Hüquq müdafiəçisi Meşəli sakinlərini dəstəklədi:
Siyasət
1595
02 Aug 2023 | 13:36

Hüquq müdafiəçisi Meşəli sakinlərini dəstəklədi: "Erməni cəlladları cəzasız qalmamalıdır"

"Meşəli sakinlərinin müraciəti beynəlxalq ictimaiyyətin erməni vandalizmi haqqında məlumatlandırılması baxımından çox önəmlidir".
 
Bunu "Report"a D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova deyib.
 
Onun sözlərinə görə, Qarabağ və ətraf rayonlarda ermənilər tərəfində Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər barədə toplanmış bütün faktlar Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməlidir: "ABŞ Prezidenti Cozef Bayden Ukrayna müharibəsi ilə bağlı danışarkən Rusiyanın törətdiyi bütün cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməli olduğunu deyib. Azərbaycanın da belə bir hüququ var və bu hüququndan sonuna qədər istifadə etməlidir".
 
Hüquq müdafiəçisi söyləyib ki, müharibədə hər iki tərəfdən insanlar ölür, lakin Azərbaycan xalqına qarşı törədilən vəhşilik, faşistlər kimi uşaq, qadın, yaşlı ayırd etmədən əliyalın əhaliyə edilən zülm, soyqırımı müharibə cinayətləri hesab olunur.
 
"Həmin cinayətlərə görə də, Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Burda söhbət sadəcə Vaqif Xaçaturyandan getmir. Həmin faciələrin törədilməsində Zori Balayan, Robert Koçaryan, Serj Sarqsyan kimi bir çox erməni cəlladının əli var və hər biri haqqında Beynəlxalq Cinayət Məhkəməsinə müraciətlər ünvanlanmalıdır. Məsələn, ermənilər bu gün də qondarma soyqırımı ilə bağlı dünyaya car çəkirlər",- o vurğulayıb.
 
 
Novella Cəfəroğlu
 
N.Cəfərova Meşəli camaatının beynəlxalq ictimaiyyətə müraciətini son dərəcədə doğru hesab edir və düşünür ki, Xocalı, Başlıbel, Ağdaban kimi ermənilərin törətdikləri cinayətlərlə bağlı beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıdır: "Eyni zamanda Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı aktlarına görə beynəlxalq məhkəmələrdə Ermənistanın cəzalandırılması tələb edilməlidir".
 
Qeyd edək ki, V.Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.
 
Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
 
Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
 
 
Xatırladaq ki, Meşəli soyqırımı qurbanları bu gün beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır. Beynəlxalq humanitar hüquq da buna qarşıdır:
 
"İkinci Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırılıbsa, insanlıq əleyhinə cinayətlər törətmiş erməni faşistləri də o cür cəzalandırılmalıdır. Burada qeyri-adi nəsə axtarmağa dəyməz.
 
Xaçaturyanı qanun qarşısında cavab verməyə məhkum edən tədbirlərin Qarabağda yaşayan dinc erməni əhalisi ilə heç bir əlaqəsi yoxdur. Biz - Meşəli sakinləri Xocalıya - doğma evlərimizə qayıdacağımız günü də səbirsizliklə gözləyirik. Bizim Xaçaturyan kimilərdən fərqli olaraq, dinc insanlarla heç vaxt düşmənçiliyimiz olmayıb.
 
Biz – bu qədər ağır faciə yaşamış Meşəli sakinləri yenə də müdriklik göstəririk, bundan sonra sülh içərisində yaşamaq istəyirik, orada ermənilərlə yanaşı yaşamağımızda da problem görmürük, amma müharibə cinayətkarlarının qanun qarşısında cəzalandırılması etnik barışığın vacib şərtidir. Təəssüflər olsun ki, 44 günlük müharibədən sonra da Ermənistan bu müharibə cinayətkarlarının cəzalandırılması üçün heç bir addım atmadı.
 
Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur".
 
Link kopyalandı!
Son xəbərlər