Özünü xain və satqın kimi aparma - Rusiyadan Ermənistana SƏRT İTTİHAM
Siyasət
3619
24 May 2023 | 14:45

Özünü xain və satqın kimi aparma - Rusiyadan Ermənistana SƏRT İTTİHAM

Ermənistan növbəti dəfə Rusiya tərəfindən təhqir olunub. Rusiya tabeliyində olan media resursları vasitəsilə ermənilərin xəyanətkar, satqın xarakterlərini qabardıb. Ötən gündən, daha dəqiq ifadə etsək, Paşinyanın Qarabağın Azərbaycan torpağı olması barədə bəyanatının ardınca Rusiya siyasiləri, mediasında rəsmi İrəvan sərt tənqid olunmaqdadır. Bu dəfə isə Ermənistanın Qərbpərəst mövqeyi sərt tənqid olunub.

"Satqınlar birinci özlərini satır"

Bu dəfə isə Rusiyanın "Bloknot" nəşri yazır ki, Parisdən zirehli texnika alan erməni siyasətçilərinin sevinci Rusiya-Ermənistan münasibətlərində çoxsaylı suallar doğurub. "Bizim XİN sadəcə "erməni tərəfdaşlarımıza" Platonun bir fikrini xatırlatmalı idi - satqınlar birinci özlərini satır". Ermənistan Rusiya ilə "dostluq, hətta qohumluq münasibətlərini" çox ucuz qiymətə satıb - cəmisi 50 ədəd zirehli avtomobil və nə vaxtsa veriləcək "Mistral" hava hücumundan müdafiə sistemi müqabilində. Nəşrə müsahibəsində Qarabağ separatçılarının keçmiş nümayəndəsi Raçya Arzumanyan bildirib ki, "Rusiya ilə hərbi sahədə əməkdaşlığı unutmaq gərəkdir. Bizim danışmaq və gözləmək üçün vaxtımız yoxdur. Yaxın aylarda Ermənistanın hərbi sferasında böyük dəyişikliklər baş verəcək".

Ermənilərin Rusiyadan ayrılmaq arzuları çin olur?

"Arzumanyan ifadələrində xəsislik etməyib. Necə deyərlər, axmaqların arzusu reallaşır. Ermənilər və onun timsalında Qərb sevdalıları sevinc içindədir - Rusiyadan ayrılmaq kimi xəyalları çin olur. İndiki kimi bu arzuya çatmaq yaxın olmayıb. Bu "yaxşı ermənilər" quyruqlarını da götürüb hara gəldi qaçmağa hazırdırlar - ABŞ, Fransa hətta Hindistan olsa belə. Təki Xankəndini 2020-ci ldə Azərbaycanın tutmasına imkan verməyənlərdən uzaq olsunlar. Nə oldu çoxəsrlik tarixləri ilə daim öyünən ermənilərin yaddaşı belə korşalıb? O zaman onu bir neçə sərf etməyən suallarla təzələyək. Parislə dostluq etmək istəyirsiniz? Bəlkə, fransızlar azərbaycanlıların Xankəndi yaxınlığında hücumunun qarşısını alıb? Elə deyilmi? Maraqlıdır, ermənilərə nə kömək oldu - Fransa Senatının qətnamələri? Fransada yaşayan ermənilər? Yadınıza salın, 2020-ci ildə tərəfləri danışıqlar masası arxasında əyləşdirmək kimin təşəbbüsü olub - Makron, yoxsa Putin? Siz iddia edirsiniz ki, Rusiya Qarabağı atıb. Ola bilsin.

"Qarabağ beynəlxalq hüquq normaları ilə təsbit edilmiş Azərbaycan ərazisidir"

Sizin KTMT-yə iddianız var ki, bəs Azərbaycana qarşı müharibədə sizi dəstəkləməyib? Axı qondarma DQR təşkilatın üzvü deyil. Və Ermənistan ərazisinə heç kim hücum etməyib. Əgər yaddan çıxarıbsınızsa, o zaman bildirək ki, Qarabağ beynəlxalq hüquq normaları ilə təsbit edilmiş Azərbaycan ərazisidir. Rusiya bölgənin statusu ilə bağlı məsələnin təxirə salınmasını təklif etmişdi. Ermənistan bu təşəbbüsdən yararlandımı? Kimdir burada günahkar? "Siz "Mistral"ı gözləyirsiniz və KTMT-dən çıxmağa eyham vurursunuz? Fransız və ya Amerika lobbisinə arxalanırsınız?" deyə nəşr sual edir.

Daha sonra nəşr maraqlı bir məqama toxunur. Yazır ki, zirehli maşınlar vaxtında gəliblər: mayın 25-də Moskvada Paşinyanla Əliyev arasında keçiriləcək sammitdən bir qədər əvvəl. Bu, təbii ki, tamamilə təsadüfdür. Xatırladılır ki, 2020-ci ildə azərbaycanlılar 350 zirehli texnikanı məhv ediblər, yəni fransız dostlarının bu gün təhvil verdiyindən yeddi (!) dəfə çox? Ermənistanın sadəcə olaraq Paris və Ankara arasında qarşıdurma üçün məşq meydançasına çevriləcəyini anlamamaq üçün çox, çox alternativ istedadlı olmalısan.

Yaddaşı korlaşan ermənilər

Rus nəşr ermənilərə sual edir - "Fransanın hava hücumundan müdafiə sistemlərinin hələ də dronlara qarşı sınaqdan keçirilmədiyini bilirsinizmi? Ümumiyyətlə, sizin çox pis yaddaşınız var:  Rusiya hərbi texnikası sayəsində Qarabağda birinci müharibədə qalib gəldiyinizi unudubsunuz? Və nəhayət, sadə zehni məşq etməyə çalışın: təsəvvür edin ki, Rusiya sülhməramlı kontingenti sakitcə Laçın dəhlizindən uzaqlaşsa, nə baş verərdi?  

Bu qədər sual, o qədər az cavab. Baxmayaraq ki, bircə cavab var: Ermənistan bu gün özünü əsl satqın kimi aparır. Ölkənin siyasi rəhbərliyi açıq şəkildə Qərbin qabağında sürünür, müxalifət də ondan geri qalmır. Paşinyanın heç bir "Rusiya uduzsa, Ermənistanın başına nə gələcəyini bilmirik" kimi ağlaşması, eləcə də Moskvada Qələbə Paradında çıxışı fransızların altında yatmaq istəyinin qarşısını ala bilməyəcək. Cənablar, tərəf seçmək vaxtıdır. Ya bizimləsən, ya da bizə qarşısan. Üçüncüsü yoxdur". /Milli.az/

Link kopyalandı!
Son xəbərlər