Politoloq: “Parisdə azərbaycanlı jurnalistlərə qarşı hücum söz azadlığına qəsddir”
Siyasət
1470
30 Jun 2023 | 15:20

Politoloq: “Parisdə azərbaycanlı jurnalistlərə qarşı hücum söz azadlığına qəsddir”

“Təəssüf ki, beynəlxalq ictimaiyyət Fransada azərbaycanlı jurnalistlərin başına gələn hadisənin söz azadlığına qəsd olmasına baxmayaraq, bu barədə fikir bildirmir, onu qınamır”.
 
Bunu “Report”a açıqlamasında meksikalı politoloq, “Gənc Diplomatlar” təşkilatının prezidenti, Meksika Konqresinin keçmiş texniki katibi Maurisio Tafoya Parisdə AzTV-nin çəkiliş qrupuna son hücumu şərh edərkən deyib.
 
“Bu fakt söz azadlığına qəsd kimi qiymətləndirilməlidir. Mən bunu söz azadlığının, jurnalistlərin öz vəzifələrini yerinə yetirmək hüququnun pozulması hesab edirəm. Fransa son vaxtlar ölkədə baş verən hadisələrdən dünyanın xəbər tutmasını istəmir”, - o vurğulayıb.
 
Onun fikrincə, Fransa hakimiyyəti xalqının zülm çəkməsindən, yoxsulların və miqrantların marginallaşdırılmasından dünyanın xəbər tutmasını istəmir və belə hərəkətlər KİV-ləri susdurmaq məqsədi daşıyır: “Bu gün çoxları başa düşməlidir ki, ifadə azadlığı hüququ, xüsusən də əhalini məlumatlandırmaqla məşğul olan jurnalistlərə münasibətdə pozulmamalıdır. Çünki onlar əhalini məlumatlandırmaqla məşğul olurlar. Üstəlik, jurnalistlər hər dəqiqə dünyada baş verən hadisələri anlamağa imkan verən ünsiyyət vasitəsidir”.
 
Politoloq hesab edir ki, Fransa guya söz azadlığını dəstəkləyir, azad demokratiya hesab olunur: “Amma bu hadisə fundamental azadlıqların pozulmasını, jurnalistlərə təzyiqi nümayiş etdirir”.
 
Xatırladaq ki, AzTV əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar.
 
Link kopyalandı!
Son xəbərlər