Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərə start verib - FOTO
3162
27 Apr 2023 | 16:37

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərə start verib - FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində silsilə tədbirlərə start verib. Mərkəz ilin sonuna qədər  Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsinin icra olunduğu ali təhsil müəssisələrində - Ural Federal Universiteti (Rusiya),  İvan Cavaxaşvili adına Tibilisi Dövlət Universiteti (Gürcüstan), Vrotslav Universiteti (Polşa), Hokkaydo Universiteti (Yaponiya), Erciyəs Universiteti (Türkiyə),  Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti (Bolqarıstan), Malaziya Universiteti (Malaziya),  Gadjah Mada Universiteti (İndoneziya), Aleksandr İoan Kuza Universiteti (Rumıniya) Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbirlər, konfranslar, seminarlar, dəyirmi masalar təşkil etməyi nəzərdə tutur. 
 
Silsilə tədbirlər çərçivəsində Ural Federal Universitetində keçirilən “İndiki dövrün qlobal və regional problemləri: mənbələr və perspektivlər. Şərq və Qərb” mövzusunda XV Beynəlxalq elmi konfransın plenar iclası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Tədbirdə Ural Federal Universitetininin müəllim və tələbə heyəti ilə yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin, eləcə də Yekaterinburq şəhər icra hakimiyyətinin nümayəndələri də iştirak ediblər.
 
Plenar iclasda çıxış edənlər Rusiya-Azərbaycan münasibətlərini təhlil edərək, bu əlaqələrin inkişafında Heydər Əliyevin rolunu xüsusilə vurğulayıblar. Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Mədəni müxtəliflikdə birlik: Azərbaycan timsalında” mövzusunda XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçısı Kristina Tretyakova çıxışı zamanı Bakıda keçirilən qış məktəbi haqda danışıb. Daha sonra çıxış edən Ural Federal Universitetin professoru A.Q.Nesterov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən  və  bu münaqişənin həllində Heydər Əliyevin rolundan bəhs edib. Professor çıxışında 44 günlük müharibə haqqında da məlumat verib. O, bu müharibədə Azərbaycan xalqının, Azərbaycanda yaşayan etnik azlıqların  Prezident İlham Əliyevin ətrafında Dəmir yumruq kimi birləşməsini, onların qələbənin qazanılmasındakı rolunu xüsusilə vurğulayıb. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina “Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın çoxtərəfli diplomatiyasının xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib. 
 
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində 2015-ci ildən etibarən, Ural Federal Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. 
 
 
Link kopyalandı!
Son xəbərlər