İranda Ermənistan əleyhinə də səslər çıxır, amma burada Azərbaycanın xeyrinə, İrəvanın zərərinə işləyən etirazlardan söhbət getmir.
Öncəliklə, İranda son bir neçə gündə Ermənistanın baş naziri Nikol Paşinyanın və onun komandasının hədəf alınmasının motivinə nəzər yetirək.
Birincisi: Tehranda Paşinyan əleyhinə etiraz aksiyası keçirilib və qaldırılan şüarlarda o, az qala, xəyanətdə ittiham edilib. Etiraz edənlər İran erməniləridir, lakin şübhə etmək olmaz ki, onlar qaldırdıqları şüarın xeyir-duasını Tehrandan alıblar.
İkincisi: İran mediasında və sosial şəbəkələrində Paşinyanın Azərbaycanla bağlı mövqeyi tənqid edilir, daha doğrusu, o, radikal addımlar atmamaqda təqsirləndirilir.
İki həlqə İranın region üzrə iddialar zəncirini birləşdirir və göstərir ki, Tehranın Ermənistanın müstəqilliyi, ərazi bütövlüyü barədə dediklərinin arxasından daha böyük hədəflər boylanır. Strateji məqsəd elə Azərbaycanla Ermənistanı münaqişə vəziyyətində saxlamaq və böhranın yönləndirilməsinin iştirakçısına çevrilməkdir.
İran hərbi-siyasi dairələrində Ermənistanın Azərbaycan və Türkiyə strateji müttəfiqliyi qarşısında güzəştlərinin böyük olduğunu izah edənlər tapıla bilər.
Paşinyanın Azərbaycanla danışıqlardan sonrakı izahlarındakı qeyri-müəyyənlik və Bakının şərtləri qarşısında qətiyyətli addımlar atmaması Tehranın regional təhdidlərinin körüklənməsinə motivasiya verir.
İranın hakimiyyət kuluarlarında Paşinyanın Azərbaycan və Türkiyənin genişlənən maraqlarında rol almasına dair fikirlər mövcud olmamış deyil. Molla rejimi düşünür ki, Ermənistan Bakı-Ankara tandeminin birgə diktəsindən doğan irimiqyaslı hədəflərlə razılaşmaqla İranın regiondakı maraqlarını təhlükə altında inlədir.
İran tərəfindən tez-tez səslənən “Ermənistanın sərhədləri qırmızı xəttimizdir” bəyanatları onu qorumaq mənasında deyil, sanki işğal ritorikasında işlədilir.
Azərbaycan isə Ermənistan ərazisindəki tarixi ərazilərində gündəlik formalaşdırmaq iddialarını genişləndirir.
İrana Ermənistanda daha radikal qüvvələrin hakimiyyətə gəlməsi sərf edir, bu baxımdan ara-sıra Ermənistanda revanşist ünsürlərin qışqırıqlarının xarici himayədarlarından biri Tehran ola bilər.
Əgər bu versiyaların doğruluğunu şübhə altına almasaq, nəticə olaraq Azərbaycanla İranın “İrəvan uğrunda” mübarizə tablosu göz önündə canlanar.
Bu hadisələr Ermənistan üçün son dərəcə acınacaqlı vəziyyət diaqnozu qoymaq imkanı yaradır.
Bir tərəfdən Azərbaycanın şərtləri, digər yandan Türkiyənin basqıları, o biri cəbhədən İranın gizli məqsədləri, şimaldan isə Rusiyanın təhdidləri Ermənistanın suverenliyini sovurur.
Ermənistanın ağı da, qarası da regiona ziyanlar gətirir, sülh gündəliyini əlində rəhbər tutanda təzyiqlərlə üzləşir, ondan imtina edəndə də fərqli təhdidlər başı üzərində qılınc kimi qaldırılır.
İran-Azərbaycan gərginliklərinin yumşaldılmasına cəhdlər fonunda isə yenə Ermənistan pis vəziyyətə düşəcək... /Oxu.az/