“Sarsaqıstan” xəyalı və iki qardaşın arasında girmək cəhdi
Siyasət
3246
17 Feb 2023 | 14:08

“Sarsaqıstan” xəyalı və iki qardaşın arasında girmək cəhdi

Ermənistan tarixin bu mərhələsindən də bəhrələnmək istəyir. Daha da konkretləşdirsək, qonşunun faciəsindən, fəlakətindən. Tarixən bu sayaq davranıblar axı. Osmanlının kürəyinə xəncər saplamaqları, sonrakı dönəmlərdə himayədarlarından, əllərində maşaya çevrildikləri qüvvələrdən aldıqları təlimata uyğun şəkildə pisliklərindən qalmadıqları gerçəklik.
 
Fevralın 6-sınadək Türkiyənin 14 mayını gözlədiklərini açıq şəkildə deyir, yazırdılar. Zəlzələdən sonra “U dönüşü” etdilər, zəlzələ bölgəsinə xilasedicilər yolladılar, Azərbaycana qarşı sərsəm iddialarından bir gün də olsa, əl çəkməyən Ararat Mirzoyan özünü Ankaraya yetirdi, Çavuşoğlu ilə görüşdə “mələk libası”na büründü, sonra da zəlzələ bölgəsində yallandı. Türkiyə qos-qocaman dövlətdir və diplomatik etiketi nəzərə alıb Ermənistanın sinəsindən geri itələmədi, həm də dövlət siyasəti yenidən bu ölkəyə şans verməkdə qərarlıdır. Bu günlər erməni xilasedicilərin 8 yaşında bir türkiyəli uşağı dağıntılar altından çıxardıqlarını deməkdən usanmırlar. Təbii ki, bir nəfərin də xilası böyük hadisədir, hadisəni kiçiltmək niyyətindən uzağıq. Amma görəsən, bundan sonra, yəni Türkiyə-Ermənistan sərhədindəki Ani körpüsünün təmiri barədə razılaşma əldə olunmasının ardınca ermənilər yeni doğulan uşaqlarının qulağına yenə d ə “türk sənin düşmənindir”-deyəcəkmi, yoxsa bu əclaflığa, beyinlərin körpəlikdən, hətyta ana bətnindən zəhərlənməsinə son qoyacaqlar? Demək çətindir. Amma bu, olmayacaqsa, nə qədər körpülər qurulur-qurulsun, mənası yoxdur, ən uzağı erməni xisləti əqrəm misalı ilə paralel xatırlanacaq...
 
Ermənistanda hesab edirlər ki, zəlzələ müsibətini yaşayan Türkiyəyə doğru addım atmaqla bir neçə hədəfə çatacaqlar. Həm Türkiyənin siyasətinə təsir edə biləcəklər, neytrallaşdıracaqlar, həm də Azərbaycandan uzaq salmağı bacaracaqlar. Axı, hər zaman Türkiyənin Ermənistanla bağlı siyasətində Azərbaycan, Qarabağ məsələsi ön sırada olub. Həm də ümid edirlər ki, Bakı ilə Ankara arasında soyuqluq yarada biləcəklər. Bilmirəm ermənilərdə iki qardaş arasına girən yad elementin sonrakı taleyi barədə məşhur atalar misalı varmı? Yoxdursa, tərcümə edib yollamaq olar, oxusunlar, ağıllansınlar!
 
Təsadüfi deyil ki, Mirzoyan Mövlud Çavuşoğlu ilə Ankara görüşü zamanı qonşuluq münasibətləri ilə bağlı “zilə çıxanda” Türkiyənin baş diplomatı ona Azərbaycanı xatırlatdı. Yəni əgər Türkiyə ilə körpülərin atılmasında, bərpasında maraqlısınızsa, o halda Azərbaycanın təkliflərinə əməl edin. Yoxsa Türkiyə ilə münaisbətlərdən dəm vur, bu tərəfdən də Azərbaycanın yolladığı sülh təkliflərinə Qarabağla bağlı bənd əlavə elə! Buna sənin nə həddin? Kapitulyasiyayaya qol çəkmisən, qal, qaldığın yerdə, qalib ölkə nə təklif edirsə, “baş üstə” de! Türkiyəyə 27 xilasedici, 5-10 maşın “humanitar yük” yollamaqla elə zənn edirlər ki, bu ölkəni ram edə, hətta can qardaşından, qədər və kədər dostundan uzaqlaşdıra biləcəklər. Ararat Mirozyanla görüşdən sonra Mövlud Çavuşoğlunun Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefonla danışması da erməni siyasətinin yanıldığını bir daha təsdiqləyir. Ortada Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi var, iki qardaş ölkə siyasətini bir-biri ilə kordinasiya edir. Amma hətta bu sənəd olmasaydı belə, məsləhətləşmələr qaçılmaz idi. Necə ki, 1993-cü ildən bəri Türkiyə və Azərbaycan eyni sözü deyir, hay diplomatiyasının burnundan uzağı görməsi lazım.
 
Bunca baş verənlərdən sonra münasibətlərin heç nə olmamış kimi bərpası təbii ki, mümkün deyil. Bu yazını Qaradağlı soyqırımının ildönümündə yazıram. 1992-ci ildə erməni hərbi birləşmələri ilə Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin birgə törətdiyi dəhşətli hadisələrdən 31 il keçir. Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub. Əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib, ardınca da onlardan bəzilərinin başı kəsilib! Qaradağlı hələ də ermənilərin tapdağı altındadır. Qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Fəlakətin miqyası daha böyük...Şəhidləri Xiyabanında Xocalıdan olan 5 yaşlı uşaq məzarı var, adı, soyadı naməlum...Yəqin ki, bütün nəslini kəsiblər. Türkiyədə dağıntılar altından uşaq xilas etməsindən fərəhlənən ermənilər səmimidirlərsə, nəhayət, ümumilikdə Türkə, Türkiyə və Azərbaycana qarşı tarixən etdikləri pisliklərə, saxta iddia və ittihamlara, törətdikləri cinayətlərə görə ÜZR İSTƏMƏLİDİRLƏR!!! Qarabağın işğalı dövründə o qədər azərbaycanlı uşağı qətlə yetirdilər ki...Hələ atəşkəs zamanı: 9 yaşlı Fariz, 2 yaşlı Zəhra...Onlar ki, döyüşmürdülər, səngərdə deyildilər, həyətlərində uşaq həyatlarını yaşayırdılar. Bütün bunların cavabı verilmədən sülhdən danışmaq...oyunbazlıqdır, saxtakarlıqdır! Bütün cinayətlərin sonunda bir üzrxahlıq məqamı olur ən azı...
 
1918-ci ildə ermənilər maşa siyasətinə alət olub, Azərbaycan torpaqlarında “Hayastan” qazandılar. O vaxta qədər hətta Ermənistanın böyük bacısı Fransanın arxivlərində Ermənistan adı yox idi, İrəvan Azərbaycan idi. O dönəmlərdə Qərbin iri oyunçuları Qafqazlardsa min hoqqalardan çıxdılar, Türkiyəni bölgədən çıxartdılar və son nəticədə Zəngəzurun da Ermənistana hədiyyə olunmasına nail oldular, üstəlik SSRİ ilə ortaqlıqda Qarabağdakı bir ovuc erməniyə muxtariyyat aldılar.
 
Bu günlər ermənilər yenə də qərbdəki havadarlarından təlimat, dəstək alırlar. Məqsədləri Türkiyənin öz qayğılarına başının qarışmasından istifadə edib, Xankəndi və ətrafdakı 25 minlik hay tayfasına növbəti bir status “Sarsaqıstan”qazandırmaqdır. Elə hesab edirlər ki, tarix təkrar olunacaq. Yanılırlar. Nə Türkiyə Birinci Dünya Müharibəsindən məğlub çıxan ölkədir, nə də Azərbaycan həmin Azərbaycandır!
 
Elşad Paşasoy,
Musavat.com
 
Link kopyalandı!
Son xəbərlər