırılmasında böyük rola malikdir.  Prezident İlham Əliyevin 49 ölkəni təmsil edən 150 xarici media nümayəndəsinin iştirakı ilə keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində  “Euronews” televiziyasına müsahibəsi hazırda ölkə və dünya mətbuatında geniş işıqlandırılır. Həm işğal, həm 44 günlük İkinci Qarabağ müharibəsi, həm də postmünaqişə dövrünün reallıqları barədə  dünya ictimaiyyətini məlumatlandıran dövlət başçısının dünyada ikili standartlara əsaslanan siyasətinin daha  aydın şəkildə özünü büruzə verdiyi bir zamanda   Azərbaycan dövlətinin ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini nümayiş etdirməsi bir daha  müstəqil siyasətimizin  uğuru kimi dəyərləndirildi. Ölkə Prezidentinin fikirlərində bu məqam xüsusi yer aldı ki, tarixi Zəfərimizdən sonra vəziyyətin fərqli olacağını düşünürdük. Azərbaycan  sülh üçün hazır idi. Beynəlxalq iştirakçılardan  müəyyən yeni təkliflər gözləsək də bir növ boşluğun olduğunu, heç kəsin nə etməyi bilmədiyini gördük. 
 
O da məlumdur ki, tarixi Zəfərimizdən sonra Azərbaycan dövləti  28 ildə fəaliyyətsizliyi ilə diqqətdə olan, uğursuz missiyasını yalnız Ermənistana dəstəkdə görən keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən yeni təkliflər gözlədi. Lakin  30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də həmsədr ölkələr  seyrçi mövqedə dayanmağa daha çox üstünlük verdilər. Belə olan təqdirdə  ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac var idimi?  Azərbaycan  elan etdi ki, sülh sazişi imzalanmalıdır. Ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədən bəzi dünya gücləri  ölkəmizin sülh təklifini  böyük narahatlıq hissi ilə qarşıladılar. Azərbaycan  beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsini təklif etdi.  Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn məlum prinsipləridir. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bir daha bu reallığı diqqətə çatdırdı ki, biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq". 
 
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Vüqar Rəhimzadə qeyd edib ki,  ermənilər işğal dövründə olduğu kimi postmünaqişə dövründə də ölkəmizə qarşı əsassız  ittihamlar irəli sürür, qeyri-ciddi bəyanatları ilə diqqəti yayındırmağa çalışırlar. Hazırda  dünyanın ikili standartlara əsaslanan siyasətini daha qabarıq  şəkildə nümayiş etdirən Laçın yolunda  vəziyyətlə bağlı ermənilərin apardıqları yalan təbliğata diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev müsahibədə bir daha bu reallıqları əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki,  Laçın yolunda hərəkət azadlığı bloklanmayıb.  Aprelin 23-də, yəni  sərhəd keçid məntəqəsinin qurulduğu vaxtdan  etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib- gəlib. İyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da,  sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Lakin bu yük maşınlarının, sürücülərin uniformaları üzərində  Qırmızı Xaçın emblemləri  var idi.
 
Bu faktlar Ermənistanın “humanitar vəziyyət”, “blokada” kimi şoularının hansı məqsədə xidmət etdiyini açıqlayır. İşğalçı dövlət hər vəchlə sülh müqaviləsinin  imzalanması prosesinin uzadılmasına səy göstərir. Dövlət başçısı İlham Əliyev  qeyd edilən müsahibəsində bu çağırışı etdi: “Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik.” 
 
Baş redaktor dövlət başçısının Ermənistandakı ermənilərə mesajlarına da diqqəti yönəldib. Hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində  Ermənistan liderləri öz xalqını inandırırdılar ki,  onlar dünyanın ən güclü  ordusuna sahibdirlər. Əgər müharibə başlasa, onlar  Bakıya çatacaqlar. 44 günlük İkinci Qarabağ müharibəsi bu hekayələri  məhv etdi.  Azərbaycan nə bu gün, nə də gələcəkdə  daha bir müharibə istəmir. Qarabağdakı ermənilərə gəldikdə isə   onlar qondarma liderlərinin  arxasınca getməməlidirlər. Onlar başa düşməlidirlər ki,  təhlükəsizlik təminatları,  hüquqlarının, o cümlədən  təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq  normal həyat yaşayacaqlar.  Onlar daha  manipulyasiyanın girovu olmayacaqlar. 
 
Vüqar Rəhimzadə diqqəti dövlət başçısının “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi” fikirlərini böyük qürur hissi ilə qeyd etməsinə  yönəldərək bildirib ki, Müzəffər Ali Baş Komandan bu missiyanı qətiyyətlə yerinə yetirdi. Ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi. Azərbaycanın 30 illik işğala 44 gündə son qoyması  malik olduğumuz imkanların təqdimatı oldu. Eyni zamanda, postmünaqişə dövrünün mühüm reallığı olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bir daha ölkəmizin bu torpaqların əzəli-əbədi sahibi olduğunu və  ərazilərimizin tezliklə əvvəlki şöhrətinə qayıtmasının uzaqda olmadığını göstərir. Dövlət başçısı müsahibəsində “Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur… Biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq” söyləməklə əsas hədəfin məhz sülh müqaviləsinin imzalanması olduğunu açıqladı. Azərbaycanın sülh təklifi zəiflik anlamına gəlməməlidir. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi,   tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik.
 
Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində söylədiyi fikirlər müxtəlif məqamları özündə ehtiva edən sualların  Ermənistana və ona havadarlıq edən dövlətlərə ünvanlanması ilə diqqətdə oldu. Hər bir sual özündə gələcəklə bağlı müəyyən məsələlərin müzakirəsini aktuallaşdırır. Bu isə öz növbəsində ölkəmizin ədalətin və beynəlxalq hüququn yanında olmasından, hər bir məsələnin bu çərçivədə həllinə marağından irəli gəlir. Azərbaycan bu gün regionun sülh və əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir.
 
Link kopyalandı!
Son xəbərlər