AMEA-nın Naxçıvan Bölməsində Qərbi Azərbaycanla bağlı tədqiqatlara başlanılıb - FOTO
1472
30 Jun 2023 | 16:16

AMEA-nın Naxçıvan Bölməsində Qərbi Azərbaycanla bağlı tədqiqatlara başlanılıb - FOTO

AMEA-nın Naxçıvan Bölməsində Qərbi Azərbaycanla bağlı tədqiqatlara başlanılıb.
 
“Report”un yerli bürosu xəbər verir ki, bu məqsədlə muxtar respublikanın bir sıra yaşayış məntəqələrinə ekspedisiyalar təşkil olunur, həmin ərazilərdə məskunlaşmış qərbi azərbaycanlılarla görüşlər keçirilir.
 
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, Qərbi Azərbaycan İcmasının Ordubad üzrə nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Ordubad rayonu Parağa kəndində məskunlaşmış qərbi azərbaycanlıların bir neçəsi ilə görüşüb.
 
A.Cəfərova söyləyib ki, qədim və köklü mədəniyyət sahibləri olan bu əhali fitri istedad və dərin biliklərə malikdirlər: "Onlar xalqımıza məxsus qədim mədəniyyət daşıyıcılarıdırlar. Burada məskunlaşmış əhali özləri ilə bərabər doğma el-obalarına məxsus olan adət-ənənələri də gətiriblər. Bu adət-ənənələrin bəzilərini bu gün də icra edərək yaşadırlar. Bu baxımdan onlarla görüş əsas işlərdəndir.
 
Qərbi azərbaycanlılara məxsus adət-ənənələrdən bəziləri isə icra mühitindən kənarda qalaraq itmək təhlükəsindədir. Odur ki, onların yaddaşlardan toplanması çox vacib işlərdəndir. AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı ekspedisiya zamanı bu insanlarla görüşərək qaçqın düşərkən özləri ilə gətirdikləri əşyaları, sənədləri nəzərdən keçirib, dərin mədəniyyətin izlərindən olan bu əşyalarla bağlı sakinlərin xatirələrində olan hadisələri qələmə alıb. O cümlədən, yurd-yuvasından, doğma Vətənindən ayrı düşmüş bu insanların yurd həsrətini ifadə edən, onların folklor yaddaşında yaşayan örnəkləri yazıya alıb".
 
O həmçinin bildirilib ki, bu kimi görüşlər digər bölgələrdə də davam etdiriləcək.
 
Qeyd edək ki, Parağa kəndində Qərbi Azərbaycanın Əzizbəyov və Yexednazor rayonlarından qaçqın düşmüş soydaşlarımız yaşayırlar. Sözügedən rayonların Gömür, Gabud və Axta kənd sakinləri doğma yurd-yuvalarından qovularaq Azərbaycanın bir çox regionlarında olduğu kimi Ordubad rayonunda da məskunlaşıblar.
Link kopyalandı!
Son xəbərlər