Xilaskar və unudulmaz dahi lider
Siyasət
7746
13 Apr 2023 | 14:39

Xilaskar və unudulmaz dahi lider

Azərbaycan xalqının tarixin bütün dövrlərində Heydər Əliyev kimi dahi övladı olmayıb. Bütün fəaliyyəti Azərbaycanla bağlı olan ulu öndər  xalqına təmənnasız xidmət göstərərək hər birimiz üçün nümunə olmuşdur.  Tanrının xalqımıza ən böyük hədiyyəsi olan Heydər Əliyev ümumbəşəri dəyər kimi dünyada qəbul olunan, şəxsiyyəti araşdırılan, hörmət və izzətlə xatırlanan liderdir. Xalqımızın xilaskar övladı olaraq əbədiyyət simvolu sayılan, ürəkləri fəth edən Heydər Əliyev kimi lider müasir dövrdə elə nadir hallarda tapılar ki, Vətənində xalq tərəfindən qədirbilənlik və şükranlıqla sevilsin, adı və soyadı çəkiləndə belə, hamı ayağa dursun, ona sevgisini hərəkətləri ilə ifadə etsin. Həqiqət onu diktə edir ki, əgər Heydər Əliyev olmasaydı, bu gün Prezident İlham Əliyevin lideri olduğu və tarixinin ən qüdrətli, yenilməz dövrünü yaşayan Azərbaycan da yox idi. Müstəqilliyin ilk illərində xalqımızın yaşadığı o ağır günlər elə də uzaq bir tarix deyil. O zamankı iqtidarın, meydan qəhrəmanlarının yarıtmaz daxili və xarici siyasəti nəticəsində  ölkə uçuruma yuvarlanmışdı. Respublikanı bürüyən xaos, özbaşınalıq, qanunların işləməməsi kriminogen vəziyyətin yaranmasına şərait yaratmış, ölkəni siyasi böhran bürümüşdu. Üstəlik, Qarabağ   müharibəsindəki uğursuzluqlar  torpaqlarımızın işğalı ilə nəticələnmiş, bundan başqa vətəndaş müharibəsi Azərbaycanı fəlakətlə üz-üzə qoymuşdu. Belə olan təqdirdə, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev  faciənin bir addımlığında olan ölkəni və  itirilmək təhlükəsində olan müstəqilliyimizi qorudu, bütün sədləri aşaraq Azərbaycanın xilaskarına, xalqın sevimlisinə çevrildi. Xalq kimin kim olduğunu ən ağır günündə tanıdı. 
 
Tarixə Azərbaycanın müstəqilliyini qorumaqla, ölkəni separatizm alovundan, daxili, xarici düşmənlərin caynağından xilas etməklə  Heydər Əliyev haqlı olaraq xalq tərəfindən çox sevilir. Vətəndaşı olduğumuz Azərbaycanda Heydər Əliyev hətta uşaqların belə  fenomen- lideri kimi ən doğma,  əziz insan olaraq qəbul olunur, onun dövlətçilik irsinin öyrənilməsinə xüsusi maraq göstərilir, sevgi ilə anılır.
 
Zəruri haşiyə:
 
1999-cu ilin aprel ayı idi. Bakının  Nərimanov rayonunda yerləşən 43 saylı BML- kompleksinin müəllim-şagird kollektivi Türkiyədən müalicədən qayıdan ulu öndəri qarşılamağa çıxmışdılar. İbtidai sinif şagirdlərinin sırasında kiçik qızım Günay da vardı.  Məktəblilər  o vaxtkı "Bağırov" körpüsünün yanında əllərində gül-çiçəklə unudulmaz Heydər Əliyevi gözləyirdilər. Şagirdlər durduqları yerdən xeyli aralaşaraq indiki Heydər Əliyev Mərkəzinin yanına gəlib çatmışdırlar. Hava küləkli olduğundan uşaqların başlarını örtür, su verirdim. Nəzarətçi müəllimlər xəbər verdilər ki, maşın karvanı gəlir. Bütün uşaqlar önə can atırdılar. Biz bayraqlarla kənarda seyrçi mövqedə dayanmışdıq. Ani olaraq səs-küy yarandı və maşınlar nəzərdə tutulduğu yerdə yox, qızımın durduğu yerdə dayandı. Bir anlıq nə baş verdiyini anlamağa çalışdıq. Hamı əl çalırdı, alqış səsləri bir-birinə qarışmışdı. Ulu öndər maşının qapısını açıb düşdü. Hər kəsi salamlayıb, yerində dura bilməyən, sevincindən var- gücü ilə qışqıran qızıma yaxınlaşdı və qızım onun ayaqlarına sarıldı.  Dahi lider Heydər Əliyev onun saçlarını oxşadı və üzündən öpdü. Bunlar elə ani baş verdi ki, yerimdən tərpənə bilmədim. Sakitcə seyr edirdim. Qızım gözü ilə məni axtararaq üstümə cumdu. Məni qucaqlayıb ucadan ağlamağa başladı və “Heydər baba məni öpdü” dedi. Biz evə gəldik. Böyük ailəmizdə bayram ab-havası yaşanırdı. Qızım əvvəlcə rayonda polisdə xidmət edən atasına, sonra da bütün qohumlara –tanışlara bu xəbəri verdi. Üzündə Heydər Əliyevin öpüşü, saçında sığalı olduğu üçün balaca Günay üç gün imkan vermədi ki, əlini-üzünü yuyaq. Çünki onda Heydər Əliyevin təravəti, ətri getməsin deyə…
 
İndi qızım həmin məktəbdə müəllim işləyir. Hər il ilk dərs günündə, ulu öndərin anım və doğum günündə həmin şirin xatirəsini uşaqlara sevgi ilə danışır, bu dahi Azərbaycan övladının ölkəmiz qarşısında xidmətlərini gənc nəslə aşılayır. 
 
Gələn ay, yəni  mayın 10-da xalqımızın böyük oğlu, müstəqil  Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkəmizdə  2023-cü il “Heydər Əliyev İli” elan olunub.  Düşünürəm ki, ulu öndərin xalqımızın milli sərvəti hesab edilən zəngin və çoxşaxəli irsini öyrənmək, gənc nəslə çatdırmaq hər birimizin şərəfli vəzifəsi olmalıdır. Xalqımızın rəmzinə çevrilmiş dahi  Heydər Əliyevin əziz xatirəsini yad etmək, onu sayqı və sevgi ilə anmaq müqəddəs amalımız olmaqla yanaşı, həm də vəfa borcumuzdur!
  Bir sözlə,  dövlətçilik tariximizdə, azərbaycançılıq məfkürəsinin yaranması və formalaşmasında silinməz izlər qoymuş Heydər Əliyev adı və imzası and yerimiz, istinad ünvanımızdır!
 
Tahirə Əsgərova, 
Binəqədi rayon qeydiyyat şöbəsinin rəisi
Link kopyalandı!
Son xəbərlər