Üfüqdə sülh görünür - “Kaspi”nin ŞƏRHİ + FOTO
Siyasət
2770
11 Jun 2023 | 21:03

Üfüqdə sülh görünür - “Kaspi”nin ŞƏRHİ + FOTO

Azərbaycan və Ermənistan arasında sülh razılaşması üzrə danışıqların intensivliyi artıb. Erməni tərəfi müxtəlif bəhanələrlə və şərti sərhəddə törətdiyi təxribatlarla sülh danışıqlarından qaçmağa çalışsa da, Bakının siyasi iradəsi və diplomatik həmlələri nəticəsində yenidən danışıqlar masasına qayıtmağa məcbur olub. Azərbaycan sülh sazişinin imzalanması üçün prinsiplərini açıqlayıb. Erməni tərəfinin ard-arda verdiyi açıqlamalar da müəyyən məsələlərdə razılıq əldə olunmasına bir işarədir. 

Bu baxımdan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasındakı çıxışında bəzi məqamlar diqqət çəkir. Nazir deyib ki, iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. Onun sözlərinə görə, əgər bu intensivlik davam edərsə və beynəlxalq ictimaiyyətdən güclü yardım olarsa, o zaman ilin sonuna kimi sülh sazişi imzalamaq imkanı yaranır.

Bəs görəsən tərəflərin optimist bəyanatlarının kökündə nə dayanır? 

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Zülfüqarov tərəflərin sülh sazişinə yaxın olması fikrini paylaşmadığını bildirdi:

“Ermənilərin taktikası hələ də dəyişməyib, özlərini sülhpərvər göstərmək istəyirlər. Çünki hansısa nəticəni əldə etmək ərəfəsində oyun oynayırlar ki, heç bir nəticə əldə olunmasın. Ona görə də hesab etmirəm ki, yaxınlaşma var. Erməni tərəfi açıqlamaları ilə göstərmək istəyir ki, sülh istəyir. Amma onların istədiyi sülhdə nə Azərbaycanın ərazi bütövlüyünün tanınması, nə də suverenliyə hörmət edilməsi var. Sadəcə, yeni şəraitdə köhnə anneksiya siyasətini davam etdirmək istəyirlər. Görüntü yaradırlar ki, bu şərtlər sülhə gətirib çıxaracaq. Təbii ki, bu belə deyil”.

Ermənilərin ABŞ-dəki, Fransadakı və digər ölkələrdəki lobbilərinin bu məsələdə rolunun olduğunu təsdiqləyən T.Zülfüqarovun fikrincə, Rusiya, İran və digər fövqəldövlətlər istəyirlər ki, bu münaqişə davam etsin:

“Bununla da Azərbaycana və Ermənistana təsir mexanizmləri qalsın”. 

Politoloq Amid Əliyev bildirdi ki, son iki ayda Azərbaycan-Ermənistan sülh gündəliyində pozitiv bəyanatların səslənməsinin şahidi oluruq:

“Hər iki tərəfdən sülh sazişinin imzalanmasına dair bəyanatların verilməsi onu deməyə əsas verir ki, bu istiqamətdə ciddi mövqe yaxınlaşması var. Digər mühüm məqam isə Vaşinqton görüşündən sonra bu tipli bəyanatların verilməsidir. Brüssel, Moskva və Kişineu görüşlərində də sülhün əsasını təşkil edən əsas elementlər kimi sərhədlərin müəyyənləşdirilməsi, anklavlar və Zəngəzur dəhlizi haqqında mövqe yaxınlaşmaları onu deməyə əsas verir ki, 5 əsas prinsipdən artıq 3-ü razılaşdırılıb. Bu günlərdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bir daha Qarabağda yaşayan ermənilərin gələcək taleyinin rəsmi Bakı tərəfindən müəyyən ediləcəyi haqqında bəyanat verməsi sübut edir ki, artıq bu mövzu üzrə mübahisə yarada biləcək məqamlar kontekstdən çıxarılıb”.

A.Əliyev vurğuladı ki, Ermənistan Təhlükəsizlik Şurasının sədri  tərəfindən ilin sonuna kimi sülh sazişinin imzalanması ehtimalının vurğulamması, eyni zamanda Azərbaycan XİN tərəfindən də verilən bəyanatlar onu deməyə əsas verir ki, ilin sonunda, konkret olaraq İspaniyada keçiriləcək III Avropa Siyasi Sammitində və ya ondan dərhal sonra bu fakt reallaşa bilər:

“Hər iki ölkənin XİN rəhbərlərinin yenidən Vaşinqtonda görüşəcəyi ehtimalı da var və güman edilir ki, sülh sazişinin yekun mətni razılaşdırılacaq. 21 iyulda Brüssel görüşündə isə yekun mətn ölkə rəhbərlərinə təqdim ediləcək. Görünən odur ki, Qərb Rusiyanın moderatorluğunu zəiflətmək yolu ilə tezliklə məsələnin həll olunmasında maraqlıdır. Qərb Ermənistana təzyiq göstərərək İrəvanı Azərbaycanın dəyişməz və prinsipial mövqeyi əsasında formalaşan gündəliyi qəbul etməyə məcbur edəcək. Əks halda Ermənistana Rusiyanın təzyiqləri artacaq və sülhün əldə olunması yubanacaq. Bu isə Qərbin maraqlarına uyğun gəlmir”.

Link kopyalandı!
Son xəbərlər