“Xaçaturyan təkcə Meşəli qətliamını törətməyib, Xocalı soyqırımında da iştirak edib” - ŞƏRH + FOTO
1651
31 Jul 2023 | 19:15

“Xaçaturyan təkcə Meşəli qətliamını törətməyib, Xocalı soyqırımında da iştirak edib” - ŞƏRH + FOTO

“Cinayətkar Xaçaturyan Vaqif Çerkezovun həbs olunduğu xəbərini alan Meşəli sakinlərinin yanında idim. Onlar göz yaşları içində elə faciələr danışırdılar ki, insan belə vəhşiliyi təsəvvür etmir. Xaçaturyanı o dövrdə həm Meşəli camaatı, həm də Dağlıq Qarabağdakı Xankəndi avtomobil nəqliyyat müəssisəsində işləyən azərbaycanlı sürücülər yaxşı tanıyırdılar”.

Bu sözləri Oxu.Az-a Xocalıdan olan deputat Elman Məmmədov Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən birinin saxlanılmasından danışarkən deyib. O qeyd edib ki, qətliamla üzləşən Xocalı rayon Meşəli kəndinin sağ qalan sakinləri Goranboyun Meşəli qəsəbəsində məskunlaşıblar:

 

“Həmin qatil, cinayətkar bizim camaatın öldürülməsinə rəhbərlik edən iki nəfərdən biri, elə əsas başçılardandır. Xaçaturyanın və onun kimilərin cinayəti təkcə Meşəli kəndində törədilən kütləvi qırğınla bitmir. Ermənilərin məskunlaşdığı kəndlərimizin demək olar ki, hamısında ayrı-ayrılıqda belə silahlı quldur dəstələri var idi. O quldur dəstələrinə Xaçaturyan kimi cinayətkarlar rəhbərlik edirdilər.

Meşəli kəndində soyqırımı 1991-ci il, dekabr ayının 22-dən 23-nə keçən gecə törədilib. Lakin bundan sonrakı aylarda Xocalıya edilən hücumlarda, Xocalı soyqırımında da Xaçaturyanın əli var idi. Xocalı soyqırımı zamanı ermənilərin yaşadığı kəndlərin hamısından silahlı dəstələr hücuma gəlmişdilər.

Xocalıda camaatın başına gətirilənlər haqqında yerli sakinlərin, əsir və girovluqda olanların çoxsaylı şahid ifadələri var. Bunların hamısı haqqında Azərbaycanın müvafiq qurumlarında kifayət qədər məlumatlar var. Azərbaycan heç vaxt adi səbəbdən kimisə həbs etmir”.

Deputat vurğulayıb ki, Xaçaturyanın tutulması Samvel Babayan və onun kimi cinayətkarların canına qorxu salıb:

“Samvel erməni mətbuatına deyib ki, Azərbaycanda üç yüzdən çox erməninin adı cinayətkar, axtarışda olanlar siyahısındadır. O yaxşı bilir ki, özün də, Seyran Ohanyan da, Balasanyan da cinayətkar əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar”.

 

Elman Məmmədov deyib ki, faciə baş verəndə Meşəliyə helikopterlə yardım göndərilib, camaatın köməyinə çatmaq üçün ətraf kəndlərdən gənclər gəlib:

“Meşəliyə yaxın Kosalar kəndindən xeyli igid oğlanlar camaatın köməyinə gəlmişdi. Ancaq artıq iş-işdən keçmişdi. Ermənilər faciəni törətmişdilər, gec xəbər tutmuşduq. Təxminən, altmışa yaxın evi olan kiçik bir kənd idi. Qırxqız dağının qarşısında, Meydan dağının ətəyində yerləşirdi. Oraya ən yaxın olan Badara kəndində ermənilər məskunlaşmışdı. İki kəndin camaatı bir-birini çox yaxşı tanıyırdılar. Meşəli kəndini 1988-ci ildən sonra uzun müddət mühasirədə saxlayan erməni quldur dəstələri elə Badara, Qayabaşı kəndinin quldur dəstələri idi. Meşəli camaatı bir neçə il zülm çəkə-çəkə, dağ yolu ilə Laçın yoluna çıxıb, oradan Kosalar kəndinə gedirdilər”.

Deputat deyib ki, o dövrdə Meşəliyə hücum əməliyyatı müxtəlif istiqamətlərdən təşkil olunub:

“Kənddə silahlı adam çox az idi və təbii ki, dözə bilməzdilər. O zaman ermənilərə ruslar da kömək edirdilər. Azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrinə ermənilərin hücumu, törədilən qətliamlarda həmin vaxt orada olan 366-cı alayın hərbi texnikası və canlı qüvvəsi də iştirak edib. O cümlədən Meşəliyə hücumda ermənilərin yanında rus hərbçiləri yer almışdı. Əsas qırğını törədənlər, vəhşiliklərlə ad çıxaranlar, işgəncələrə yol verənlər ermənilər, Xaçaturyanın rəhbərliyindəki silahlılar olurdu. Ona görə, Xaçaturyanın görəcək günləri hələ qarşıdadır. Meşəli camaatı, faciənin sağ qalan şahidləri hər biri onun məhkəməsində ifadə verəcək, başına gətirilən müsibətləri danışacaqlar”.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına əsasən, keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Link kopyalandı!
Son xəbərlər