Politoloq: Türk dövlətləri arasında əlaqələr əvvəllər xəyal belə edilməyən səviyyəyə çatıb
Siyasət
3813
14 Apr 2023 | 20:12

Politoloq: Türk dövlətləri arasında əlaqələr əvvəllər xəyal belə edilməyən səviyyəyə çatıb

“Bu gün Türk dünyasının inteqrasiyası, təşkilatlanması reallığa çevrilib. Bu istiqamətdə atılan addımlar, görülən işlər özünün müsbət nəticəsini verməkdədir”.

Bunu politoloq Ramiz Alıyev bildirib.

Ramiz Alıyev deyib ki, bu gün türk dövlətləri arasında əlaqələr əvvəllər xəyal belə edilməyən səviyyəyə çatıb: “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı beynəlxalq təşkilatlar arasında nüfuz qazanıb və mühüm bir rol oynamağa başlayıb. Türk birliyinin təmin olunması istiqamətində Rəcəb Tayyib Ərdoğanın dövründə atılan addımlar, bundan əvvəlki heç bir hakimiyyətin edə bilmədiyi qədər böyük olub. “Türkiyə çevrilişlərə və qlobal imperialistlərin oyunlarına qarşı “Türk əsri” ilə cavab verəcək” devizi indi sadəcə şüar deyil, konkret konseptual proqram və strategiyadır. Azərbaycan bu strategiyanın əsas müəlliflərindən biridir. Türkiyə Prezidentinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd etdiyi kimi, “Torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu olan Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib”.

Politoloq qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında müstəsna bağlara söykənən və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatan əməkdaşlıq təkcə iki ölkənin deyil, bütün Türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyətə malikdir: “Hazırda Türkiyənin güclənməsi Azərbaycan və bütün türk dünyası üçün mühüm prioritetlər formalaşdırır. Mərkəzi Asiya dövlətlərində də Türk Dövlətləri Təşkilatı çərçivəsində geniş inteqrasiya meylləri müşahidə olunur. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Türkiyə istehsalı olan “Togg” elektrik avtomobilini hədiyyə edib. Bununla da indiyə qədər “Togg” avtomobilinə üç prezident – Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Şavkat Mirziyoyev sahib olub”

Ramiz Alıyev onu da qeyd edib ki, 14 mayda Türkiyədə baş tutacaq prezident və parlament seçkilərinin nəticəsini bütün Türk dünyası gözləyir: “Bu seçki olduqca ciddi siyasi əhəmiyyətə malikdir. Türkiyədə Türk dünyası ilə bağlı aydın siyasəti olmayan, PKK təəssübkeşlərilə əməkdaşlıq etdikləri iddia edilən siyasi qüvvələrin hakimiyyətə gəlməsi Türk dünyasının güclənməkdə olan birliyinə heç də müsbət gələcək vəd etmir. Güclü komandanın, güclü siyasətçinin qələbəsi güclü Türkiyə deməkdir. Güclü Türkiyə isə mobil, qüdrətli türk birliyi deməkdir. Bu birliyi pozmaq istəyən qüvvələr bu gün var gücləriylə hərəkətə keçiblər. Türkiyə və onun liderinə qarşı daxildən və xaricdən edilən hücumların əsas məqsədlərindən biri məhz Türk dünyasının zəifləməsinə hesablanıb. Ümid edirəm ki, 14 mayda Türkiyə xalqı türk dünyasına qarşı oynanılan oyunu, təhlükəli ssenarini pozacaq, 14 may seçkilərindən sonra Türk dünyası daha da güclənəcək”.(apa)

Link kopyalandı!
Son xəbərlər